Azərbaycanın iqtisadi artım proqnozları açıqlanıb
2027-ci ilə makroiqtisadi siyasət prioritetlərini müəyyən edərkən qlobal və daxili iqtisadi mühitdə gözlənilən meyillər nəzərə alınmalıdır.
Day.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozlarına əsasən, 2027-ci ildə qlobal iqtisadi artım 3.4% təşkil edəcək ki, bu da 2000-2019-cu illər üzrə tarixi orta göstərici olan 3.7%-dən aşağıdır:
"Qlobal inflyasiyanın isə əvvəlki proqnozla müqayisdə 0.2 faiz bəndi artırılaraq - 4.1% olacağı gözlənilir. Qlobal iqtisadi mühitdə qeyri-müəyyənliklər və çağırışlar qalmaqda davam etsə də, Azərbaycanın iqtisadi artım perspektivləri nikbindir. Mərkəzi Bankın oktyabr proqnozlarına görə 2027-ci ildə ölkədə ÜDM-in 2.3%, qeyri-neft-qaz ÜDM-in isə 4.3% artacağı gözlənilir.
Növbəti ildə xarici sektor üzrə əlverişli mövqenin qorunacağı, cari əməliyyatlar hesabının profisitinin 5.4 mlrd. ABŞ dolları olacağı proqnozlaşdırılır. Bu, valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İllik inflyasiyanın hədəf daxilində olacağı gözlənilir. Mərkəzi Bankın baza ssenarisi üzrə oktyabr proqnozlarına əsasən, illik inflyasiyanın 2027-ci ilin sonunda 5.9% səviyyəsində qərarlaşacaq".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре