AZAL donanmasındakı təyyarlərin sayını təxminən iki dəfə artıracaq

AZAL donanmasındakı təyyarlərin sayını təxminən iki dəfə artıracaq.

Day.Az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev APA İnformasiya Agentliyi və Azərbaycan Dövlət Televiziyasına (AzTV) müsahibəsində deyib. 

"AZAL-ın inkişaf strategiyası bir neçə əsas istiqamət üzərində qurulub və bu strategiyanın mərkəzində ilk növbədə təhlükəsizlik dayanır. Bununla yanaşı, davamlı və balanslı böyümə, sərnişin təcrübəsinin yaxşılaşdırılması, əməliyyat dayanıqlığı və rəqəmsal transformasiya da əsas prioritetlərdən biri hesab olunur. Donanmamızın mərhələli şəkildə yenilənməsi də AZAL-ın ən vacib prioritetlərindən biridir. Hazırda AZAL-ın donanmasında 26 təyyarə mövcuddur və yeni strategiyamıza əsasən, 2032-ci ildədək təyyarə sayını 50-nin üzərinə çıxarmağı planlayırıq", - o bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə tərəfimizdən davamlı danışıqlar aparılır, müqavilələr üzərində çalışırıq.

"Artıq bu günə kimi donanmamıza 6 yeni Airbus A320neo təyyarəsi daxil olub. Qeyd etmək istərdim ki, 10 gün əvvəl parkımıza 6-cı A320neo təyyarəsini əlavə elədik və bu ilin sonuna kimi də əlavə 7 təyyarənin daxil olması planlaşdırılır. Bunlardan 6-sı Airbus A320neo və 1-i isə Boeing 787-9 təyyarəsidir", - Samir Rzayev bildirib.

O qeyd edib ki, Azərbaycan Hava Yolları eyni zamanda, beynəlxalq əlaqələrin marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində davamlı işlər görməkdədir.

"2025-ci ildə "Uzbekistan Airways", "Gulf Air" və bir müddət əvvəl "Air Serbia" ilə kod-şerinq müqavilələri bağlanıb. Hal-hazırda AZAL-ın 12 kod-şerinq müqaviləsi mövcuddur və eyni zamanda da 40-dan çox "interline" müqavilələri üzrə fəaliyyət göstərməkdəyik. Bildiyiniz kimi, AZAL öz donanmasında əlavə olaraq 4 ədəd icarə təyyarələrindən də istifadə etməkdədir və buna da səbəb yüksək sərnişin tələbatıdır ki, həmin tələbatın qarşılanması üçün bundan istifadə olunub. Təqribən bu ilin noyabr ayınadək yeni təyyarələr parkımıza daxil olandan sonra həmin təyyarələrin geri qaytarılması nəzərdə tutulub", - Samir Rzayev əlavə edib.