İlk yarımildə qanunsuz miqrasiyaya görə 4852 əcnəbi saxlanılıb

2026-cı ilin birinci yarısında Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 4852 əcnəbi saxlanılıb.

Day.Az xəbər verir ki, bu barədə məlumat Dövlət Miqrasiya Xidmətinin rəsmi saytında dərc edilib.

Xidmətdən bildirilib ki, saxlanılan şəxslərin ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan yaşadıqları, ölkəyə gəlişlərinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olduqları, qanunsuz əmək fəaliyyətinə cəlb edildikləri və ya qeydiyyatda olduqları ünvanda yaşamadıqları müəyyən edilib.

Ümumilikdə, 2026-cı ilin ilk altı ayında əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər inzibati hüquq pozuntuları ilə bağlı 9757 inzibati qərar qəbul olunub.

Məlumata görə, miqrasiya qanunvericiliyini pozan 850 əcnəbi inzibati qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılıb və onların ölkəyə girişinə qanunla müəyyən edilmiş müddətə məhdudiyyət tətbiq edilib. Digər şəxslərin isə ölkədə yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.

Hesabat dövründə qanunsuz miqrasiyanın təşkilinə dair 4 fakt da aşkarlanıb. Araşdırmalar zamanı əcnəbilərin müxtəlif məqsədlərlə ölkəyə gətirildikdən sonra qanunsuz yollarla iş və müvəqqəti yaşamaq üçün icazə vəsiqələri ilə təmin edilməsinə cəhdlər edildiyi müəyyənləşdirilib. Həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.