Parkda bunu edənlər yüksək məbləğdə CƏRİMƏLƏNƏCƏK
Park ərazisində ağacların, kolların və digər yaşıllıqların, o cümlədən güllərin zədələnməsinə görə məsuliyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsi ilə müəyyən edilir.
Belə ki, parkda yerləşən ağac və kolların zədələnməsi 253.4-cü maddəyə əsasən fiziki şəxslər üçün 100 manat, vəzifəli şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün isə 1 000 manat cərimə ilə nəticələnir. Əgər bu hal şəhər və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən baş verərsə, 253.5.1-ci maddəyə əsasən hər bir ağac və ya kolun zədələnməsinə görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 2 000 manat cərimə edilir.
Bununla yanaşı, parkda güllərin və digər yaşıllıqların zədələnməsi və ya məhv edilməsi də müvafiq hallardan asılı olaraq 253-cü maddə çərçivəsində qiymətləndirilə bilər. Əgər zədələnmə odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində baş verərsə, 253.6-cı maddəyə əsasən fiziki şəxslər 1 000-1 200 manat, vəzifəli şəxslər isə 2 000-2 500 manat cərimə edilir.
Qeyd etmək lazımdır ki, konkret cərimənin məbləği zədələnmiş yaşıllığın növündən, hadisənin baş verdiyi şəraitdən və ərazinin hüquqi statusundan asılıdır. Cinayət məsuliyyəti yaradan hallar istisna olmaqla, bu əməllərə görə inzibati məsuliyyət tətbiq olunur.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре