Ən ucuz mənzillər Azərbaycanın bu şəhərlərində satılır

Paytaxtda əhali sıxlığı, iş imkanları, universitetlər, dövlət və özəl sektorun əsas hissəsinin burada cəmlənməsi daşınmaz əmlaka tələbatı çox artırır.

Buna görə də Bakıda mənzil qiymətləri uzun illərdir ki, ölkə üzrə ən bahalıdır. Hazırda Bakıda köhnə tikililərdə mənzillərin 1 kvadrat metri orta hesabla 1 700-2 200 manat, yeni tikililərdə isə yerləşmədən asılı olaraq 2 200-3 500 manat, mərkəzi ərazilərdə bəzən daha da yüksəkdir.

Bəs bölgələrdə vəziyyət necədir?

Bakını çıxsaq, ən baha mənzillər əsasən böyük şəhərlərdə və Bakı ətrafında yerləşir. Məsələn, Sumqayıt Bakıya yaxınlığına görə bölgələr arasında ən bahalı bazarlardan biridir. Burada köhnə tikililərdə kvadratmetr təxminən 1 200-1 500 manat, yeni binalarda isə 1 500-2 000 manat civarındadır. Xırdalan da oxşar vəziyyətdədir: Bakıya yaxın olduğu üçün tələbat yüksəkdir və yeni tikililərdə orta qiymət 1 400-1 800 manat arasında dəyişir.

Bölgələrdə ən böyük şəhər olan Gəncə də qiymət baxımından ön sıralardadır. Gəncədə mərkəzi hissələrdə mənzillərin 1 kvadrat metri orta hesabla 1 100-1 500 manat, kənar ərazilərdə isə 800-1 000 manat civarındadır. Naxçıvan şəhərində isə torpaq və mənzil bazarı məhdud olduğu üçün qiymətlər nisbətən yüksək qalır; burada mənzillərin kvadratmetri təxminən 1 200-1 600 manat aralığındadır.

Turizm şəhərləri olan Şəki və Qubada qiymətlər Bakı ilə müqayisədə ucuzdur, amma bir çox digər bölgələrlə müqayisədə bahadır. Bu şəhərlərdə mərkəzə yaxın mənzillərin kvadratmetri orta hesabla 800-1 200 manat təşkil edir. Turizm mövsümündə kirayə bazarı aktiv olduğu üçün bu, satış qiymətlərinə də təsir göstərir.

Digər şəhərlərdə vəziyyət isə nisbətən daha sakit və əlçatan hesab olunur. Mingəçevir, Şirvan, Yevlax, Lənkəran, Masallı kimi orta ölçülü şəhərlərdə daşınmaz əmlaka tələbat əsasən yerli əhali ilə məhdudlaşır, böyük miqrasiya və ya investisiya axını olmadığı üçün qiymətlər də daha aşağı qalır. Bu şəhərlərdə köhnə tikililərdə mənzillərin 1 kvadrat metri orta hesabla 600-800 manat, yeni tikililərdə isə təxminən 800-1 100 manat civarındadır. Mərkəzə yaxınlıq və infrastrukturun səviyyəsi qiymətə bir qədər təsir göstərə bilir.

Daha kiçik şəhər və rayon mərkəzlərində - məsələn, Tovuz, Ağcabədi, Bərdə, Göyçay, Zaqatala, Qazax kimi yerlərdə isə mənzil bazarı daha zəifdir. Burada alqı-satqı əsasən ehtiyac məqsədli olur və qiymətlər çox vaxt aşağı səviyyədə qalır. Bu ərazilərdə mənzillərin kvadratmetri adətən 500-700 manat, bəzi hallarda isə bundan da ucuz olur. Yeni tikililər az olduğu üçün bazarda əsasən köhnə binalar və həyət evləri üstünlük təşkil edir.

Orta statistik olaraq bölgə şəhərlərində mənzillərin 1 kvadrat metri 700-1 200 manat arasında dəyişir. Qiymətə ən çox təsir edən amillər şəhərin böyüklüyü, iqtisadi aktivliyi, Bakıya yaxınlığı və turizm potensialıdır.

Elvin Səxavətoğlu
Day.Az