“Elə bil ki, türmədəyik...” - Maşının pərdəarxası

"Maşın" realiti-şousunun doqquzuncu günündə iştirakçılarla media nümayəndələrinin görüşü keçirilib.

Day.Az Axşam.az-a istinadla xəbər verir ki, gərgin mübarizədən qismən qurtulan iştirakçıların yorğunluğu özünü büruzə verib. Canlı efirdə bunu hiss etdirməməyə çalışan məşhurlar psixoloji və fiziki mübarizənin sonunda avtomobil qazanacaqlarına inanırlar. Buna ümidi az olan isə "Maşın" şouda iştirak edən ilk türkiyəli sənətçi Suna Kasımoğludur.

O, yarışma zamanı susqunluğunu belə izah edib:

"Sakitliyim iştirakçı kimi ilk türk vədəndaşı olmağımdır. Nə qədər özümü azərbaycanlı kimi hiss etsəm də, yenə də türk vətəndaşıyam. Canlı efirdə danışmaq mənim üçün çətindir. Pozitiv tərəfim var, bunu itirmək istəmirəm. Arxa planda daha çox danışıram. Öncə bu yarışmanı anlamaq istədim. İştirakçılar arasındakı ailə, dost məsələlərinə qarışmaq istəmədim. Yaxşı ki, qatılmamışam. Çünki sonda özləri itirdilər. Mənim səssizliyim "maşına doğru gedim" taktikası deyil. Ən cəsurlardan biri də mənəm. Bilə-bilə ki, iştirakçılar içərisində ən az səs alacaq insan mənəm, yarışmaya qatılmışam. Hamısı tanınmış insanlardır. Buna rəğmən dedim ki, açıq oynayacam. Hər zaman ədalətə inanıram. Səsverməyə çıxsam, açıq hədəfimi deyəcəm. İtirsəm də, mənim üçün heç nə dəyişməyəcək, həyat davam edir. İki övladıma verdiyim xarakteri burada özüm də nümayiş etdirmək istəyirəm. Tamaşaçılardan gələn 10 faiz səs belə mənim üçün böyük uğurdur".

Aparıcı Kəmalə Piriyeva jurnalistlərin qarşısına yuxulu çıxıb. Aysun İsmayılovanın qurbanı olmaqdan son anda qurtulması belə onu ayıltmayıb. Lakin məsələdən xəbərsizliyi və Aysunun taktikası Kəmaləni təəccübləndirib:

"Hələki səsverməyə çıxmamışam, ona görə də güclü və ya zəif rəqib olduğumu bilmirəm. İştirakçılar arasında ilk gündən açıq mübarizə aparan mənəm. Aysunun məni çıxaracağını gözləmirdim. Elə sözlər işlətdi ki, məni çox rahat etdi. Sonadək bundan xəbərim yox idi. Sonradan şoka düşdüm".

Aktrisa Zümrüd Qasımova yarışmadan sonra iki nəfərlə bütün əlaqəsini kəsəcəyini deyib. Amma ad açıqlamamaqda israrlıdır:

"Üç dəfə hədəf  olmuşam, daha sonra yayınmışam. Xalqın sevgisi mənim üçün önəmlidir. Çox gərgin oluruq, bəzən elə ifadələr istifadə edə bilərik ki, gözdən düşərik. Burada kimdən nə gözlədiyimiz bəlli deyil. Heç kim sakit deyil, hərənin öz mövqeyi var. Səsverməyə çıxsam, hədəfimi deyəcəm. Yarışmada iki nəfər var ki, onları buradan çıxandan sonra danışdırmayacam. Məni sağlamlığıma zərər verəcək şəkildə əsəbiləşdiriblər".

Xalq artisti Fatma Mahmudova media günündə ona gənclərdən öncə sual verilmədiyinə görə jurnalistlərdən küsüb. Daha sonra bunun qalmaqala çəkilmədiyi üçün edildiyini bilib və sualları cavablandırıb:

"Heç kimi məcbur etmək olmaz ki, mənə səs ver. Hamısı sevgidən irəli gəlməlidir. Maşını udsam, sürücülük vəsiqəm var. Buradan Trabzonadək maşın sürmüşəm. İki dəfə səs istəmədən məni oyunda saxlayıblar. Onlara çox təşəkkür edirəm. Əlim gəlmədi ki, kimisə oyundan kənarlaşdırım. Ramal bütün günü yanımdadı, amma ona inanmıram".

Ötən gün şoudan Məcid Hüseynovu kənarlaşdıran müğənni Ramal İsrafilov iştirakçılar arasında inamın azaldığını bildirib:

"Maşın" o qədər sevimlidir ki, buraya təzə gələndə deyirsən ki, geyinək, özümüzü göstərək, vəssalam. Üçüncü-dördüncü gün isə hamı deyir ki, bu gün də qalım, sabah çıxacam. Hər şeydən aliyəm. Mənlik mövzu olmadığına görə susuram. Burada çox sözlər deyilir, amma hamı bir-birini aldadır. Doqquzuncu gündür, aləm bir-birinə dəyib. Heç kəs qarşısındakına inanmır. İştirakçılar bilirsiniz nədən çəkinir? Kimin kimin əli ilə çıxacağı onları qorxudur. Elə bil burada dinozavr, əjdaha var. Hamımız insanıq. Nə qədər yarış olubsa, Xalq artistlərindən tutmuş Əməkdar artistinədək ürküblər ki, ay Allah, filankəs məni çıxarmasın".

"Maşın"da göz yaşları ilə yadda qalan müğənni Türkan Vəlizadə Aysunun hədəfinin Kəmalə Piriyeva olmasından xəbərsizliyini dilə gətirib:

"Efir arxasında olanda elə şeylər baş verir ki... Canlı yayım zamanı isə söhbətlər bitir. Davam etsələr, sözün düzünü deyəcəm. Hər bir halda qalibəm. Səsverməyə çıxsam, düşmən kimi hərəkət etmərəm. Elə bir insanam ki, qarşımdakı insanı dinləyirəm, amma öz bildiyimi edirəm. Aysun yaxınım idi. İstəməzdim getsin, çox maraqlı iştirakçı idi. Günorta Aysunla danışanda dedi ki, hədəfim Məciddir. Ona dedim ki, iki gün ard-arada Məcidin söhbətləri gedir, bu, onun təklənməsi kimi görünür. Lakin Aysun məni dinləmədi. 80 faiz əmin idim ki, Məcidi çıxaracaq. 20 faiz əmin olmamağımın səbəbi isə Aqşin Fatehin də yer aldığı qruplaşmada Ayan Babakişiyeva və Kəmalə Piriyevanın uzaqlaşdırılması barədə fikirlər idi".

"Bura İsveçrədə olan türmələr kimidir" - bu fikirləri Müğənni Niyam Salami deyib:

"Elə insanlar qalıb ki, hamı bir-birinin xətrini çox istəyir. Heç kim başqasının üzünə deyə bilmir ki, səni çıxaracam. Telefon əlimizdən alınıb. Elə bil ki, türmədəyik. Burada qardaş-bacı olanlar görün necə yarışacaqlar. Əsl şou bundan sonra başlayır. Kimin şəklini atmaqlarını belə boynuna almırlar. Düşünürdüm ki, çox qala bilmərəm. Sonra öyrəşdim. "Ranq-canq" sözüm trend olub. O sözü evdə istifadə edirdim. Qəfildən ağzımdan çıxdı".

Aparıcı Lalə Mustafayevanın heç bir hadisə olmadan emosional olması birmənalı qarşılanmır. Ona bu barədə verdiyimiz sualı "Mən əkizlər bürcüyəm" deməklə, cavablandırıb.

Sonda Zümrüd Qasımova "Yüz faiz burada bir kişi qalacaq" ifadəsi ilə günə yekun vurub.

Qeyd edək ki, hazırda şouda aparıcılar Kəmalə Piriyeva, Suna Kasımoğlu, Lalə Mustafayeva, müğənnilər Niyam Salami, Ramal İsrafilov, Türkan Vəlizadə aktrisalar Fatma Mahmudova və Zümrüd Qasımova mübarizəni davam etdirir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.