Ombudsman Suriyadan repatriasiya olunan Azərbaycan vətəndaşları ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri Suriya Ərəb Respublikasından Azərbaycana repatriasiya olunan vətəndaşlarla görüş keçiriblər.
Bu barədə Ombudsman Aparatının rəsmi saytında məlumat dərc edilib.
Xatırladaq ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 18 və 19 iyul tarixlərində Suriyadan 7-si qadın, 9-u uşaq olmaqla ümumilikdə 16 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
Bildirilib ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində yerləşdirilən repatriantlarla görüşərək onların hüquqlarının təmin olunması vəziyyətini və mövcud ehtiyaclarını öyrəniblər.
Görüş zamanı qadın və uşaqların hüquq və azadlıqlarının müdafiəsi, eləcə də Ombudsmanın fəaliyyəti və mandatı barədə repatriantlara ətraflı məlumat verilib.
Həmçinin müəssisə rəhbəri tərəfindən əməkdaşların repatriantların reabilitasiyası istiqamətində göstərdikləri xidmətlər barədə məlumat təqdim olunub. Görüşün yekununda aparılan müzakirələr əsasında müəssisə əməkdaşlarına müvafiq tövsiyələr verilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре