İşsizlikdən Sığorta Fondunun debitor borcları 47,3% artıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) debitor borcları 2025-ci ilin əvvəlindən 2026-cı il iyulun 1-dək 3,18 milyon manat və ya 47,3%, kreditor borcları isə 1,8 milyon manat və ya 43,2% artıb.
Bu barədə Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi rəydə bildirilib.
Rəydə qeyd olunub ki, debitor və kreditor borclarının artım dinamikası və strukturunda müşahidə olunan dəyişikliklər Fondun gəlirlərinin vaxtında və tam formalaşmasına təsir göstərə biləcək risk amilidir. Bu baxımdan borcların yaranma səbəblərinin və strukturunun müntəzəm qiymətləndirilməsi, eləcə də həmin göstəricilərin gələcək dövrlər üzrə gəlir proqnozlarında nəzərə alınması vacibdir.
Hesablama Palatasının Dövlət Vergi Xidmətindən əldə etdiyi məlumatlara əsasən, 2025-ci ilin əvvəlində Fondun kreditor borcları 4 milyon 154,3 min manat təşkil edib. 2026-cı il iyulun 1-nə bu göstərici 5 milyon 949,7 min manata çatıb. Beləliklə, kreditor borclar 1 milyon 795,4 min manat və ya 43,2% artıb.
Debitor borclar isə müqayisə olunan dövrdə 3 milyon 181,5 min manat və ya 47,3% yüksəlib.
Rəydə bildirilib ki, 2026-cı ilin birinci yarısının sonuna Fondun debitor borclarının 61,6%-i əsas borcdan, 38,4%-i isə hesablanmış faiz və maliyyə sanksiyaları üzrə yaranmış borclardan ibarət olub.
2026-cı il iyulun 1-nə debitor borcların sığortaedənlərin kateqoriyaları üzrə bölgüsü də açıqlanıb.
Belə ki, büdcə təşkilatlarının borcu 162,7 min manat və ya ümumi debitor borcların 1,6%-ni, əsas iri sığortaedənlərin borcu 2 milyon 375,7 min manat və ya 24%-ni təşkil edib.
Dövlət mülkiyyətində olan digər təşkilatların borcu 1 milyon 531 min manat (15,5%), bələdiyyə mülkiyyətində olan təşkilatların borcu 116 min manat (1,2%), digər hüquqi şəxslərin borcu 4 milyon 717,6 min manat (47,6%), fiziki şəxslərin borcu isə 1 milyon 0,5 min manat (10,1%) olub.
Palatanın təhlilinə əsasən, debitor borcların strukturunda ən böyük pay digər hüquqi şəxslərin payına düşür.
Kreditor borcların 62,7 faizi digər hüquqi şəxslərlə bağlıdır
Hesablama Palatası kreditor borcların strukturunu da təhlil edib və artımın əsas hissəsinin digər hüquqi şəxslər üzrə formalaşdığını bildirib.
Belə ki, 2026-cı il iyulun 1-nə digər hüquqi şəxslərin payına ümumi kreditor borcların 62,7%-i düşüb.
Rəydə, həmçinin 2025-ci ilin əvvəli ilə müqayisədə həmin ilin sonuna sığortaedənlərin Fonda borclarının 1,3 dəfə artaraq 9 milyon 25,8 min manata çatdığı qeyd olunub.
Həmin borcların 84 min manatı (0,9%) büdcə təşkilatlarının, 2 milyon 537,4 min manatı (28,1%) iri sığortaedənlərin, 1 milyon 366,1 min manatı (15,1%) dövlət mülkiyyətində olan digər təşkilatların, 129,8 min manatı (1,4%) bələdiyyə mülkiyyətində olan təşkilatların, 4 milyon 14,8 min manatı (44,5%) digər hüquqi şəxslərin, 893,6 min manatı (9,9%) isə fiziki şəxslərin payına düşüb.
2026-cı ilin əvvəli ilə müqayisədə cari ilin ilk yarısının sonunda sığortaedənlərin Fonda borcları daha 877,8 min manat və ya 9,7% artıb.
Bu dövrdə borcların ən yüksək nisbi artımı büdcə təşkilatları üzrə qeydə alınıb. Həmin kateqoriya üzrə borclar 93,7% yüksəlib. Mütləq ifadədə isə ən böyük artım digər hüquqi şəxslər üzrə müşahidə olunub.
Hesablama Palatası büdcə təşkilatlarının da Fond qarşısında debitor borclarının olmasını ayrıca risk amili kimi qiymətləndirib.
Rəydə bildirilib ki, işsizlikdən sığorta haqlarının büdcə təşkilatları tərəfindən hesablanması və ödənilməsi mexanizmi belə borcların yaranması imkanlarını tam məhdudlaşdırmalı olduğu halda, bu kateqoriya üzrə borcların qeydə alınması Dövlət Vergi Xidməti və Fond tərəfindən qarşılıqlı araşdırmaların aparılmasını, eləcə də müvafiq inzibati alətlərin tətbiqini zəruri edir.
Palatanın qiymətləndirməsinə görə, Fondun kreditor borcları sığortaedənlərin təqdim etdiyi hesabatlar üzrə hesablanmış məbləğdən artıq vəsaitin ödənilməsi nəticəsində yaranır. Bu borcların artması Fondun müvafiq mənbə üzrə büdcə gəlirlərinin faktiki daxilolmalarla tam uyğunluğunun təmin edilməsinə təsir göstərir.
Eyni zamanda, növbəti dövrlərdə həmin artıq ödənişlər həcmində gəlirlərin azalması riskini artırır.
"Debitor və kreditor borclarının Fondun faktiki və gələcək gəlirlərinin formalaşmasına təsiri nəzərə alınmaqla, onların məbləğinin və strukturunun qiymətləndirilməsi, habelə bu göstəricilərin növbəti dövrlər üzrə gəlir proqnozlarının formalaşdırılması zamanı nəzərə alınmasının zəruriliyi barədə qənaətə gəlinmişdir", - deyə rəydə vurğulanıb.
Hesablama Palatası, həmçinin qeyd edib ki, Fondun büdcə layihəsinə dair izahatda debitor və kreditor borclarda baş vermiş dəyişikliklərin səbəbləri açıqlanmayıb. Buna görə də qiymətləndirmə müvafiq göstəricilərin təhlili əsasında aparılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре