https://news.day.az/azerinews/1872055.html Kürün taleyi təhlükədədir: yayda quraqlıq, qışda daşqın olacaq İqlim dəyişikliyi Kür çayı hövzəsində temperaturun yüksəlməsinə, yay aylarında yağıntıların azalmasına, eləcə də daşqın, torpaq sürüşməsi və sel risklərinin artmasına səbəb olacaq.

Kürün taleyi təhlükədədir: yayda quraqlıq, qışda daşqın olacaq

Azərbaycanca, 4 ноября 2026 18:03 (UTC +04:00) 220
Kürün taleyi təhlükədədir: yayda quraqlıq, qışda daşqın olacaq

İqlim dəyişikliyi Kür çayı hövzəsində temperaturun yüksəlməsinə, yay aylarında yağıntıların azalmasına, eləcə də daşqın, torpaq sürüşməsi və sel risklərinin artmasına səbəb olacaq.

Bu proqnozlar Asiya İnkişaf Bankının (AİB) "Buzlaqlardan fermalara kimi: iqlim risklərinin və potensialın qiymətləndirilməsi və tövsiyələr" adlı hesabatında əksini tapıb.

Tədqiqata əsasən, 2035-ci ilədək Kür hövzəsində qış temperaturu təxminən 1°C, 2085-ci ilədək isə 5°C-yə qədər yüksələ bilər.

Bununla yanaşı, payız və qış aylarında yağıntıların miqdarının cüzi artacağı, yaz və yay aylarının isə daha quraq keçəcəyi gözlənilir. Yay aylarında temperatur 5°C-yə qədər yüksələ, yağıntıların miqdarı isə 20%-dək azala bilər.

"Hesabatda qeyd olunur ki, bu cür iqlim dəyişiklikləri Gürcüstan ərazisində torpaq sürüşmələri, qəfil daşqınlar və sel axınları, eləcə də buzlaq göllərinin yarılması ehtimalını artıra bilər. Bundan əlavə, qış aylarında qar örtüyünün üzərinə yağış yağması hallarının daha tez-tez baş verməsi daşqın riskini daha da yüksəldə bilər.

Sənəddə bildirilir ki, Kür hövzəsində buzlaqların geri çəkilməsi geniş yayılmış prosesdir. Bu ərazi üçün qar örtüyünün qeyri-sabit olduğu kiçik buzlaqlar da xarakterikdir. Yayın sonlarında su axını əsasən qarın əriməsi hesabına təmin olunur. Bununla yanaşı, çoxillik donuşluq sahələri məhdud əraziləri əhatə edir.

Tədqiqat Mərkəzi və Qərbi Asiyada su ehtiyatları və kənd təsərrüfatı məhsuldarlığı üçün iqlim risklərinin qiymətləndirilməsinə yönəlmiş "Glaciers to Farms" (G2F) proqramı çərçivəsində aparılıb.

 

Yaşıl İqlim Fondunun (GCF) dəstəyi ilə AİB dörd pilot çay hövzəsində - Kür, Narın, Pənc və Svat hövzələrində buzlaqların əriməsi ilə bağlı riskləri qiymətləndirib.

Tədqiqatın əsasını dağlıq və düzənlik ərazilərdə temperaturun, yağış və qar şəklində yağıntıların məkan və zaman üzrə dəyişikliklərini müəyyən etməyə imkan verən 40 illik meteoroloji məlumatların təhlili təşkil edib.

G2F proqramı AİB-nin ölkələr üzrə mövcud iqlim riskləri qiymətləndirmələrini tamamlamağı, buzlaqların sürətlə geri çəkildiyi şəraitdə uzunmüddətli su təhlükəsizliyinin və kənd təsərrüfatının dayanıqlılığının gücləndirilməsinə töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, Kür çayı Cənubi Qafqazın ən böyük çayıdır. Onun ümumi uzunluğu 1 515 kilometr təşkil edir. Bunun 906 kilometri Azərbaycan ərazisindən keçir. Çayın hövzəsinin sahəsi 188 min kvadratkilometrdir.

Kür çayı Türkiyənin Qars vilayətində, Qızılgədik dağının şimal-şərq yamacında, 2 740 metr yüksəklikdən başlayır. Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərindən keçən çay Xəzər dənizinə tökülür.

Kürün su ehtiyatları bir neçə mənbə hesabına formalaşır: 36 faizi qar sularının, 30 faizi yeraltı suların, 20 faizi yağış sularının, 14 faizi isə buzlaqların əriməsi nəticəsində yaranan suların payına düşür.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости