Azərbaycan–Çin iqtisadi tərəfdaşlığı

Müəllif: Sadiq Cavadov

Mənbə: Trend

Qlobal iqtisadiyyatın parçalandığı, təchizat zəncirlərinin yenidən formalaşdığı və enerji keçidinin sürətləndiyi bir dövrdə Azərbaycan-Çin münasibətlər ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq daha geniş geoiqtisadi məna kəsb edir. Azərbaycan Çinin "Bir Kəmər, Bir Yol" (BRI) təşəbbüsü üçün Cənubi Qafqazda əsas dayaq nöqtəsinə, Orta Dəhliz vasitəsilə isə Asiya-Avropa bağlantısında strateji mərkəzə çevrilir. Bu transformasiya ticarət, logistika və bərpaolunan enerji sahələrində artan əməkdaşlıqla paralel gedir.

Siyasi və strateji baza: institutlaşma və etibarlılıq

Azərbaycan-Çin münasibətlərinin institusional əsasları mərhələli şəkildə qurulub. 2003-cü ildən sonra Prezident İlham Əliyevin Çinə rəsmi səfərləri ikitərəfli dialoqun intensivləşməsinə şərait yaradıb. 2015-ci ildə imzalanmış "İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu" əməkdaşlığın iqtisadi fəlsəfəsini müəyyən edən ilk mühüm sənəd olub.

2022-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Sammiti çərçivəsində Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüş münasibətlərin gələcək inkişaf xəritəsini formalaşdırıb. 2024-cü il 3 iyul tarixində isə "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə", 2025-ci il 23 aprel tarixində isə Pekində "Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" imzalanıb. Son illərdə imzalanan birgə bəyannamələr və memorandumlardan ibarət paket münasibətləri mərhələli şəkildə strateji, daha sonra isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bu sənədlər siyasi niyyət bəyanatı olmaqla yanaşı, eyni zamanda ticarət, investisiya, nəqliyyat, enerji və texnologiya sahələrində konkret koordinasiya mexanizmləri yaradır.

Ticarət və investisiyalar: rəqəmlərlə təsdiqlənmiş dinamika

İki ölkə arasında iqtisadi əməkdaşlıq sürətlə genişlənir. Təkcə son rəqəmlərə nəzər yetirdikdə bunu aydın şəkildə görə bilərik. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 4,214 milyard ABŞ dolları təşkil edib, bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24% artım deməkdir. Çin Azərbaycanın əsas ticarət tərəfdaşları arasında 4-cü sırada yer alır və ümumi ticarət dövriyyəsində 9,45% paya sahibdir. Ticarət əlaqələrindəki artımı bir neçə əsas amillə izah etmək olar. Tranzit və logistika imkanlarının genişlənməsi, Azərbaycan bazarının Çin texnologiyaları və avadanlıqları üçün açılması, eləcə də dövlət səviyyəsində risklərin azaldılması iki ölkənin ticari əməkdaşlığında müsbət rolunu oynayıb. Belə ki, Orta Dəhlizin funksionallığı Çin mallarının Avropaya çıxışını sürətləndirib, texnoloji əməkdaşlıq, xüsusən də enerji, telekommunikasiya və nəqliyyat sektorlarında qarşılıqlı texnoloji həllərin mübailəsini sürətləndirib. Eyi zamanda institusional sazişlər investorlar üçün proqnozlaşdırıla bilən mühit yaradıb.

Birbaşa xarici investisiyalar sahəsində də müsbət dinamika müşahidə olunur. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında Çindən Azərbaycana 19,070 milyon ABŞ dolları sərmayə yönəldilib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 67,9% artım deməkdir. Azərbaycan isə öz növbəsində Çinə 9,820 milyon dollar sərmayə qoyub ki, bu da illik ifadədə 3,7 dəfə çoxdur.

Çinin Azərbaycana birbaşa xarici investisiyalarının (FDI) 68%-ə yaxın artması təsadüfi deyil. Bu artım Çin şirkətlərinin Azərbaycana artıq istehsal və enerji platforması kimi baxdığını göstərir. Azərbaycanın Çinə yatırdığı sərmayələrin 4 dəfəyə yaxın artması isə münasibətlərin təkistiqamətli olmadığını, qarşılıqlı iqtisadi maraqlara əsaslandığını sübut edir.

Orta Dəhliz və logistika: strateji tranzit imkanları

Çin Mərkəzi Asiyada əsasən xammal və iri miqyaslı kredit layihələrinə, Şərqi Avropada isə istehsal və liman infrastrukturuna fokuslanır. Azərbaycan isə bu modellərdən fərqli olaraq, logistika-enerji-ticarət üçbucağını eyni anda təklif edir. Cənubi Qafqazda Azərbaycan Çinin əsas tərəfdaşıdır; regiondakı digər ölkələrlə müqayisədə siyasi sabitlik və tranzit imkanları baxımından üstün mövqeyə malikdir. Mərkəzi Asiya ilə müqayisədə Azərbaycan Çin üçün Avropa bazarlarına daha qısa və təhlükəsiz çıxış təqdim edir. Şərqi Avropadan fərqli olaraq, Bakı Çinin təsirinə qarşı geosiyasi balansı qoruyur və çoxtərəfli siyasət yürüdür.

 

Bu kontekst Rusiyanın ənənəvi tranzit rolunun nisbi zəifləməsi, Avropa İttifaqının tədarük zəncirlərini diversifikasiya cəhdləri və ABŞ-nin Çinlə rəqabətinin kəskinləşməsi fonunda Azərbaycanın əhəmiyyətini daha da artırır. Türkiyə ilə strateji müttəfiqlik isə Orta Dəhlizin siyasi və iqtisadi dayanıqlığını gücləndirən əlavə amildir.

Bu xüsusda Azərbaycan-Çin əməkdaşlığının önəmli istiqamətlərindən biri kimi nəqliyyat və logistika əlaqələri ön plana çıxır. Azərbaycan "Kəmər və Yol" təşəbbüsündə mühüm tranzit ölkə rolunu oynayır, xüsusilə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Çin-Avropa yükdaşımalarında alternativ və təhlükəsiz marşrut təqdim edir. Orta Dəhliz Çin üçün Rusiya üzərindən keçən Şimal marşrutuna və dəniz yoluna alternativdir. Dünya Bankının və Asiya İnkişaf Bankının hesabatlarında bu dəhliz risklərin diversifikasiyası baxımından strateji alternativ kimi qiymətləndirilir. Azərbaycan isə bu marşrutda multimodal daşımaların mərkəzi, Xəzər keçidinin əsas təşkilatçısı, real vaxt monitorinq və rəqəmsal logistika həllərinin tətbiq olunduğu platforma rolunu oynayır. Bütün bunlar isə ölkəyə qlobal kontektsdə diqqət və marağı birə-beş artırıb və Orta Dəhliz baxımından ortaq əməkdaşlıq addımları dəhlizin inkişafında müstəsna önəm kəsb edib.

Yeri gəlmişkən, Azərbaycan sözügedən nəqliyyat marşurutunun əsas sütun ölkələrindən hesab edildiyindən Çinin də marağını üzərinə cəlb etməyi bacarıb. Belə ki, bu istiqamətdə 2025-ci ilin oktyabrında "Azərbaycan Dəmir Yolları" QSC ilə Çinin Sian Limanı arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum multimodal daşımaların genişləndirilməsi, konteyner qatarlarının optimallaşdırılması və yükdaşımaların real vaxt rejimində monitorinqini əhatə edir.

Dəhliz vasitəsilə yükaşırmalarda da əhəmiyyətli artım qeydə alınıb. Təkcə 2025-ci ilin ilk 9 ayında ADY 296 blok-qatar qəbul edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39% artım deməkdir. Həmin dövrdə 103,134 TEU konteyner yük daşınıb, bu isə təxminən 20% artım deməkdir. Dəhlizin ortaq maraqlar çəçivəsində inkişafı ilə gəlcəkdə yükaşırma qabiliyyətinin daha da artacağı isə istisna edilmir.

Enerji və yaşıl keçid: gələcəyin sektoru

Azərbaycanla Çin arasında əsas əməkdaşlıq istiqamətlərindən biri də enerji sektorudur. Enerji sahəsində əməkdaşlıq təkcə investisiya layihələri ilə məhdudlaşmır, həm də ölkənin dayanıqlı inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilir. Artıq deyə bilərik ki, Azərbaycan-Çin enerji əməkdaşlığı ənənəvi enerji sahəsindən kənara çıxaraq yaşıl keçid mərhələsinə daxil olub. Bu, həm Azərbaycanın 2030 və 2050 iqlim hədəflərinə, həm də Çinin qlobal yaşıl texnologiya ixracı strategiyasına uyğundur. "Xızı-Abşeron" Külək Elektrik Stansiyası (KES) və Qobustan Günəş Elektrik Stansiyası (GES) kimi layihələr Çin şirkətlərinin təkcə podratçı deyil, texnologiya və maliyyə tərəfdaşı rolunda çıxış etdiyini göstərir.

Bərpaolunan enerji sahəsində daha böyük addımlar da atılır. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının hesabatlarında da qeyd olunur ki, Azərbaycan kimi enerji ixracatçıları üçün bərpaolunan enerji layihələri fiskal dayanıqlığı və ixrac strukturunun şaxələndirilməsini təmin edən əsas alətlərdən biridir. Beynəlxalq qurumların ölkənin "yaşıl enerji" sektorunda gördüyü işləri belə qiymətləndirməsi isə əbəs deyil. Belə ki, bu xüsusda görülən tədbirlərdən 2025-ci ilin dekabrında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Çinin "Universal International Holdings Limited" şirkətinin birgə həyata keçiridiyi Qobustanda 100 MVt gücündə Günəş Elektrik Stansiyasının ilk panelinin quraşdırıldığını diqqətə çatdıra bilərik. 2027-ci ildə istismara verilməsi planlaşdırılan stansiya proqnozlara görə illik 260 milyon kVt-saat enerjiyə və 57 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Eyni zamanda stansiyanın istismara verilməsi ilə 124 min ton karbon emissiyasının azaldılması mümkün olacaq.

Bundan əlavə, 2025-ci ilin noyabrında "China Datang Corporation Ltd."şirkəti ilə 100 MVt günəş və 2 QVt dəniz külək enerjisi layihəsi üzrə İcra Müqaviləsi imzalanıb. Bu layihə həm də enerji saxlanc sistemləri və "Yaşıl Enerji Dəhlizi"ni əhatə edir. Bu layihələr regionun enerji təhlükəsizliyi, karbon emissiyasının azaldılması və yaşıl iqtisadiyyata keçid üçün nümunəvi model yaradır. Enerji sahəsində əməkdaşlıq Azərbaycan üçün həm gündəlik enerji ehtiyaclarını ödəyən, həm də uzunmüddətli perspektivi təmin edən strateji seçimdir.

Beləliklə, ticarət dövriyyəsinin artımı, investisiyalar, Orta Dəhliz üzrə logistika inteqrasiyası və bərpaolunan enerji layihələri bu tərəfdaşlığın uzunmüddətli perspektivini açıq şəkildə ortaya qoyur. Azərbaycan bu əməkdaşlıqla Çinin qlobal təşəbbüslərində passiv tranzit ölkə deyil, aktiv geoiqtisadi oyunçu rolunu möhkəmləndirir. Mövcud dinamika onu deməyə əsas verir ki, Bakı-Pekin xətti yaxın illərdə Avrasiya iqtisadi xəritəsində daha da əhəmiyyətli mövqeyə sahib olacaq.