https://news.day.az/azerinews/1873396.html Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirmə əməliyyatını həyata keçirib Türk İnvestisiya Fondu (TIF) "Şekerbank T.A.Ş."yə verilən beynəlxalq sindikatlaşdırılmış kreditə qoşularaq Fondun təsisçi üzv dövləti olan Türkiyədə ilk maliyyələşdirmə əməliyyatını həyata keçirib. Bu barədə fondun mətbuat açıqlamasında qeyd olunub.

Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirmə əməliyyatını həyata keçirib

Azərbaycanca, 10 ноября 2026 12:23 (UTC +04:00) 247
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirmə əməliyyatını həyata keçirib

Türk İnvestisiya Fondu (TIF) "Şekerbank T.A.Ş."yə verilən beynəlxalq sindikatlaşdırılmış kreditə qoşularaq Fondun təsisçi üzv dövləti olan Türkiyədə ilk maliyyələşdirmə əməliyyatını həyata keçirib.

Bu barədə fondun mətbuat açıqlamasında qeyd olunub.

Türk İnvestisiya Fondu kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta müəssisələrin maliyyə vəsaitlərinə çıxışını genişləndirmək, qadın sahibkarları dəstəkləmək, dayanıqlı kənd təsərrüfatını və yaşıl investisiyaları təşviq etmək məqsədilə Niderland Sahibkarlığın İnkişafı Bankının (FMO) təşkil etdiyi 170 milyon ABŞ dolları məbləğində beşillik maliyyələşdirmə çərçivəsində 10 milyon ABŞ dolları ayırmağı öhdəsinə götürüb.

Fondun öhdəliyi "Şekerbank"ın inklüziv və dayanıqlı bankçılıq fəaliyyətini dəstəkləmək üçün FMO-nun təşkil etdiyi beşillik prioritetli kredit xəttinin bir hissəsidir. Ümumilikdə yeddi iştirakçıdan ibarət olan kredit sindikatı, inkişafın maliyyələşdirilməsi üzrə beynəlxalq qurumları və təsiryönümlü investorları bir araya gətirir. Sindikatda Türk İnvestisiya Fondu ilə yanaşı FMO, Fransa İnkişaf Agentliyi (AFD) qrupunun özəl sektorun maliyyələşdirilməsi üzrə qurumu olan Proparco, Avstriya Respublikasının İnkişaf Bankı (Oesterreichische Entwicklungsbank AG, OeEB), Finlandiyanın Sənaye Əməkdaşlığı Fondu (Finnfund), BlueOrchard Mikromaliyyə Fondu (BOMF) və responsAbility Investments AG iştirak edir.

 

"Şekerbank" 1953-cü ildə Əskişəhərdə şəkər çuğunduru kooperativlərinə üzv olan fermerlərin yığımları hesabına yaradılıb. Baş ofisi İstanbulda yerləşən və səhmləri Borsa İstanbulda alınıb-satılan bank 68 vilayətdə 239 filialla fəaliyyət göstərir. "Şekerbank" cəlb etdiyi vəsait hesabına kənd yerlərində fəaliyyət göstərən və transsərhəd ticarət və xidmətlərlə məşğul olan mikro, kiçik və orta müəssisələrə, qadınlara məxsus və ya qadınların rəhbərlik etdiyi müəssisələrə, eləcə də dayanıqlı kənd təsərrüfatı və yaşıl keçid sahələrində investisiya layihələrinə kredit verəcək.

Türk İnvestisiya Fondunun baş direktoru Ramil Babayev bu kreditlə Türkiyədə ilk maliyyələşdirmə əməliyyatının həyata keçirildiyinə diqqət çəkib:

""Şekerbank"la əməkdaşlıqdan məmnunuq. Bankın 73 illik bankçılıq təcrübəsi və kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta müəssisələri geniş əhatə etməsi bu əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Bu əməliyyatda iştirakımız Fondun mandatının iki əsas istiqamətini bir araya gətirir. Bunlar maliyyə inklüzivliyi vasitəsilə özəl sektorun inkişafı və regional iqtisadi inteqrasiyadır. Fondun ayırdığı vəsait üzv dövlətlərimizdəki tərəfdaşlarla transsərhəd ticarət və xidmət fəaliyyəti həyata keçirən, biznesini genişləndirən və ya birgə müəssisələr yaradan "Şekerbank" müştəriləri üçün nəzərdə tutulub. Bu ortaq məqsədlərə sadiqliyinə görə "Şekerbank"a, kredit sindikatını formalaşdırdığına görə isə FMO-ya təşəkkür edirik".

Qeyd edək ki, Türk İnvestisiya Fondu (TIF) Türk dünyasında iqtisadi əməkdaşlığı gücləndirmək, regiondaxili ticarəti artırmaq və dayanıqlı inkişafı dəstəkləmək məqsədilə türk dövlətlərinin birgə yaratdığı ilk beynəlxalq maliyyə institutudur. Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qərarı ilə yaradılan Fond mikro, kiçik və orta müəssisələrin dayanıqlı inkişafı və maliyyə inklüzivliyi, fiziki və rəqəmsal infrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı, nəqliyyat və logistika, eləcə də transsərhəd ticarət kimi prioritet sahələrdə layihələri maliyyələşdirir. Fond öz mandatını həyata keçirərkən aparıcı çoxtərəfli inkişaf bankları və inkişafın maliyyələşdirilməsi üzrə qurumlarla birgə maliyyələşdirmə və birgə investisiya mexanizmlərindən fəal istifadə edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости