Bakıda "kupçasız" ev problemi - Çıxarışlı əmlakın hansı üstünlükləri var?
Bakıda daşınmaz əmlak bazarının ən problemli məsələlərindən biri çıxarışsız evlərdir. İllərdir davam edən nizamsız tikinti, torpaq təyinatının dəyişdirilməsi və sənədləşmə problemləri nəticəsində paytaxtda minlərlə yaşayış evi hələ də rəsmi mülkiyyət sənədi olmadan istifadə olunur.
Bakıda və Abşeron yarımadasında kupçasız evlərin sayı təxminən 400-500 min arasında göstərilir. Bu evlərin böyük hissəsi əsasən şəhərin kənar qəsəbələrində və sonradan sürətlə salınmış yaşayış massivlərində yerləşir.
Bəs çıxarışı olan evin, çıxarışı olmayan evdən üstünlükləri nələrdir?
Mövzu ilə bağlı Day.Az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev qeyd edib ki, çıxarışların olmaması vətəndaşların hüquqi vəziyyətinə ciddi təsir göstərir.
"Belə əmlaklar rəsmi qeydiyyatdan keçmədiyi üçün onların alqı-satqısı, bağışlanması, irs kimi hüquqi əməliyyatlar həyata keçmir, bu evlər ipoteka predmetinə çevrilə bilmir və bank kreditləri üçün girov kimi istifadə edilə bilmir. Bu isə həm vətəndaşların maliyyə imkanlarını məhdudlaşdırır, həm də daşınmaz əmlak bazarında qeyri-şəffaflığa səbəb olur. Eyni zamanda dövlət bu əmlaklara görə əmlak və torpaq vergisi daxil etmir ki, bu da büdcəyə əlavə mənfəət qazandırmır. Eləcə də bəzi hallarda kommunal xidmətlərin rəsmiləşdirilməsi çətinləşir."

Xarici təcrübədən danışan ekspert bildirib ki, oxşar təşəbbüslərlə qeyri-rəsmi tikililər sənədləşdirilərək hüquqi dövriyyəyə daxil edilib, həm bazar şəffaflaşıb, həm də dövlət gəlirləri artıb.
"Azərbaycanda da belə bir amnistiya nəticəsində, qadağan olunmuş sahələr xaricində qalan sənədsiz evlərin çıxarışla təmin olunması mümkün ola bilər. Bu yanaşma evləri rəsmi mülkiyyətə çevirməklə vətəndaşların hüquqlarını tanımaqla yanaşı, vətəndaşların qeydiyyata düşməsinə və bank xidmətlərindən yararlanmasına da şərait yaradar."
Ekspert deyib ki, amnistiyanın tətbiqi nəticəsində bu problemlərin qısa müddətdə - bir neçə il ərzində öz həllini tapması real görünür.
"Əgər çıxarışlar geniş şəkildə verilərsə, bu həm vətəndaşların sosial rifahını yaxşılaşdırar, həm də əmlak bazarında qiymət artımının qarşısını alar. Bazarda sənədləşmiş evlərin sayı artdıqca bu əmlaklar ipoteka bazarına daxil ola bilər və bazar daha sağlam şəkildə inkişaf edər. Bu da tikinti sektoru ilə əlaqəli digər sahələrin - tikinti materialı istehsalı, sənaye müəssisələri və logistika kimi sahələrin inkişafına töhfə verər. Ümumiyyətlə, sənədsiz evlərlə bağlı çıxarışların verilməsi və ya hər hansı keçid sənədinin tətbiqi bu sahədəki problemlərin köklü şəkildə həllinə yardımçı ola bilər. Belə bir yanaşma vətəndaşların mülkiyyət hüququnu qorumaqla bərabər, dövlət büdcəsinə əlavə gəlir gətirər və əmlak sektorunun inkişafını dəstəkləyər."
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре