Yaxşı oxu, yaxşı təqaüd al

Day.Az представляет новость на азербайджанском языке

Universitetlərimizin daxili təqaüd proqramları da var 

Təhsil müddətində tələbələr üçün nəzərdə tutulan təqaüdlər və digər maliyyə yardımları tələbənin xilaskarıdır. Çünki onlara həm təhsil almaq imkanı yaradılır, həm də əlavə xərclərini qarşılaya bilirlər. Bildiyimiz kimi, universitetlərin təqaüd proqramlarının sayəsində minlərlə soydaşımız dünyanın müxtəlif ölkələrində təhsil almaq imkanı əldə edə bilirlər. Bəs Azərbaycanda vəziyyət necədir? Pulu olmayıb ölkəmizdə təhsil almaq istəyən əcnəbilər üçün ali məktəblərimiz şərait yaradırmı? Yerli abituriyentlər necə, özəl universitetlərdəki təqaüd proqramlarından yararlana bilirlərmi? Bu və digər suallarımıza cavab tapmaq üçün kiçik araşdırma apardıq.

Bakı Dövlət Universiteti

Bakı Dövlət Universitetində tələbələr prezident təqaüdü ilə yanaşı, "universitetin elmi şurasının qərarı ilə" adlı təqaüdlər alırlar. Belə ki, universitetin ictimai işlərində fəal iştirak edən və əla qiymətlərlə oxuyan tələbələr bu təqaüdə layiq görülür. Araşdırmamız nəticəsində məlum olub ki, yay və qış imtahan sessiyalarının nəticələrinə görə tələbələr təqaüdü 3 kateqoriyada alırlar. İmtahan nəticələrinə görə bütün qiymətləri 100 ballıq sistemdə 91-dən çox olan tələbələr əlaçı, əla və yaxşı olan tələbələr zərbəçi, kafi olan tələbələr adi təqaüd alırlar. Universitetdaxili təqaüdlər də var. "Fakültə Elmi Şurası tərəfindən təklif edilən adlı təqaüdlər BDU Elmi Şurasında qəbul edildikdən sonra təyin edilmiş kateqoriya üzrə təqdim edilir. Təhsil Nazirliyinin qərarı ilə qəbul imtahanlarında 500-dən çox bal toplayan və ixtisas seçimində 1 və 2-ci yerləri sıralayan tələbələr "Gələcəyin müəllimi" adlı təqaüd alırlar. SABAH qruplarında təhsil alan tələbələr imtahan nəticələrinə əlavə olaraq SABAH təqaüdü alırlar". 

Qeyd edək ki, BDU-da xarici tələbələr üçün təqaüd proqramı nəzərdə tutulmayıb.

Azərbaycan Universiteti

Azərbaycan Universitetində peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən strategiyanın bir parçası olaraq 2013/2014-cü tədris ilindən etibarən "Daxili Təqaüd və Təhsil haqqından Güzəşt Proqramı"nın tətbiqinə start verilib. Universitetin öz büdcəsindən maliyyələşən proqramın məqsədi gənclərin təhsilə motivasiyasını gücləndirmək, bacarıqlı və yüksək nəticələrə nail olan tələbələrə dəstək olmaqdan ibarətdir. Proqram, həm çalışqan tələbənin əməyini dəyərləndirməklə özünəinamı formalaşdırır və gücləndirir, həm də aztəminatlı ailələr üçün əhəmiyyətli sosial dəstək rolunu daşıyır.
Tələbələr universitetə qəbul balına və təhsil aldıqları müddətdə göstərdikləri nəticələrə uyğun olaraq proqramdan yararlanırlar. "Daxili Təqaüd və Təhsil haqqından Güzəşt Proqramı"ndan faydalana bilmək üçün başlanğıcda universitetə qəbul balı 350 və daha yuxarı olmalıdır.

Qəbul balına uyğun olaraq təqaüdlərin şərtləri aşağıdakı kimidir:

350-419 bal: ayda 50 AZN
420-489 bal: ayda 75 AZN
490-559 bal: ayda 100 AZN
560-629 bal: ayda 150 AZN + notebook
630-700 bal: ayda 200 AZN + notebook

Təqaüdlərin miqdarı 50 AZN-dən 200 AZN-dək olmaqla hər semestrdə tam akademik yükü ödəmiş tələbələrə müvəffəqiyyətlərindən və daxili prosedur qaydalarına riayət etməsindən asılı olaraq aylıq müəyyənləşdirilir. Başlanğıcda az təqaüd alan və ya ümumiyyətlə təqaüd almayan tələbə belə, üstün nəticələr əldə edərsə, daha yüksək - "zərbəçi", yaxud "əlaçı" təqaüdü ilə mükafatlandırıla bilər.

Proqrama əsasən, universitetə yüksək balla qəbul olanlar aşağıda göstərilən təhsil haqqı güzəştlərindən də faydalana bilərlər:

420-489 bal: 25%
490-559 bal: 50%
560-629 bal: 75%
630-700 bal: 100%

Təqaüd və güzəştlərin miqdarı universitetin təyin etdiyi müvəffəqiyyət göstəricilərinə əsasən tənzimlənir. 

Azərbaycan Universitetində əcnəbilər üçün təqaüd proqramları yoxdur. 

Qafqaz Universiteti

Qafqaz Universitetinin tələbələri də qanunla nəzərdə tutulmuş qaydada "Prezident təqaüdü", "Gələcəyin müəllimi təqaüdü", "dövlət sifarişli təhsil alanlar üçün" təqaüd və "valideyn himayəsindən məhrum olan tələbələr üçün" təqaüd alırlar. Universitetin mətbuat xidmətindən verilən məlumata görə tələbələr şirkətlərin keçirdiyi imtahanlarda iştirak edərək həmin təqaüddən də yararlanırlar. Lakin sözügedən universitetdə də əcnəbi tələbələr üçün heç bir təqaüd nəzərdə tutulmayıb.

Bakı Ali Neft Məktəbi

Dövlət ali təhsil müəssisəsi olan Bakı Ali Neft Məktəbində ödənişli əsaslarla təhsil alan tələbələr də var. Ali Məktəbə ödənişli əsaslarla daxil olan tələbələrə SOCAR tərəfindən təqaüd verilir. Həmçinin hər yeni tədris ilində Ali Məktəbə qəbul olan bütün tələbələrə noutbuk hədiyyə olunur. Yəni tələbə heç bir təhsil haqqı və ya ödəniş ödəmir, bütün bu işlər SOCAR-ın hesabına həyata keçirilir. Bununla yanaşı, BANM-in tələbələri hər il SOCAR-ın bütün istehsalat müəssisələrində və BP, Statoil, Emerson Process Management, Total, Shneider Electric kimi bir sıra beynəlxalq şirkətlərdə təcrübə keçirlər. BANM-in tələbələri 2-ci kursdan başlayaraq bu təcrübələri müvafiq şirkətlərdə ödənişli əsaslarla keçirlər. Onlar üçün əmək kitabçası açılır və tələbələrimiz aylıq maaş alırlar. Tələbələr həm nəzəri, həm də təcrübi biliklərini genişləndirərək, gələcəkdə öz sahələri üzrə peşəkar mütəxəssis kimi yetişirlər. Bu cür istehsalat təcrübələrini tələbələr təkcə daxildə deyil, xarici ölkələrdə də keçirlər. Ali Məktəbin rektoru Elmar Qasımovun və "SOCAR TurkeyEnergy" şirkətinin baş icraçı direktoru və "Petkim" şirkətinin İdarəetmə Şurasının üzvü Kənan Yavuzun görüşündə əldə edilən razılığa əsasən, bu ilin yayında "Kimya mühəndisliyi" ixtisası üzrə 3-cü kursda təhsil alan BANM-in 10 tələbəsi Türkiyənin İzmir şəhərində "Petkim" şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçiblər.

İqtisad Universiteti

İqtisad Universitetinin mətbuat xidmətinin verdiyi məlumata görə, sözügedən universitetdə əcnəbi tələbələr üçün təqaüdlər nəzərdə tutulmayıb. Yerli tələbələr üçün isə 2 təqaüd mövcuddur:

1) 600-dən yuxarı bal toplayaraq İqtisad Universitetinə daxil olan I kurs tələbələrinə 1 semestr boyunca universitet hesabına hər ay 100 AZN təqəüd verilir.

2) Hər imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə əlaçı təqaüdü verilir (Əyani, qiyabi, ödənişli və dövlət sifarişli olması fərqi olmadan).

Qərb Universiteti

Qərb Universiteti 2 növ təhsil haqqı təqaüdü təklif edir:

- Dövlət qəbulu imtahanlarından minimum 500 bal yığan azərbaycanlı tələbələr üçün təhsil haqqına güzəştlər. Bu təqaüd növü tədris proqramından asılı olmayaraq, yalnız birinci tədris ili üçün nəzərdə tutulur.

Təqaüdün məbləği ali məktəblərə qəbul imtahanlarının nəticəsində tələbənin yığdığı yekun bala uyğun olaraq müəyyən edilir.

- Tədris ili ərzində bütün modullar üzrə "A" dərəcəsi alan tələbələr üçün təqaüd. Həmin tələbələr növbəti akademik ilin təhsil haqqından azad olunurlar. Bu təqaüd növü bütün tələbələr üçün nəzərdə tutulur.

Xəzər Universiteti

Digər universitetlərdən fərqli olaraq Xəzər Universiteti Beynəlxalq Təqaüd Proqramını həyata keçirir. 2016-2017-ci illəri əhatə edən proqrama müraciət üçün son tarix: 15 apreldir: "Xəzər Universiteti Cənubi Qafqazda təlim dilinin ingilis dili olduğu beynəlxalq təhsil proqramlarını həyata keçirməyə başlayan ilk özəl universitetdir. Universitet öz siyasəti və xidmət öhdəlikləri çərçivəsində heç bir məhdudiyyət olmadan bütün ölkələrin vətəndaşlarına aid olan proqram təqdim edir. Proqramın əsas prinsipləri aşağıdakılardır:

- Bütün xarici vətəndaşlar KUISP proqramına müraciət edə bilərlər.

- KUISP proqramı Xəzər Universitetinin üç fakültəsinin potensial tələbələri üçün açıqdır: Mühəndislik və Tətbiqi Elmlər fakültəsi, İqtisadiyyat və Menecment fakültəsi və Humanitar və Sosial Elmlər fakültəsi.

- Bakalavr, magistratura, doktorluğa namizədlər də KUISP proqramına müraciət edə bilərlər.

- Bütün təhsil xərclərini ödəyəcək iki təqaüd hər il Xəzər Universitetinə müraciət edən hər bir ölkənin vətəndaşlarına veriləcək.

- Təqaüd bir il müddətinə nəzərdə tutulub, lakin bu müddət təqaüd alanın akademik fəaliyyətinə əsasən uzadıla bilər.

- Təqaüd tam proqram müddətində bütün təhsil xərclərini əhatə edir, lakin yaşayış və səyahət xərcləri bura daxil deyil.

- Xəzər Universitetinə qəbul olunmuş ərizələrin qiymətləndirilməsi öncə sənədlərin nəzərdən keçirilməsi, daha sonra isə Skype müsahibəsi vasitəsilə həyata keçirilir. Təfərrüatlar və seçim müddəti KUISP proqramının vaxt cədvəlində göstərilib.

Kaspi

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.