Ermənistan Konstitusiyasında nələr dəyişir? – 8 əsas yenilik
Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini bu gün ictimaiyyətə təqdim edib. Paşinyan bununla bağlı xalqa müraciət edərək Konstitusiya dəyişikliyini doğuran səbəblər barədə də geniş açıqlama verib.
Ermənistanın yeni Konstitusiya layihəsində seçki hüquqlarının yenilənməsi, vətəndaşlıqdan məhrumetmə qaydalarının dəyişdirilməsi, prezident və parlamentin səlahiyyətlərinin yenidən müəyyənləşdirilməsi, eləcə də siyasi partiyaların fəaliyyətinə nəzarətin gücləndirilməsi nəzərdə tutulur.
Day.Az xəbər verir ki, bu barədə "Armenia Today" nəşri Ermənistanın yeni Konstitusiya layihəsini hazırkı Konstitusiya ilə müqayisə edərək əsas fərqləri açıqlayıb.
Məlumata görə, layihədən Ermənistanın 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad çıxarılıb.
Layihəyə əsasən, parlament seçkilərində və referendumlarda iştirak etmək istəyən vətəndaş səsvermədən əvvəlki 2 il ərzində ən azı 1 il Ermənistanda daimi yaşamalıdır.
Yeni Konstitusiya layihəsi konstitusiya quruluşunun əsaslarına və ya dövlətin təhlükəsizliyinə qarşı cinayətlər törətmiş şəxslərin məhkəmə qərarı ilə Ermənistan vətəndaşlığından məhrum edilməsinə imkan yaradır.
Hazırkı Konstitusiyaya əsasən isə Ermənistan vətəndaşının vətəndaşlıqdan məhrum edilməsi qadağandır.
Layihəyə görə, siyasi partiyalar yalnız vətəndaşların ianələri və qanunla nəzərdə tutulmuş hallarda dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşə biləcəklər.
Konstitusiya Məhkəməsi partiyaların fəaliyyətini qadağan etmək səlahiyyətinə malik olacaq. Bu, o cümlədən dövlət müstəqilliyindən imtinanın təbliği və xarici mənbələrdən maliyyələşmə hallarında mümkün olacaq.
Layihədə prezidentliyə namizədlər üçün minimum yaş həddinin 40-dan 35-ə endirilməsi nəzərdə tutulur. Eyni zamanda, dövlət başçısının səlahiyyətlərinin genişləndirilməsi təklif olunur.
Parlamentə isə ayrı-ayrı nazirlərə və digər vəzifəli şəxslərə etimadsızlıq göstərmək, həmçinin deputatların beşdə üç səsinin dəstəyi ilə özünü buraxmaq qərarı qəbul etmək imkanı veriləcək.
Yeni layihəyə əsasən, Konstitusiyanın referendumda qəbul edilməsi üçün tələb olunan minimum dəstək həddi referendumda iştirak etmək hüququ olan vətəndaşların dörddə birindən üçdə birinə qaldırılır.
Bununla yanaşı, Konstitusiyanın qəbul edilməsi üçün səsvermədə iştirak edənlərin yarıdan çoxunun lehinə səs verməsi tələb olunacaq.
Konstitusiya layihəsinin referenduma çıxarılması üçün parlamentdə tələb olunan səs çoxluğu isə əksinə, deputatların üçdə ikisindən beşdə üçünə endirilir.
Layihədə Konstitusiya qüvvəyə mindikdən sonrakı beş il ərzində hazırda vəzifədə olan hakimlərin peşəkar keyfiyyətlərinin və dürüstlüyünün birdəfəlik yoxlanılması da nəzərdə tutulur.
Erməni Apostol Kilsəsi ilə dövlət münasibətləri qanunla tənzimlənəcək
Yeni Konstitusiya layihəsi Erməni Apostol Kilsəsinin milli kilsə kimi müstəsna missiyasının tanınmasını saxlayır. Bununla belə, kilsə ilə dövlət arasındakı münasibətlərin ayrıca sazişlə deyil, qanunla tənzimlənməsi təklif olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре