Albaniya gələcəkdə TAP vasitəsilə qaz tədarük həcmlərinin artırılmasında maraqlıdır - Səfir - MÜSAHİBƏ
2026-cı ildə Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Albaniyaya tədarükünün başlanması ölkənin enerji balansına müsbət və strateji təsir göstərəcək, həmçinin onun enerji təhlükəsizliyini gücləndirəcək.
Day.Az xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində Albaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Besart Kadia bildirib.
"Bu addım ölkənin enerji balansının şaxələndirilməsinə, hidroenerjidən asılılığın azaldılmasına, həmçinin enerji sisteminin sabitliyinin və dayanıqlığının artırılmasına töhfə verəcək. Bu təşəbbüs 2023-cü ilin mayında iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclasının nəticələri ilə əhəmiyyətli dərəcədə möhkəmlənmiş ikitərəfli əməkdaşlıq çərçivəsinin genişlənməsinə əsaslanır.
Xüsusilə 2025-ci ilin aprelində Azərbaycanın energetika naziri Pərviz Şahbazovun səfəri zamanı təqdim edilən Korça şəhərindəki 'Nur' qazlaşdırma layihəsi bu tərəfdaşlığın real infrastruktur və sosial-iqtisadi nəticələrə çevrildiyini əyani şəkildə nümayiş etdirir. Ümumilikdə, TAP vasitəsilə qaz tədarükü uzunmüddətli strateji tərəfdaşlığı əks etdirir, Albaniyanın enerji təhlükəsizliyini gücləndirir və eyni zamanda Azərbaycanın regional enerji sabitliyinin təminində əsas tərəfdaş kimi mövqeyini möhkəmləndirir", - deyə o qeyd edib.
Kadia bildirib ki, ilkin mərhələdə nəzərdə tutulan 0,16 milyard kubmetr həcm Albaniyanın qazlaşdırılması prosesində mühüm birinci addım hesab olunur.
"Albaniya gələcəkdə daxili infrastrukturun və regional əlaqəliliyin inkişafı ilə paralel olaraq bu həcmlərin artırılmasında aydın maraqlıdır. Albaniya Korça şəhərinin qazlaşdırılması, yeraltı qaz anbarlarının yaradılması, transsərhəd qaz ötürmə sistemlərinin inkişafı, eləcə də Trans-Adriatik qaz kəmərindən optimal istifadə istiqamətində Azərbaycanın rolunu yüksək qiymətləndirir. Hər iki ölkə həmçinin İon-Adriatik qaz kəməri layihəsini və Avropa İttifaqının Cənub Qaz Dəhlizinin genişləndirilməsi təşəbbüslərini dəstəkləyir. Bu kontekstdə Albaniya qaz sənayesinin inkişafı üzrə Baş Planını yeniləyir və SOCAR və onun aidiyyəti strukturlarının yüksək qiymətləndirilən texniki dəstəyi ilə qaz nəqli sisteminin ötürücülük qabiliyyətini artırır ki, bu da gələcəkdə qaz tədarükü həcmlərinin mərhələli şəkildə artırılması üçün möhkəm əsas yaradır", - deyə səfir izah edib.
SOCAR-ın qazlaşdırma üzrə layihəsinin genişləndirilməsi
Kadiya qeyd edib ki, Korça şəhərinin qazlaşdırılması layihəsi flaqman və pilot layihə kimi nəzərdən keçirilir və onun mərhələli şəkildə Albaniyanın digər regionlarına yayılması istiqamətində güclü maraq mövcuddur.
"TAP vasitəsilə qaz tədarükü dayanıqlı xarakter aldıqca və daxili infrastruktur inkişaf etdikcə, Albaniya qaz şəbəkələrinin ölkənin digər şəhərlərinə və iqtisadi zonalarına genişləndirilməsi imkanlarını nəzərdən keçirir. Bu proses yenilənmiş qaz sənayesinin inkişafı üzrə Baş Plana uyğun olaraq mərhələli və əlaqələndirilmiş şəkildə, SOCAR və onun aidiyyəti strukturları ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Ortaq məqsəd enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir", - deyə o vurğulayıb.
"Yaşıl" enerji sahəsində əməkdaşlıq perspektivləri
Səfir həmçinin qeyd edib ki, Albaniya regional əlaqəliliyin gücləndirilməsinə və "təmiz" enerji mənbələrinin şaxələndirilməsinə yönəlmiş strateji təşəbbüsləri, o cümlədən Qara dəniz enerji kabeli layihəsini böyük maraqla izləyir. "'Yaşıl' energetikanın inkişafına və yeni enerji dəhlizlərinin formalaşdırılmasına sadiqliyi çərçivəsində Albaniya öz milli enerji strategiyasına və regional prioritetlərinə uyğun iştirak formalarını nəzərdən keçirməyə açıqdır. Albaniya iri enerji infrastruktur layihələrinin təşviqində Azərbaycanın aparıcı rolunu yüksək qiymətləndirir və Azərbaycan energetikasının - həm qaz, həm də bərpa olunan enerji sahəsində - regional enerji təhlükəsizliyinin təminində, o cümlədən Qərbi Balkanlarda mühüm əhəmiyyətini tanıyır.
Qaz sənayesinin inkişafı üzrə Baş Plan yeniləndikcə və enerji infrastrukturu genişləndikcə, Albaniya Azərbaycanın təcrübəsindən istifadəni və əməkdaşlığı, habelə Avropa İttifaqının dəstəyi ilə qarşılıqlı fəaliyyət formatlarını alqışlayır ki, bu da regional və Avropa enerji bazarlarına daha dərindən inteqrasiyaya və dayanıqlı, etibarlı enerji sistemlərinə keçidə töhfə verəcək", - deyə Kadia vurğulayıb.
O hesab edir ki, artıq həyata keçirilən flaqman layihələrlə yanaşı, Albaniya və Azərbaycan strateji və kompleks yanaşma əsasında enerji sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün əhəmiyyətli potensiala malikdir.
"Prioritet istiqamətlər sırasında enerji mənbələrinin şaxələndirilməsi, yeni dəhlizlərin inkişafı, bərpa olunan enerji layihələri, enerji yığım sistemləri, mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün infrastruktur, eləcə də təcrübə mübadiləsi və potensialın artırılması yer alır. Bununla yanaşı, Albaniya enerji sektorundan kənarda da əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir - ilk növbədə nəqliyyat əlaqəliliyi, ticarət və kiçik və orta sahibkarlıq tərəfdaşlığı, dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, təhsil, turizm və mədəni mübadilələr sahələrində.
İnstitusional qarşılıqlı əlaqələrin dərinləşdirilməsi, biznes icmaları arasında əlaqələrin inkişafı və birgə forumların keçirilməsi investisiyaların cəlb edilməsinə və ortaq təşəbbüslərin reallaşdırılmasına əlavə töhfə verəcək. Energetika, iqtisadiyyat, əlaqəlilik, innovasiya və humanitar təmasları ehtiva edən bu bütöv yanaşma həm Albaniya, həm də Azərbaycan üçün dayanıqlı sosial-iqtisadi faydaların təmin edilməsinə və ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək", - deyə o əlavə edib.
İnvestisiya imkanları
Kadia qeyd edib ki, Albaniya ölkənin milli inkişaf məqsədlərinə və ikitərəfli əməkdaşlıq gündəminə uyğun olan bir sıra prioritet sahələrdə Azərbaycan investisiyalarını alqışlayır.
"Enerji sahəsindən əlavə, Albaniya nəqliyyat və logistika, turizm və otel işi, dayanıqlı kənd təsərrüfatı və ərzaq məhsullarının emalı, rəqəmsal innovasiyalar və infrastrukturun inkişafı sahələrində investisiyalar üçün böyük potensial görür. Kiçik və orta biznes arasında ticarət və tərəfdaşlıq istiqamətində də imkanlar mövcuddur ki, buna AIDA və AZPROMO arasında əməkdaşlıq, eləcə də ticarət-sənaye palataları arasında əlaqələrin möhkəmləndirilməsi vasitəçilik edir.
Sabit investisiya mühiti, qanunvericiliyin davamlı harmonizasiyası, hədəfli biznes forumları və B2B təşəbbüsləri sayəsində Albaniya qarşılıqlı iqtisadi faydalar yaradan və hər iki ölkənin uzunmüddətli dayanıqlı inkişafına xidmət edən Azərbaycan investisiyalarının cəlb edilməsini asanlaşdırmağa çalışır", - deyə Albaniyanın səfiri vurğulayıb.
O qeyd edib ki, alban şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirakda maraq göstərirlər.
"Belə layihələrdə iştirak təcrübə bölüşmək, infrastruktur, tikinti və əlaqəli sahələrdə texnologiya və xidmətlər təqdim etmək imkanı yaradır. Bu qarşılıqlı fəaliyyət ikitərəfli iqtisadi əməkdaşlığın daha geniş çərçivəsinə uyğundur, ticarəti, investisiyaları və uzunmüddətli biznes tərəfdaşlıqlarını gücləndirir, habelə Albaniyanın dayanıqlı inkişafı və regional rifahı təşviq edən təşəbbüslərə dəstək öhdəliyini əks etdirir", - deyə Kadia bildirib.
İqtisadi əlaqələrin genişləndirilməsi üçün digər imkanlardan danışan səfir qeyd edib ki, Albaniya alban və azərbaycanlı şirkətlər arasında birgə müəssisələrin yaradılmasını ikitərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün strateji alət kimi alqışlayır.
"Belə tərəfdaşlıqlar təcrübə, texnologiya və resursların birləşdirilməsi üçün imkanlar yaradır, innovasiyaların təşviqinə, rəqabət qabiliyyətinin artırılmasına və birgə layihələrin uğurla həyata keçirilməsinə töhfə verir. Birgə müəssisələr xüsusilə energetika, infrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı və turizm kimi sahələrdə böyük potensiala malikdir, həmçinin ticarətin, investisiyaların və uzunmüddətli əməkdaşlığın inkişafına xidmət edir. Onlar dayanıqlı inkişafa və ikitərəfli münasibətlərin dərinləşdirilməsinə ortaq sadiqliyi əks etdirir", - deyə o izah edib.
Bundan əlavə, turizm əməkdaşlığından danışan səfir Azərbaycanın və Albaniyanın arasında birbaşa aviareyslərin açılmasını ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün strateji addım kimi alqışladıqlarını bildirib.
"Vizadan azad səyahət haqqında mövcud sazişə əsaslanan hava əlaqəsinin genişləndirilməsi biznes, turizm və mədəni mübadilələrin inkişafına, eləcə də insanlar arasında əlaqələrin güclənməsinə xidmət edəcək. Bu təşəbbüs ticarətin, investisiyaların və regional əlaqəliliyin genişləndirilməsi istiqamətində davam edən səyləri tamamlayaraq, hər iki ölkənin iqtisadi, mədəni və sosial tərəfdaşlığın dərinləşdirilməsinə ortaq sadiqliyini əks etdirir", - deyə o əlavə edib.
Azərbaycan və Ermənistan arasında sülh prosesi haqda
Səfir qeyd edib ki, Albaniya Azərbaycan və Ermənistan arasında dialoqda son dövrlərdə müşahidə olunan müsbət irəliləyişləri alqışlayır və ümid edir ki, bu addımlar münaqişənin uzunmüddətli həllinə gətirib çıxaracaq.
"Biz vəziyyəti diqqətlə izləməyə davam edirik və hər iki ölkənin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına dəstəyimizi bir daha təsdiqləyirik. Vurğulayırıq ki, beynəlxalq norma və prinsiplərə tam riayət olunmaqla aparılan konstruktiv dialoq Cənubi Qafqazda davamlı sülhün, barışığın və sabitliyin əldə olunmasının əsas açarıdır.
Albaniya hər iki ölkənin qarşıdurma əvəzinə dialoqa hazır olmasını yüksək qiymətləndirir və Prezident Trampın liderliyi ilə Ağ Ev səviyyəsində təsbit olunmuş sülh yolunda tarixi mərhələni alqışlayır. Biz bu razılaşmanı onilliklər davam edən münaqişənin başa çatmasını tərənnüm edən, münasibətlərin tam normallaşması, eləcə də regional etimadın, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün əsas yaradan mühüm addım kimi qiymətləndiririk", - deyə Kadia bildirib.
Qarşıda gözlənilən tədbirlər və səfərlər barədə
Səfir qeyd edib ki, Albaniya Azərbaycanla ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcək yüksək səviyyəli səfərlər və birgə tədbirlər silsiləsini səbirsizliklə gözləyir.
"İqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ikinci iclasının Tiranada keçirilməsi planlaşdırılır. Bu iclas konkret layihələrin təşviqi və institusional qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün platforma yaradacaq. Prezident Bayram Beqay 13-15 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək ki, bu da Albaniyanın mədəni və intellektual mübadiləyə sadiqliyini nümayiş etdirir.
Bundan savayı, 18 may 2026-cı il tarixində Bakıda keçiriləcək "WUF13" çərçivəsində dünya liderlərinin xüsusi görüşlərində Baş nazir Edi Ramanın iştirakı gözlənilir ki, bu da Albaniyanın regional və qlobal dialoqlarda fəal rolunu əks etdirir. Digər bir sıra səfərlər və birgə təşəbbüslər təsdiqlənmə mərhələsindədir ki, bu da hər iki ölkənin iqtisadi, mədəni və texnoloji sahələrdə əməkdaşlığın genişləndirilməsinə qarşılıqlı sadiqliyini göstərir",- deyə Kadia yekunlaşdırıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре