Milli Məclisin sədri İrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını qınayıb

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar öz feysbuk hesabında paylaşım edib.
Day.Az xəbər verir ki, paylaşımda deyilir: "Yanvarın 27-də səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınayırıq. Bu xain hücumun tezliklə və obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirik. Hücumun qarşısını alarkən şəhid olan səfirliyimizin əməkdaşına Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!".
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре