Minimum əmək haqqı ilə bağlı ŞAD XƏBƏR

Xəbər verdiyimiz kimi, Azərbaycanda ildə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq.

Bu barədə məlumat, Prezident İlham Əliyevin Əmək Məcəlləsi haqqında Qanuna etdiyi dəyişiklikdə öz əksini tapıb.  

Qanuna əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Məlumdur ki Azərbaycanda minimum əmək haqqı mütəmadi olaraq artırılır.

Fərmanın detalları barədə Day.Az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki,  əmək məcəlləsinə edilən dəyişiklik minimum əmək haqqının məbləğinin hər il artırılacağı demək deyildir.

"Bu, sadəcə minimum əmək haqqının həddinin müəyyən edilməsini, hər il baxılmasını, minimum bir dəfə baxılmasını ehtiva edir. Bu prosesin dövrlüyünü sürətləndirir. Bunun başlıca səbəbi, rəsmi şəxslərin də bildirdiyi kimi, mövcud olan zərurətdir. Bu zərurət nədir? Dünya Bankı qrupunun biznes hesabatında qanunvericiliyin minimum əmək haqqının dövrü yenilənməsini məcburi edən bir kontekst vardır. Bu kontekstdən doğaraq dəyişikliyin edilməsi vacibdir. Bir müddət əvvəl Milli Məclisdə müvafiq komitə sədri tərəfindən açıqlama verilmişdir. Əmək haqqının məbləğinin müəyyən edilməsində bu dövrlüyün, sürətinin artırılması, qanunvericilikdə nəzərdə tutulması çox önəmlidir. Bu qanunvericilikdə nəzərdə tutulduqda Dünya Bankının beynəlxalq işçi qüvvəsi reytinqində Azərbaycanın mövqeyi yüksəlmiş olur."

Minumum əmək haqqı hər il bir neçə dəfə artırılacaq?

Eldəniz Əmirov deyib ki, əmək haqqına il ərzində bir-iki dəfədən artıq baxılacaq.

"Düşünürəm ki, qanunvericilikdə ən azı bir dəfə deyil, üç, dörd, beş dəfə baxıla bilər. Real mənzərə bir dəfə baxılacaqdır. Baxılandan sonra nəticə nə olacaq? Bu açıq sualdır. Ümumiyyətlə, hər il bir dəfə baxılacaq və böyük ehtimal ki, ildə bir dəfə, heç olmasa minimal səviyyədə bu artım təyin ediləcəkdir. Əvvəlki illərdə ildə iki dəfə müəyyən edilirdi. Mövcud qanunvericiliyin təsdiqindən sonra, ildə bir dəfə baxıldıqdan sonra ən azı inflyasiya göstəricisinə yaxın bir formada indeksasiya baş verəcəkdir."

İqtisadçı bildirib ki, burada başlıca səbəb insanların real gəlirlərinin qorunmasıdır.

"Başlıca səbəb odur ki, sosial rifah öz balansında saxlanılsın. Eyni zamanda ölkənin iqtisadi reytinqinin beynəlxalq standartlara yaxınlaşdırılması da mühüm amildir. Səbəbləri çox saya bilərik, amma bütün hallarda əsas nəticə ondan ibarətdir ki, hazırkı vəziyyətdə minimum əmək haqqı hər il avtomatik artmasa da, baxılması prosesi artıq qanuni müstəvidə öz təsbitini tapır."

Elvin Səxavətoğlu
Day.Az