Tankerlər Hörmüz boğazından keçməkdən imtina edir

İranın ABŞ və onun regiondakı müttəfiqlərinə aid hərbi obyektlərə hücumları bərpar etməsi fonunda azı dörd iri neft və qaz tankerinin heyəti Hörmüz boğazından keçməkdən imtina edib.

Day.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Belə ki, Qətərin "QatarEnergy" enerji şirkətinə məxsus "Al-Qariya", "Duhail" və "Al-Ruways" tankerləri yük götürmək üçün Ras-Laffan ixrac terminalına doğru hərəkət edirdi. Lakin marşrutun yarısında ekipajlar istiqaməti dəyişmək və təhlükəli akvatoriyanı tərk etmək qərarına gəliblər.

"Lila Vadina" super-tankeri isə, öz növbəsində Oman sahillərində geri çevrilib. Hindistan bayrağı altında hərəkət edən gəmiyə 2 milyon barrelə yaxın küveyt nefti yüklənmişdi.

Məlumata görə, Qətər və Səudiyyə Ərəbistanı şirkətlərinə məxsus tankerlərə hücumlardan sonra gəmi sahiblərinin narahatlığı daha da artıb. Tankerlərdən biri mayeləşdirilmiş təbii qaz (LNG), digəri isə xam neft daşıyırdı. Bu səbəbdən tranzit gəmiləri üçün təhlükə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldiyi bildirilir.