Rasim Balayevin ürəyi, Fəxrəddin Manafovun ciyəri, Sevdanın nəvəsi yaşda elçisi

Day.Az представляет новость на азербайджанском языке

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (105-ci say) təqdim edir.

Ötən həftə yazılan 36 şərhdən daha çox diqqətimi çəkən Əlimərdan bəyin yazdığı idi: "Elzadan niyə yazmamısan? Şou-biznesdən yazıb, Elzanı yaddan çıxarmaq, turşuqovurmalı plova yağ verməyi yaddan çıxarmaq kimi şeydir".

Şərhi ona görə xatırlatdım ki, bu şərhin özünü şərh edəcəm. Əlimərdan bəy, yazdığınız maraqlı bənzətmədir. Amma şou aləmini plova yox, ən yaxşı halda mərci şorbasına bənzətmək olar. Haradadır bu aləmdə elə sanballı sənətçi ki, Elza da o plovun yağı olsun?

Səyyad Əlizadə deyib ki, toyda elə iyrənc şeylər görmüşəm ki... Müsahibəni axıra qədər oxumağa hövsələm çatmadı. Amma Əlizadə özü də yaxşı bilir ki, məclislərdə iyrənc oyunlardan çıxanların əksəriyyəti sənətçi adını daşıyanların özləridir. Növbə üstündə bir-birini qıran kim, bir-birinin mini-diskinə barmaq eləyən kim. Hələ hədə-qorxulardan danışmıram. Yeri gəlmişkən, Telli Borçalıyla bağlı bir maraqlı xəbər var. Hədələdiyi adam gəlib məni hədələyir. Niyəsini axırda biləcəksiniz.

Rəqsanə Moskvada şadlıq sarayına açılış edəcək. Deyirəm, daha o şadlıq sarayına "zaval" yoxdur. Təklif edirəm ki, sarayın qapısını silikondan, pərdələrini botoksdan, pəncərələrini linzadan qoydursunlar. Onda olacaq əsl rəqsanəsayağı şadlıq sarayı.

Günay İbrahimli sevgilisindən danışıb. Deyib ki, şəhərdə elə oğlan yoxdur. Şəxsən mən bu açıqlamanı anlamadım. Şəhərdə beş milyon adam var, onun iki milyonu oğlandır. Bir nəfər də iki milyon oğlanın xarakterini, xasiyyətini bilə bilməz axı. Yeri gəlmişkən, Günay sükan arxasında selfi çəkdiyinə görə cərimələnəcək. Əgər yol polisi heç olmasa bu dəfə sənət adamlarından çəkinməsə. Çünki adi adam qaydanı pozanda üç gün sonra evinə toy dəvətnaməsi boyda cərimə kağızı gəlir, amma elə bil sənətçilərdən çəkinirlər.

Bu arada aşıq Əli Tapdıqoğlunun da adı yol polisiylə qalmaqalda hallanır. Deyilənə görə, Əliylə Xatirə İslam Masallıda olarkən yol polisi onları saxlayıb, iş böyüyüb. Rayonun adlı-sanlı iş adamlarından olan hacı Mazan həmin yol polisinə ağır sözlər deyib. 

Bu arada 56 yaşlı Sevda Əliqızıya oğlundan da kiçik biri elçi düşüb. 29 yaşlı gənc canlı yayımda  ifaçıya qızılgül dəstəsi və brilyant qaşlı üzük göndərib. Bu arada deyim ki, Sevda xanımın 38 yaşlı oğlu var. Deyəsən, sənətçi bu təklifdən imtina edib. Deyirlər ki, sevgidə yaşın fərqi olmur. Amma deməyiblər ki, get, nənən yaşında adama elçi düş.

Müğənni Abbas Bağırov deyib ki, bir neçə rejissordan təkliflər alıb, amma qonorarı çox yüksəkdir: "Qonorarım həddindən artıq çoxdur. Müəyyən filmlərə təklif ediblər, sadəcə olaraq rol məni qane etməyib. Həmişə polis, detektiv rolunda olmaq istəmişəm. Cinayətkarları axtaran bir şəxsi oynamaq istəyirəm. Həyatda o cür olmaq istəmərəm. Romantik janrda da olar, tərəf-müqabilləri çoxdur".

Bu açıqlamadan sonra eşitsəniz ki, iraq olsun, Rasim Balayevin ürəyi, Fəxrəddin Manafovun ciyəri sıradan çıxıb, təəccüblənməyin. Qonorarı çox imiş - "toje mne".

Əməkdar artist Rafael İsgəndərov qızının toyunda jurnalistlərə qadağa qoyub ki, guya qonaqlar özlərini rahat hiss etsinlər. Amma əksinə olub. Qonaqlar toydan canlı yayım ediblər. Lap Elçin Cəfərovun toyu yadıma düşdü. Şou müxbirlərinə bu da azdır. Səbəbini özləri bilirlər.

Hə, Telli məsələsi, az qala, yadımdan çıxmışdı. O gün bir nəfər zəng vurub ki, adım Zaurdur, müğənniyəm. Bəs Telli Borçalı mənə gün verib, işıq vermir ki, onun haqqında məlumatları sizə ötürürəm. Əvvəlcə dedim ki, qardaş, get özünə iş-peşə tap. Qardaş başladı məni hədələməyə. Bu adamın hədələdikləri belədirsə, indi görün özü nədir də...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.