Uşaqlarda nə üçün şirniyyat aslılığı YARANIR? - Ekspert AÇIQLADI
Demək olar ki, bütün uşaqların şirniyyatı sevdiyinin hər kəs şahidi olub. Bəs bunu asılılığa çevirən səbəblər və əks təsirləri nələrdir?
Mövzu ilə bağlı Day.Az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, müasir qida məhsullarında, xüsusilə un məmulatları, tortlar, paketlənmiş peçenyelər, vaflilər və uzun rəf ömrünə malik şirniyyatlarda müxtəlif əlavələrdən geniş istifadə olunur.
O, qeyd edib ki, bu məhsulların tərkibində keyfiyyətsiz yağlar, trans yağlar, ucuz bitki yağları, süni rəngləndiricilər, dadlandırıcılar, aromatizatorlar, konservantlar, emulqatorlar və stabilizatorlar ola bilər.
"Bu maddələr ilk növbədə uşaqlar, yaşlılar, xroniki xəstəliyi olanlar və immun sistemi zəif şəxslərdə daha tez mənfi təsir göstərə bilər. Lakin bu, sağlam insanların da bu məhsulların uzunmüddətli təsirlərindən qorunduğu anlamına gəlmir.
Bu cür qidaların həddindən artıq istifadəsi maddələr mübadiləsinin pozulmasına, hormonal balansın dəyişməsinə və insulin müqavimətinin artmasına səbəb ola bilər. Nəticədə artıq çəki, piylənmə, şəkərli diabet riski və qaraciyər funksiyalarında problemlər yarana bilər. Xüsusilə ağ unun yüksək qlisemik indeksə malik olması qan şəkərinin sürətlə yüksəlib-enməsinə səbəb olur ki, bu da tez-tez aclıq hissi, həddindən artıq qida qəbulu, yorğunluq və enerji dalğalanmaları ilə nəticələnir. Süni qatqılar isə bəzi insanlarda allergik reaksiyalar, dəri problemləri və digər həssaslıq əlamətləri yarada bilər", - deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, keyfiyyətsiz yağların, xüsusilə trans və yüksək miqdarda doymuş yağların istifadəsi ürək-damar xəstəlikləri riskini artıran amillərdən biridir:
"Şəkər isə bu məhsulların əsas komponentlərindən biri olmaqla qanda qlükoza səviyyəsinin sürətli dəyişməsinə, əhval-ruhiyyə dalğalanmalarına, yorğunluğa və diş sağlamlığının pisləşməsinə səbəb ola bilər. Buna görə də uzun müddət və çox miqdarda istehlak edilən bu tip qidalar orqanizm üçün əlavə yük yaradır.
Daha sağlam alternativ olaraq tam buğda unundan hazırlanmış, təbii bal və ya meyvələrlə şirinləşdirilmiş məhsullara üstünlük vermək olar. Yağ seçimi zamanı zeytun yağı və keyfiyyətli kərə yağı, rəng və dad vermək üçün isə süni əlavələr əvəzinə təbii ədviyyatlar, meyvə-tərəvəzlərdən istifadə etmək daha məqsədəuyğundur. Şirniyyatların qida dəyərini artırmaq üçün qoz, fındıq, toxumlar, qatıq, kefir, yoqurt və kəsmik kimi faydalı məhsullar əlavə edilə bilər. Lakin sağlam tərkibli qidaları belə həddindən artıq qəbul etmək olmaz; yüksək kalorili məhsulları günün daha aktiv vaxtlarında, xüsusilə səhər və günorta saatlarında qəbul etmək daha uyğundur", - o deyib.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре