Qarabağ Dirçəliş Fondu 2027-ci ildə üç şəhərdə icarə obyektlərinin tikintisinə başlayacaq
Qarabağ Dirçəliş Fondu 2027-ci ildə Ağdam, Cəbrayıl və Füzulidə sahibkarlara icarəyə verilməsi nəzərdə tutulan obyektlərin tikintisinə başlamağı planlaşdırır.
Bu barədə Trend-ə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakıda keçirilən "AIREX 2026" Beynəlxalq Daşınmaz Əmlak Sərgisinin kuluarlarında bildirib.
Onun sözlərinə görə, layihə ölkə rəhbərliyinin tapşırığı əsasında Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birgə həyata keçirilir. Sahibkarlar üçün xüsusi sahələrin yaradılması Ağdam Sənaye Parkında, Cəbrayıldakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında, eləcə də Füzuli şəhərində nəzərdə tutulub.
"Burada söhbət fiziki binalardan gedir. Həmin binalar sonradan İqtisadi Zonaların İnkişafı Agentliyinin iştirakı ilə və Qarabağ Dirçəliş Fondunun sifarişi əsasında xüsusi şərtlərlə sahibkarlara icarəyə veriləcək.
Hazırda layihə şirkətləri ilə görüşlər keçirilir. Müvafiq ekspert qiymətləndirmələri aparıldıqdan və tender prosedurları başa çatdıqdan sonra layihələrin icrasına başlanılacaq.
İlkin hesablamalar hələlik layihələrin dəqiq dəyərini açıqlamağa imkan vermir, lakin hər bir obyekt üzrə söhbət bir neçə milyon manatdan gedir.
Bu il ərzində layihələndirmə işlərinə başlamağı planlaşdırırıq. Ümid edirik ki, gələn il bu mərhələni başa çatdıraraq tikinti işlərinə başlayacağıq", - deyə o əlavə edib.
Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, onların dayanıqlı iqtisadiyyata və yüksək rifah səviyyəsinə malik regiona çevrilməsi tədbirlərinə maliyyə dəstəyi göstərmək məqsədilə fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Fondun vəzifələrinə, həmçinin investisiyaların cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafına dəstək göstərilməsi, eləcə də həyata keçirilən işlərlə bağlı ölkə daxilində və xaricində məlumatlandırma, maarifləndirmə fəaliyyəti və zəruri informasiya tədbirlərinin təşkili daxildir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре