"Geri dönüş yoxdur" : Avropa ABŞ-dan uzaqlaşır

ABŞ-nin nüfuzlu "The Wall Street Journal" nəşrində ABŞ və Avropa siyasi münasibətlərində soyuq yellərin əsməsindən bəhs edən və bir sıra pərdəarxası məqamları üzə çıxaran məqalə dərc olunub. "Artıq geri dönüş yoxdur : Avropanın ABŞ ilə ayrılığının pərdəarxası" adlı məqaləyə əsasən, ABŞ Prezidenti Donald Trampın tarif siyasəti və Qrenlandiya ilə bağlı hədələri Avropa liderlərini Vaşinqtona qarşı çıxmağa vadar edib.

Day.Az Trend-ə istinadən həmin məqaləni təqdim edir:

Brüsseldə gecə 12-ə az qalırdı. Avropa liderləri artıq beş saat idi ki, yalnız bir mövzuya həsr olunmuş fövqəladə iclasda iştirak edirdilər: Amerika ilə yolların ayrılması prosesini necə idarə etsinlər.

Yeni ilin başlamasından cəmi üç həftə keçmişdi. Prezident Tramp Venesuelanın avtoritar liderini hakimiyyətdən uzaqlaşdırdıqdan sonra qısa müddət ərzində Danimarkadan Qrenlandiyanı ələ keçirməklə hədələmişdi. Avropa Şurasının "Kosmik Yumurta" (The Space Egg) kimi tanınan qərargahında dairəvi masa arxasında toplaşan hökumət başçıları ABŞ-nin 47-ci prezidenti barədə o qədər emosional danışırdılar ki, iclasda iştirak edən 30-a yaxın liderdən bəziləri sonradan həmin görüşü "terapiya gecəsi" adlandıracaqdılar. İclasda nə kameralar, nə də səs yazısı var idi. Prezidentlərə və baş nazirlərə açıq danışa bilmələri üçün tək gəlmək, mobil telefonlarını isə kənarda qoymaq tapşırılmışdı.

"Biz burada bir xətt çəkirik", - Fransa Prezidenti Emmanuel Makron iclasda iştirak edən bir neçə liderin və onların yüksəkvəzifəli köməkçilərinin sözlərinə görə, çıxışına belə başladı.

Bir il ərzində ABŞ-nin ən yaxın müttəfiqləri qarşılıqlı müdafiə və ticarət məsələlərində güzəştlər edərək, eyni zamanda Trampa təriflər yağdırmaqla vaxt qazanmağa çalışmışdılar. İndi isə Fransanın hərbçiləri ABŞ ilə silahlı qarşıdurmaya hazırlaşdırılmış Danimarkanın xüsusi təyinatlı qüvvələri ilə birlikdə Qrenlandiyada yerləşdirilmişdi. Fransa prezidenti illərdir israr etdiyi mövqeni daha zəruri tonda səsləndirdi: Avropanın ABŞ-dən həddindən artıq asılılığı təhlükəsizlik riski yaradır.

"Artıq geri dönüş yoxdur", - deyə o bildirdi.

Bir sıra Avropa liderləri administrasiyanı ABŞ-nin dünyadakı ənənəvi rolunu qorumaqdansa, daha çox mədənçilik və enerji sazişləri ilə maraqlanmaqda ittiham etdilər. Belçikanın baş naziri narazılıqla bildirdi ki, Avropa ABŞ-nin "acınacaqlı quluna" çevrilmək təhlükəsi ilə üz-üzədir. İtaliyanın mühafizəkar baş naziri Corcia Meloni isə fərqli mövqe sərgilədi. İclas iştirakçılarının sözlərinə görə, o, zalda toplaşmış daha liberal düşüncəli liderlərə dedi ki, onlar Prezident Trampı bəyənməsələr də, onunla yenə də məntiqli şəkildə danışmaq mümkündür.

Meloninin sol tərəfində Danimarkanın baş naziri Mette Frederiksen əyləşmişdi və özünü ələ almağa çalışırdı. Tramp ilə bir həftə davam edən gərgin qarşıdurmadan sonra Frederiksen o qədər sarsılmış görünürdü ki, Almaniya kansleri Fridrix Merts onun vəziyyəti ilə maraqlanaraq "Yaxşısan?"deyə soruşdu.

Saatlar keçirdi. Hamı eyni anda danışırdı. Müzakirənin nəticələri o qədər taleyüklü idi ki, söhbət qeyri-real təsir bağışlayırdı: 250 illiyini qeyd edən ABŞ - uzun illər Avropanın qoruyucusu olmuş ölkə - artıq onun üçün təhlükəyə çevrilmişdimi?

İclas iştirakçılarından bir neçəsi zalda olmayan bir şəxsin adını çəkdi. Kanadanın yeni baş naziri Mark Karni Londonda işlədiyi dövrdən qalmış Böyük Britaniya telefon nömrəsindən istifadə edərək Avropanın aparıcı liderlərinə mütəmadi mesajlar göndərir və onları "köhnə Amerikanın artıq geri qayıtmayacağına" inandırmağa çalışırdı. Davosda keçirilən illik forumda etdiyi sərt çıxışdan sonra isə onun arqumentləri daha çox dəstək qazanmağa başlamışdı.

"Kanada artıq bizim etməli olduqlarımızı açıq şəkildə dilə gətirir", - İspaniyanın Baş naziri bildirdi.

Sonrakı aylarda yanvar böhran iclası Avropanın ən nüfuzlu siyasi xadimlərinin yaddaşında İkinci Dünya müharibəsindən sonra ortaq taleyə və qan bağına əsaslanan tərəfdaşlıq qurmuş ölkələrin ilk dəfə fərqli yollar axtarmağa başladığı dönüş nöqtəsi kimi qalacaqdı.

Hələ heç kim rəsmi şəkildə "boşanma ərizəsi" verməyib və hər iki tərəfdə mühüm fiqurlar sevgisiz bir evliliyi davam etdirmək üçün ciddi səylər göstərirlər. Avropa ilə ABŞ arasındakı əlaqələri tamamilə ayırmaq son dərəcə mürəkkəb proses olardı. Avropanı daha şıltaq ABŞ-dən asılılığı azaltmağa çağıran Kanada isə paradoksal olaraq, dünyada Birləşmiş Ştatlardan ən çox asılı olan ölkələrdən biridir.

Hərbi baxımdan müttəfiqlərin tamamilə ayrı yollarla getməsini təsəvvür etmək çətindir. Bu həftə keçiriləcək Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) sammiti qarşılıqlı etimadsızlığın artdığı bir vaxtda liderlərin Qərbin hərbi gücünün simvollarından birini qoruyub saxlamaq iradəsini sınağa çəkəcək.

Ağ Evdən bildirilib ki, Tramp Türkiyədə keçiriləcək zirvə toplantısında "bir çox dünya lideri ilə konstruktiv və açıq söhbətlər aparmağı" səbirsizliklə gözləyir.

"Prezident Tramp ABŞ-nin dünya səhnəsindəki nüfuzunu effektiv şəkildə bərpa edib və NATO üçün indiyədək hamıdan çox iş görüb", - Ağ Evin sözçüsü Anna Kelli bildirib. "O, həmçinin hesab edir ki, NATO-nun bəzi üzvləri öhdəliklərini yerinə yetirmək üçün daha çox iş görməlidirlər."

Bununla belə, Avropa demokratiyalarının ən yüksək siyasi dairələrində hazırda aparılan və bu məqalədə ilk dəfə ətraflı təsvir olunan səmimi qapalı müzakirələr qarşıda olduqca təhlükəli yolun olduğunu göstərir.

ABŞ-nin müttəfiqləri misli görülməmiş "Amerikasızlaşma" eksperimentini sürətləndirməyə başlayıblar. Fransadan Niderlanda qədər dövlət qurumları səssiz şəkildə Amerika texnologiyalarını öz sistemlərindən çıxarır, Avropanın açıq mənbəli proqram təminatına keçir və dövlət qulluqçularına artıq "Microsoft Teams" və "Microsoft Office"dən istifadə etməməyi tövsiyə edirlər. Gec də olsa, onlar ABŞ texnologiya nəhənglərindən asılılığı azaltmaq məqsədilə Avropanın özəl kosmik şirkətlərini, süni intellekt müəssisələrini və məlumat emalı mərkəzlərini inkişaf etdirmək üçün yüz milyardlarla dollar vəsait ayırırlar.

Avropalılar ABŞ ilə münasibətlər daha da gərginləşəcəyi təqdirdə məlumatlarını harada saxlayacaqları, ödəniş sistemlərini necə işlədəcəkləri, həmçinin ABŞ istehsalı olan silahların Vaşinqtonun icazəsi olmadan nə dərəcədə effektiv fəaliyyət göstərə biləcəyi ilə bağlı araşdırmalar aparırlar. Vaxtilə dünyanın böyük hissəsinə hökmranlıq etmiş dövlətlər indi ABŞ-ni qəzəbləndirmədən onun texnologiyası və hərbi gücündən alçaldıcı asılılıqdan xilas olmağın yollarını axtarırlar.

ABŞ-nin son addımları isə avropalıların qətiyyətini daha da möhkəmləndirib. Mart ayında Avropa Şurası liderləri yenidən "Kosmik Yumurta"da toplandıqda, Trampın İrana endirdiyi hava zərbələri bütün qitədə yanacaq qiymətlərini artırmışdı və kansler Merts qəzəbli idi. İclas iştirakçılarının sözlərinə görə, o bildirmişdi ki, Yaxın Şərqdə başlayan yeni müharibənin yeganə qalibi Rusiya olacaq. Bəzi iştirakçılar hətta istehzalı şəkildə Cey. Di. Vensin prezidentliyinin daha üstün seçim olub-olmayacağını müzakirə etməyə başladılar. Hətta İtaliyanın Baş naziri də ABŞ Prezidentinə münasibətini yenidən nəzərdən keçirdiyini etiraf etdi.

"Tramp məntiqli davranmır", - Meloni təəssüflə dedi.

Bu tarixi dönüşü anlamaq üçün "The Wall Street Journal" hökumət başçıları, nazirlər və onların yüksəkvəzifəli köməkçiləri ilə söhbətlər apararaq alyansın parçalanmağa başladığı qapalı görüşləri yenidən canlandırıb. Qəzet həmçinin bəzi iştirakçıların apardığı ətraflı qeydlərlə yanaşı, Avropa kəşfiyyat xidmətlərinin yeni Vaşinqton administrasiyası ilə işləməyə çalışan liderlərə təqdim etdiyi məxfi qiymətləndirmələrlə də tanış olub.

Cənubi Avropadan olan qiymətləndirmələrdən birində deyilir:

"Siz institusional qaydalar əsasında fəaliyyət göstərən administrasiya ilə deyil, emosional və gözlənilməz davranan tək bir insanla işləyirsiniz."

Vaşinqtondakı qorxu mühitindən təsirlənən Böyük Britaniyanın MI6 xarici kəşfiyyat xidməti Baş nazir Kir Starmerə daha obrazlı xəbərdarlıq edib. Xidmətin qiymətləndirməsində bildirilirdi ki, Trampın ikinci Ağ Evi "Salem cadugərlərinin məhkəmələrini təsvir edən "The Crucible" ilə VIII Henrinin sarayından bəhs edən "Wolf Hall" əsərlərinin qarışığını xatırladır". Britaniya kəşfiyyatı əməkdaşlarına Mərkəzi Kəşfiyyat İdarəsindəki (CIA) həmkarları ilə söhbətlərdə prezident mövzusunu qaldırmamaq barədə göstəriş verib.

Araşdırma göstərir ki, yeni Vaşinqton administrasiyasına necə yanaşmaq məsələsində müttəfiqlərin ortaq mövqeyinin formalaşmasında Kanada mühüm rol oynayıb. Trampın ölkənin şimal qonşusunu ABŞ-ın 51-ci ştatına çevirməklə bağlı hədələri gözlənilməz nəticələr doğuran və hələ də təsirini göstərən prosesə təkan verdi. Bu hadisələr 2008-2009-cu illərin qlobal maliyyə böhranından sonrakı dövrdə Qərbin getdikcə daha qeyri-proqnozlaşdırılan tək bir ölkədən həddindən artıq asılı olması barədə nəzəriyyə formalaşdıran keçmiş mərkəzi bank rəhbəri Mark Karninin hakimiyyətə gəlməsi ilə nəticələndi. Baş nazir olduqdan sonra isə o, öz nəzəriyyəsini praktikada həyata keçirməyə başladı.

İlk vaxtlar cəmi bir neçə müttəfiqin, xüsusilə də Fransanın dəstəyinə malik olan Karni digər liderləri inandırmağa çalışırdı ki, onların üzləşdiyi struktur asılılığı Trampı razı salmaqla aradan qaldırmaq mümkün deyil. Onun yanaşması digər nüfuzlu fiqurun - NATO-nun baş katibi Mark Ruttenin mövqeyindən fərqlənirdi. Təcrübəli siyasətçi olan Rutte ABŞ-ın rəhbərlik etdiyi alyansı qoruyub saxlamaq üçün, qismən də olsa, onun mərkəzində duran lideri tərifləmək taktikasından istifadə edirdi. Avropa mətbuatı bu yanaşmanı "yaltaqlıq diplomatiyası" adlandırmışdı.

Arada qalan onlarla müttəfiq üçün vəziyyət son dərəcə həssas idi. Onlar hələ də cavabsız qalan mühüm suallar qarşısında idilər: Trampın Avropaya qarşı mənfi münasibəti yalnız onun şəxsi mövqeyi olaraq qalacaq, yoxsa ABŞ-ın yeni norması olacaq? Onlar Vaşinqtonu inandırmaq üçün daha çox Amerika texnologiyası və silahı almalı, bununla da alyansın ABŞ iqtisadiyyası üçün faydalı olduğunu göstərməlidirlər? Yoxsa öz imkanlarını inkişaf etdirərək "Qərb" adlanan birliyin bir gün dağılmasına hazırlaşmalıdırlar?

"Trampın dilini bilən adam"

Bu hadisələrdən bir il əvvəl - 2025-ci ilin fevralında - Rutte Brüsselin XVI əsrə aid Eqmont sarayında yerləşən, çilçıraqlarla işıqlandırılan uzun ziyafət masası arxasında əyləşmiş narahat Avropa liderlərinə yeni prezident kimi vəzifəsinin icrasına başlamış Donald Trampla necə davranmaq lazım olduğunu emosional jestlərlə izah edirdi.

ABŞ Prezidentinin ikinci səlahiyyət müddətinin başlamasından cəmi bir neçə gün sonra Tramp Avropaya qarşı gömrük rüsumları tətbiq etməklə hədələyirdi. Oğlu Donald Tramp-kiçik isə "MAGA" papaqları verilmiş yerli sakinlərlə şəkil çəkdirmək üçün Qrenlandiyaya getmişdi. Danimarkanın baş naziri Mette Frederiksen və Böyük Britaniyanın baş naziri Kir Starmer də Brüsseldə idilər ki, Avropa İttifaqı, Böyük Britaniya, Danimarka və NATO liderləri vahid strategiya barədə razılığa gələ bilsinlər. Görüş tam məxfi keçirilirdi və rəsmi qeydə alınmırdı. Casusluq riskindən yayınmaq üçün tədbirin keçiriləcəyi məkan son anda dəyişdirilmişdi.

Hündürboylu və televiziya ekranları üçün cəlbedici görünüşə malik olan Rutte 2020-ci il seçkilərindəki məğlubiyyətindən sonra da Tramp ilə dostluq münasibətlərini qoruyub saxladığı və "Trampın dilini bilən adam" kimi tanındığı üçün qismən NATO-ya rəhbər seçilmişdi. Nahar zamanı o, sonradan əsas strategiyasına çevriləcək qısa təklif irəli sürdü:

"Trampa bir qələbə qazandırın."

İclasda iştirak edən bir neçə liderin sözlərinə görə, Rutte bildirib:

"Biz müdafiəyə ÜDM-in 3,5 faizi həcmində vəsait ayırmalıyıq."

Bu göstərici ABŞ-nin müdafiə xərclərinə yaxın idi və NATO-nun yeni nail olduğu ÜDM-in 2 faizi hədəfindən xeyli yüksək idi. Tramp isə həftələrlə bu rəqəmin 5 faizə qaldırılmasını tələb edirdi. Avropa rəsmiləri bunu Trampın növbəti şişirdilmiş bəyanatı hesab etsələr də, Ruttenin təklif etdiyi 3,5 faizlik orta variant NATO-nun Rusiya ilə mümkün müharibə ssenarilərini araşdıran hərbi planlaşdırıcılarının hesablamalarına əsaslanırdı.

Avropa diplomatiyasına xas üslubda liderlər növbə ilə həm bu təklifi dəstəklədiklərini bildirir, həm də konkret öhdəlik götürməkdən yayınırdılar. Almaniya məqsədi başa düşdüyünü desə də, müzakirələrin nə qədər vəsait xərclənəcəyinə deyil, hansı silahların alınacağına yönəlməsinin daha məqsədəuyğun olacağını bildirdi. İtaliyanın baş naziri Corcia Meloni müdafiə xərclərini artırmaq istədiyini söylədi, lakin ictimai rəyin buna ciddi müqavimət göstərdiyini, üstəlik, Avropa İttifaqının büdcə qaydalarının buna imkan vermədiyini vurğuladı. Rumıniya Prezidenti də bu yanaşmanı dəstəklədiyini bildirsə də, sual etdi: "Bu, qitədə silahlanma yarışına səbəb olmazmı?"

50 yaşlarının sonlarında olan Rutte bütün həyatı boyu ABŞ-nin qlobal gücünün əvəzolunmaz roluna inanmışdı. Niderlandın keçmiş Şərqi Hindistan müstəmləkəsində hərbi əsir düşmüş atası, ehtimal ki, ABŞ qüvvələri Sakit okean bölgəsində hücuma keçməsəydi, Yaponiyanın əsirliyində həyatını itirəcəkdi. Niderland tarixində ən uzun müddət baş nazir postunu tutmuş siyasətçi olan Rutte gənclik illərində ABŞ-nin keçmiş prezidenti Ronald Reyqanın pərəstişkarı idi və hesab edirdi ki, Amerikanın hərbi qüdrəti və onun nüvə çətiri parçalanmalarla üzləşən Avropa qitəsində sülhün əsas təminatı olaraq qalacaq. O, demək olar ki, heç vaxt məzuniyyətə çıxmır, işdən gec saatlarda velosipedlə evə qayıdır və pianoda ifa edir.

Rutte bildirirdi ki, Vaşinqtonun dəstəyi olmadan çoxu yüksək borc yükü altında olan onlarla Avropa ölkəsindəki müxtəlif koalisiya hökumətləri, xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra müharibə onların qapısına gəlib çatdığı bir vaxtda, təkcə müdafiəyə ümumi daxili məhsullarının (ÜDM) 10 faizindən çoxunu xərcləməli olacaqlar. Üstəlik, ABŞ-nin nüvə potensialını əvəz edə biləcək arsenalın yaradılmasının siyasi çətinliklərini də nəzərə almaq lazım idi. NATO-ya üzv dövlətlər tərəfindən yekdilliklə baş katib seçilən Rutte hesab edirdi ki, Qərbin mərkəzi olaraq ABŞ-ni qoruyub saxlamaqdan başqa alternativ yoxdur. ABŞ-nin aparıcı rol oynamadığı yeni Qərb ideyasına isti yanaşan liderlərə isə onun cavabı qısa idi:

"Xəyallar qurmağa davam edin".

 

O, zarafatla deyirdi: "Böyük vizyonları olan insanlar həkimə müraciət etməlidirlər".

Karyerasının zirvəsində olan Rutte yaxın çevrəsinə deyirdi ki, onun əsas missiyası Trampı və ABŞ-ni alyansa sadiq saxlamaqla NATO-nu qorumaqdır. Trampla qapalı görüşlərdə daha sərbəst danışmaq imkanı qazanmaq üçün isə o, ABŞ Prezidentini açıq şəkildə dəstəkləyən və tərifləyən açıqlamalar verməyə başladı.

Az sonra digər Avropa liderləri də onun yolunu tutdular. Finlandiya prezidenti və Norveçin Baş naziri Trampa göndərəcəkləri mesajların mətnini birlikdə hazırlayır, hansı sözlərin böyük hərflərlə yazılmalı olduğunu müzakirə edirdilər. Bəzən Norveçin baş naziri mesajı finlandiyalı həmkarının göndərməsinə üstünlük verirdi. Şimali Avropa rəsmiləri narahat idilər ki, Nobel Sülh Mükafatının vətəni olan Norveçin adının çəkilməsi Trampın köhnə narazılıqlarını yenidən alovlandıra bilər.

Avropalılar çox vaxt Trampın istifadə etdiyi ifadələri ona qarşı işlədirdilər. Məsələn, Prezident Vladimir Putinin Ukraynada atəşkəsə qarşı mövqeyini dəstəklədikdən sonra onlar faktiki olaraq atəşkəsdən ibarət olan sülh planlarını "qırğınların dayandırılması" kimi təqdim etməyə başladılar. Tramp Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayeni Rusiyaya qarşı sanksiyaları müdafiə etdiyinə görə tənqid etdikdən sonra isə o, iqtisadi təzyiq tədbirlərini "tariflər" adlandırmağa başladı.

Ardıcıl şəkildə bir çox lider Ağ Evə səfər edir, əvvəlcədən razılaşdırılmış danışıq məqamlarından istifadə etməklə Trampa təsir göstərməyə və açıq fikir ayrılıqlarından yayınmağa çalışırdı. Trampın ikinci prezidentlik müddətinin ilk həftələrində Emmanuel Makron NATO və Ukrayna məsələlərini müzakirə etmək üçün Vaşinqtona getdi. Onlar saatlarla söhbət etdilər və ABŞ prezidenti Makronun fikirlərinə açıq görünürdü. Daha sonra planşet vasitəsilə Kanadanın o vaxtkı baş naziri Castin Trüdonun iştirakı ilə videokonfransa qoşuldular. Lakin Trüdo danışarkən texniki problem səbəbindən söhbətə qoşula bilməyən Tramp əsəbiləşərək planşeti "Resolute" masasının üzərindən yerə atdı. Bu barədə görüşdə iştirak edən rəsmilərdən biri məlumat verib.

Almaniya kansleri Fridrix Merts Ağ Evə səfəri zamanı Trampı "tamamilə normal" vəziyyətdə görməsinə təəccüblənmişdi. Görüşdə iştirak edən rəsmilərdən birinin sözlərinə görə, Tramp diqqətlə dinləyir, suallar verir, yeni məlumatlara açıq yanaşır və bəzi məsələlər üzrə kifayət qədər məlumatlı görünürdü. Bununla yanaşı, Ukraynadakı hərbi vəziyyət də daxil olmaqla, bəzi mühüm mövzularda onun məlumatsızlığı da təəccüb doğururdu.

Söhbət zamanı Tramp Mertsə göstərmək istədiyi bir şey olduğunu dedi və onu Oval kabinetin yaxınlığındakı kiçik otağa apardı.

"Bura Levinski otağıdır", - deyə Tramp bildirdi.

O, otağı qırmızı MAGA papaqları və Florsheim markalı klassik ayaqqabı qutuları da daxil olmaqla müxtəlif kampaniya atributları ilə doldurmuşdu.

"İstədiyinizi götürün", - Tramp mehribanlıqla alman qonaqlarına dedi və əlavə etdi ki, onların həyat yoldaşları bu əşyaları "minlərlə dollara sata bilərlər".

Ruttenin tərif dolu siyasəti Trampın NATO-ya marağını qoruyub saxlayırdı. Lakin aprel ayında ABŞ-nin NATO-dakı yeni səfiri Metyu Uitaker Brüsseldəki qərargaha Vaşinqtondan yeni mesaj gətirdi: ÜDM-in 3,5 faizi artıq kifayət etməyəcəkdi. Yeni hədəf 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq idi və bu öhdəlik iyunda keçiriləcək NATO sammitində qəbul edilməli idi.

Rusiya ilə sərhəddə yerləşən NATO ölkələri bu tələbin məntiqini başa düşsələr də, digər müttəfiqlər bunu təəccüblə qarşıladılar.

Maliyyə yükünü azaltmaq üçün Uitaker yeni plan təklif etdi. Plana əsasən, müdafiə xərclərinə ayrılan 3,5 faizə əlavə olaraq ÜDM-in daha 1,5 faizi hava limanlarının uçuş-enmə zolaqları, meteoroloji xidmətlər və kibertəhlükəsizlik kimi "təhlükəsizliklə bağlı investisiyalar" üçün nəzərə alına bilərdi. Bu sahələrə dövlətlər onsuz da vəsait ayırırdılar.

Rutte bu ideyanı dərhal dəstəklədi və tərəddüd edən ölkələri sakitləşdirməyə çalışdı. O bildirdi ki, müəyyən körpü və tunellər də Rusiya ilə mümkün müharibə zamanı strateji əhəmiyyət daşıdığı üçün həmin kateqoriyaya daxil edilə bilər. Qapalı görüşlərdə o, avropalı həmkarlarına izah edirdi ki, əsas məsələ Trampın ehtiyac duyduğu "5 faiz" rəqəmini əldə etməkdir. Praktikada isə hamı anlayırdı ki, maliyyə imkanları məhdud olan hökumətləri on il sonra bu hədəfə çatmağa məcbur edən olmayacaq.

2025-ci ildə Haaqada keçiriləcək NATO sammiti yaxınlaşdıqca etiraz edən ölkələr hələ də qalırdı. Belçika və Slovakiya yalnız Rutte Ukraynaya göstərilən yardımın da müdafiə xərcləri kimi hesablanacağını bildirdikdən sonra razılıq verdilər. Kanadanın yeni seçilmiş baş naziri Mark Karni də yeni hədəfi dəstəklədi və həmkarlarına dedi ki, bu məsələdə Tramp haqlıdır.

Yeganə güzəştə getməyən ölkə İspaniya oldu. Baş nazir Pedro Sançes israr edirdi ki, 5 faiz tamamilə əsassız və təsadüfi müəyyən edilmiş göstəricidir.

54 saat ərzində NATO rəsmiləri ispan həmkarları ilə fasiləsiz yazışmalar apardılar. Madrid faktiki olaraq əksər müttəfiqlərin özlərinin də yerinə yetirməyəcəyi hədəfə qoşulmaqdan imtina edirdi.

Nəticədə tərəflər fikir ayrılığını qəbul etdilər. Rutte Sançesin sonradan ictimaiyyətə açıqladığı məktubda yazdı ki, İspaniya hədəflərə çatmaq üçün "öz suveren yolunu" seçə bilər və onun nəticələri 2029-cu ildə qiymətləndiriləcək.

İyunun 24-də Tramp Ruttenin doğma şəhəri Haaqaya gəldi. NATO-nun baş katibi burada ona xarici siyasətdə böyük qələbə qazandırdı.

"NATO artıq ABŞ üçün yük deyil", - Tramp bəyan etdi.

Bundan sonra Qərbin ən nüfuzlu liderləri qapalı iclasda növbə ilə Trampı tərifləyərək onun tərk etməklə hədələdiyi alyansı gücləndirdiyini bildirdilər. Lakin Mark Karni daha ehtiyatlı davranırdı. Onun köməkçiləri hesab edirdilər ki, Tramp bu təriflərin səmimi olmadığını anlayacaq və buna görə də onları daha az qiymətləndirəcək.

Bəzi liderlər gərginliyi yumşaltmağa çalışırdılar. Sloveniyanın baş naziri müdafiə xərclərini artırmağa məcbur etdiyi üçün Trampa təşəkkür etdi və zarafatla dedi ki, slovenlərin nə qədər inadkar ola biləcəyini ən yaxşı Melaniya Trampın həyat yoldaşı bilir. Tramp bu zarafata gülümsədi.

Bolqarıstanın baş naziri isə bütün bu nümayişkaranə təriflərin nə qədər süni göründüyünü hiss etməyə bilmədi.

"Zalda gülüş səsləri eşidilirdi, lakin bu gülüşlərin arxasında dərin narahatlıq gizlənirdi," - o dövrdə Bolqarıstanın Baş naziri olmuş Rosen Jelyazkov bildirib.

"Avropa liderləri hələ də Donald Trampı diplomatik yaltaqlıq və şəxsi cazibə vasitəsilə idarə edə biləcəklərinə inanırdılar".

"Azalan effektivlik"

Bir neçə həftə sonra Tramp ilə Putinin avqustun ortalarında Alyaskada keçirdiyi sammit Avropada yenidən həyəcan təbili çaldı. Tramp görüşdən Ukraynanın müharibədə qalib gəlmək şansına şübhə ilə yanaşan və münaqişəni Avropanın deyil, daha çox Moskvanın maraqlarına uyğun şərtlərlə başa çatdırmağı nəzərdə tutan Rusiya planına maraq göstərən bir lider kimi ayrıldı.

Avropa ölkələrindən birinin hazırladığı və yalnız məhdud dairə üçün nəzərdə tutulmuş məxfi kəşfiyyat hesabatında Tramp administrasiyasının Kreml ilə həyata keçirməyə çalışdığı kommersiya və iqtisadi layihələr barədə məlumat yer alırdı. Bu planlara Arktikada nadir torpaq elementlərinin birgə hasilatı da daxil idi.

Fransa Prezidenti Emmanuel Makron şifrələnmiş qrup yazışmasında digər Avropa liderlərinə müraciət edərək təklif etdi ki, onlar Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstək vermək məqsədilə birlikdə təcili şəkildə Vaşinqtona gedərək Tramp ilə görüşsünlər.

Altı Avropa prezidenti və baş naziri, həmçinin NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen simli kvartetin müşayiəti altında Ağ Evə daxil oldular və televiziya kameralarının qarşısında Trampın danışıqlar aparmaq bacarığını təriflədilər.

"Çox sağ olun, Mark", - Tramp Rutteyə müraciətlə dedi. "Siz böyük lidersiniz. Möhtəşəm iş görürsünüz."

Bunu izləyən Makronun isə narahat göründüyü bildirilir.

Trampın ilk prezidentlik dövrünün başlanğıcından etibarən vəzifədə olan Makron üçün Ağ Ev artıq əvvəlki kimi deyildi. İki prezidentin 2018-ci ildə Birinci Dünya müharibəsinin döyüş meydanından gətirilmiş Avropa palıdının tingini Cənub çəmənliyində birlikdə təntənəli şəkildə əkdiyi ağac zərərvericilər daşıdığı ehtimalı ilə sonradan çıxarılmış və nəticədə qurumuşdu.

Oval kabinetin yaxınlığındakı qəbul otaqlarından biri ABŞ-nin 47-ci prezidentinin təsvir olunduğu jurnal üzlükləri ilə bəzədilmişdi.

Liderlər gərgin gözlənti içində oturarkən Tramp gözlənilmədən başqa otaqdan Vladimir Putinə zəng etdi və onunla təxminən 40 dəqiqə danışdı.

Nəticədə Avropa liderlərinin müdaxiləsi yalnız qısa müddətli möhlət qazandırdı. Bir neçə həftə sonra Tramp yenidən Ukraynanın qələbə şansına şübhə etdiyini bildirməyə başladı və ABŞ biznesi üçün yeni imkanlar vəd edən Rusiya sülh planına maraq göstərdi.

Bu zaman Avropa liderləri başa düşdülər ki, Trampı nə Ukrayna məsələsində, nə də, görünür, hər hansı digər siyasət üzrə Qərbin mövqeyini dəstəkləməyə razı sala bilməyəcəklər.

İclas iştirakçılarından birinin sözlərinə görə, bu, "son dərəcə ağır və iztirablı təcrübə" idi və onu göstərirdi ki, ABŞ-nin ən yaxın müttəfiqləri, hətta birlikdə hərəkət etdikdə belə, Tramp administrasiyasına çox cüzi təsir göstərə bilirlər.

Trampı tərifləməyə əsaslanan kövrək konsensus da artıq dağılmağa başlayırdı. Böyük Britaniyanın MI6 xarici kəşfiyyat xidməti də bu tendensiyanı öz qiymətləndirməsində qeyd etmişdi.

Kəşfiyyat xidmətinin hesabatında bildirilirdi ki, bu diplomatik yanaşma artıq "azalan effektivlik qanununa tabedir", yəni eyni üsul təkrar tətbiq edildikcə onun təsiri getdikcə zəifləyir".