Qarabağ savaşını dəyişən 4 GÜN - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Bu gün Dağlıq Qarabağda "dördgünlük müharibə" kimi tanınan aprel döyüşlərinin ikinci ildönümüdür.
3 sənə əvvəl, 2016-cı ilin aprelin 1-2-də işğalçı Ermənistanın hücumlarına qarşı əks-hücum əməliyyatına başlayan Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş ərazilərin sadəcə, bir qismini xatırlayaq:
Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi
Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi
Goranboy rayonunun Gülüstan kəndi
Tərtər rayonunun Qazaxlar kəndi
Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar
.... Düşmənimiz bəlli. Onun xisləti də məlum. O xislətin mahiyyəti isə ermənilərdə "vətənpərvərlik" və "şovinizm" kəlmələri arasında anlam fərqinin korşalması, üzülüb getməsidir.
Vətənpərvərlik hər millətin, xalqın və etnosun zəruri qavramlarından biridir ki, mahiyyəti həmin milləti ən yaxşı xüsusiyyətlərini gerçəkləşdirmiş, özünü formalaşdırmış etnoslar səviyyəsinə qaldırmaq üçün çalışmadır. Yəni millət öz imkanlarını, potensialını ən yüksək səviyyədə, geniş miqyasda nümayiş etdirməyə çalışır və beləcə, sivil millətlər arasında bərabərhüquqlu yer tutur.
Şovinizm naqis, yaramaz və sarsaq xislətdir ki, kökündə hansısa millətin özünü "Tanrı tərəfindən seçilmiş" bilməsi, "fövqəladə" sayması, fərdin mənsub olduğu milləti bəşər övladınıın indiyədək əldə etdiyi nə varsa, hər nəsnənin zirvəsinə qaldırması, digər xalqları isə "tam formalaşmamış kütlə, primitiv insan yığını" saymaqdır.
İrqçilik və neonasizmin kökündə duran bu düşüncə başqa xalqlara "untermenşlər" təki yanaşmaq "fəlsəfəsidir".
Ermənistanın indiki rəhbərliyinin çığırtı, şivən, bağırtı elementləri ilə zəngin plebey siyasətinin kökündə də məhz şovinizmdən qaynaqlanan idiotizm durur.
Məhz bu virusa yoluxmuş rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi birləşmələrinə aprelin 1-də Azərbaycan ordusunun mövqelərinə hücum əmri vermişdi. Amma aprelin 5-dək davam edən "dördgünlük müharibə" erməni işğalçıların məğlubiyyəti ilə başa çatdı. Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi ekspedisiya korpusu ilə yanaşı, qarabağlı ermənilərin separatçı birlikləri ordumuzun əks-hücumu nəticəsində geri çəkildilər və bu "taktiki gediş" az sonra trivial qaçışa çevrildi.
Döyüşlərdə 94 hərbçimiz şəhid oldu, 2 nəfər itkin düşdü, 30 hərbçimiz yaralandı, 6 mülki şəxs həlak oldu, 26 nəfər yaralandı, 1 Mi-24 helikopter vuruldu, 1 PUA itdi, 1 tank vuruldu.
Ermənistanın isə 320 hərbçisi həlak oldu, 500 hərbçi yaralandı, 30 tank və zirehli maşın vuruldu, 25 artileriya qurğusu məhv olundu.
Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi.
Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi. Aprel döyüşlərinin başlanması barədə müxtəlif fikirlər vardır.
Erməni tanklarının hücumunun Rusiyanın XİN başçısı Sergey Lavrovun İrəvan səfərini baş vurmasından bir gün sonra gerçəkləşməsi təsadüfi deyildi.
Sarkisyan bu hücumla qarşısına 4 məqsəd qoymuşdu:
1. Rusiyaya təzyiq göstərmək. Rusiyanın XİN başçısı S.Lavrov İrəvanda olarkən Ermənistan rəhbərliyi ilə bağlı qapılar arxasında heç də mülayim danışmayıb. Moskva Cənubi Qafqazdakı regional geosiyasi maraqlarının təminatı və ABŞ ilə Avropa Birliyinin bölgədəki təsir imkanlarının artmasının qarşısının alınması üçün Ermənistandan işğalda saxladığı 5 rayonu azad etməyi, Dağlıq Qarabağın statusu ilə bağlı referendum barədə isə sonradan müzakirələr aparmağa razılaşmağı tələb edib. Sarkisyana təzyiqlərin sərt olduğu da vurğulanır. Belə şəraitdə S.Sarkisyan Moskva qarşısında çox zəif görünməməyə çalışaraq nəzəri "kompromis"in müqabilində vədlər və təminatlar almağa çalışır, erməni ordusunun istənilən an müharibəyə başlaya biləcəyini və bu səbəbdən də İrəvanı "sakitləşdirməsi" üçün Moskvanın əlavə, daha böyük məbləğdə, həcmdə və miqyasda "təşəkkür"lər etməsinin vacibliyini vurğulamağa çalışıb.
2. Erməniləri sakitləşdirmək. Son günlər Ermənistanda aşkar anti-Rusiya nümayişləri və etiraz aksiyalarının keçirilməsi, əslində, S.Sarkisyanın özünün təlimatı ilə reallaşdırılan olaylardı. Amma bu olaylar Moskvaya təsirə yönəlsə də, əks effekt verdi və Ermənistan cəmiyyətində Sarkisyan iqtidarına qarşı qıcıqla nifrəti daha da artırdı. "Dördgünlük müharibə"nin İrəvan üçün çox uğursuz nəticələri də erməniləri sinirləndirib, onlar məğlubiyyətdə Sarkisyanın başlıca günahkar, XİN başçısı Edvard Nalbandyanla müdafiə naziri Seyran Ohanyanı isə buyruq qulları qismində suçlu sayırlar. Belədə S.Sarkisyan Dağlıq Qarabağ zonasındakı hərbi birləşmələrinin "döyüşə hazır" vəziyyətini göstərmək üçün blitskriq arzusuna düşüb, xəyalını gerçəkləşdirmək üçün tanklarla hücum əmri verib. Məqsəd Ağdərənin Madagiz kəndi ətrafında Azərbaycan ordusunun işğalçıları vurub çıxardıqları strateji yüksəklikləri qaytarmaq idi. Amma alınmadı.
3. "Soyqırım dopinqi". Ermənilər hər il 1915-ci ildə Osmanlı Türkiyəsində guya gerçəkləşmiş "erməni soyqırımı"ını anırlar. Erməni icmasının olduğu ölkələrdə haylar yürüşlər, mitinqlər, anım tədbirləri və toplantılar keçirirlər. Təbii ki, ermənilər üçün belə "əlamətdar, qəmli və kədərli" gündə S.Sarkisyan ölkədəki kütləni sakitləşdirmək, ən başlıcası isə ABŞ və Avropa ölkələrindəki erməni diaspor təşkilatlarının rəhbərlərinə yarınaraq onların yolladıqları maliyyə vəsaitinin kəsilməsinə imkan verməmək üçün "qələbə hücumu"nu gerçəkləşdimək istəyib. Məqsəd aprelin 24-də ermənilərə "itirilmiş mövqelər alındı" xəbərini verməkdi.
4. Cəbhədə status-kvonu bərpa etmək. 1-5 aprel günlərindəki hərbi əməliyyatlarda Ermənistan ordusu yalnız bir sıra çox mühüm, strateji yüksəlikləri əldən vermədi - erməni hərbçilərinin hərbi hazırlıq səviyyəsinin çox aşağı olduğu, 22 il ərzində hazırlanan və möhkəmləndirilən müdafiə sistemlərinin yararsızlığı, ən başlıcası isə Ermənistanın Dağlıq Qarabağa yolladığı hərbi birləşmələrinin idarəolunma həddinin batalyon səviyyəsində qaldığı aşkarlandı. Bu gecəki tank hücumu da Ermənistan ordusunun son günlərdə məruz qaldığı sərt tənqidləri və erməni cəmiyyətindəki narazılığı "ani, ildırım sürətli qələbə" ilə səngitməkdi.
Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün konstruktiv müzakirələrə hazır olmadığını göstərdi. Ağdərədəki uğursuz tank hücumu isə onun müharibə variantını seçməyə meylli olduğunu ortaya qoydu.
Düşmən bizə qarşı siyasi, mənəvi, psixoloji, təbliğat və hərbi üsullarla müharibə aparmaqla yanaşı, əsəb savaşına da başlamışdı.
Təsadüfi deyil ki, S.Lavrov İrəvanda olarkən S.Sarkisyan "Dağlıq Qarabağ münaqişəsindəki son hərbi əməliyyatlar vəziyyəti kökündən dəyişdi, danışıqlar prosesini geriyə atdı" demişdi.
Döyüşlər əsasən 257 km uzunluğunda olan təmas xətti üzərində yönəldilmişdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. Bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirdi. Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 127 dəfə pozub. Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub. Habelə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndi, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonu ərazisindəki yüksəkliklər vurulub.
Aprelin 3-də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi azad olunub, Füzuli istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı vurulub.
Aprelin 4-ü Ermənistan itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub.
Aprelin 5-də Ağdərə şəhərinə aparan əsas yol üzərindəki strateji baxımdan əhəmiyyətli Madaqiz məntəqəsindəki hərbi bazanın qərargahını və "Yerkrapa" erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə endirib.
Erməni tərəfi bu zərbə nəticəsində 7 nəfərin öldüyünü təsdiq edib.Aprelin 5-də Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb.
Aprelin 7-də Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirildi ki, cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus "X-55" tipli pilotsuz uçuş aparatı xüsusi üsulla endirilib. Aprelin 7-də Ağdərə-Goranboy istiqamətində Azərbaycana məxsus sanitar tibb maşını atəşə tutulub.Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.
Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirib.
Aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb. Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Ordubad rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun bölmələri cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.
Aprel döyüşlərindən sonra may ayında Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkə XİN rəhbərlərinin iştirakı ilə Vyanada görüşüb, iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçiriblər. Görüşlər əsnasında münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edilib.
2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.
Azərbaycan prezidenti İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, Aprel döyüşləri zamanı 2 min hektar ərazi işğaldan azad edilib.
Ən nəhayət, aprel döyüşləri vaxtı, hər iki ölkədə iqtidar və müxalifət eyni mövqeyi nümayiş etdirdi. Aprelin 29-da Ermənistanda üç yüksək rütbəli hərbi və müdafiə rəsmiləri aprel döyüşlərində uğursuzluğa görə işdən qovuldu.
... Azərbaycan düşmənə çox ağır əks-zərbə vurmaq hüququnu özündə saxlayır.
O zərbədən sonra Ermənistan hansı vəziyyətə düşə bilər - bunu Serj Sarkisyan yaxşı düşünməlidir.
Ermənistan artıq gec də olsa, anlamalıdır: Azərbaycan münaqişənin dinc danışıqlar yolu ilə, sülhlə həllinə tərəfdar olsa da, heç bir təxribat cavabsız qalmayacaq, hər zərbəyə cəza əks-zərbəsi endiriləcək, atılan mövqelər məhv olunacaq.
İşğal edilmiş torpaqların azadlığı uğrunda savaşın, Vətən müharibəsinin tələbi budur.
Xalqın öz prezidentini dəstəklədiyini, prezidentin də xalqın yanında, vətəndaşlarla çiyin-çiyinə olduğunu hamımız gördük.
Qələbə savaşı üçün bu, ən ümdə şərtdir və cəbhə bölgəsində erməni işğalçılarına sinə gərən sakinlərimizlə onları qoruyan Ordumuzun qətiyyəti həmin şərtin ehtiva etdiyi rəşadətin artıq qanımızda dövr etdiyini göstərdi.
Şəhidlərimizin qanları ilə suvarılmış torpaqlarımız düşmənə tapdaq olmayacaq.
Zəfər yürüşümüzə az qaldı.
Elçin Alıoğlu
Milli.Az
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре