İraqda prezident seçkiləri 27 yanvara təyin edilib
İraqda prezident seçkiləri ölkənin Nümayəndələr Şurasında (parlamentdə) 27 yanvar 2026-cı il tarixində keçiriləcək.
Day.Az xəbər verir ki, bu barədə INA informasiya agentliyi İraq parlamentinin sədri Heybət əl-Həlbusiyə istinadən məlumat verib.
"Respublika prezidentinin seçilməsi ilə bağlı parlament iclası yaxın çərşənbə axşamına, 27 yanvara təyin olunub", - deyə əl-Həlbusi bildirib.
İraq dövlət başçısı postuna namizədlərin yekun siyahısında 19 nəfərin adı yer alır. Namizədlər arasında hazırkı İraq prezidenti Əbdül Lətif Rəşid də var. O, namizədliyini şəxsi qaydada irəli sürüb. Siyahıda həmçinin Kürdüstan Demokrat Partiyasının dəstəklədiyi hazırkı xarici işlər naziri Fuad Hüseyn də yer alır.
2025-ci ilin sonunda İraq parlamenti əl-Həlbusini Nümayəndələr Şurasının sədri seçib. Ölkə konstitusiyasına əsasən, bundan sonrakı 30 gün ərzində deputatlar respublika prezidentini seçməlidirlər. Prezident isə İraqın baş naziri postuna namizəd irəli sürmək üçün ən böyük koalisiyaya tapşırıq verməlidir. Dünən isə İraqın şiə blokları və partiyalarının əksəriyyətinin nümayəndələrini birləşdirən Koordinasiya Şurası ölkənin yeni hökumətinin başçısı vəzifəsinə namizəd kimi Nuri əl-Malikinin irəli sürüldüyünü rəsmi şəkildə elan edib. O, daha əvvəl 2006-cı ilin mayından 2014-cü ilin avqustuna qədər baş nazir vəzifəsini tutub.
İraq konstitusiyasında qeyd olunur ki, ölkədə prezident postunu iraqlı kürd, baş nazir vəzifəsini müsəlman-şiə məzhəbinin nümayəndəsi, parlament sədri vəzifəsini isə iraqlı müsəlman-sünni icmasının nümayəndəsi tutmalıdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре