Həkim əməyinə verilən böyük dəyər: 72 min tibb işçisini əhatə edən yeni mərhələ
Azərbaycan səhiyyəsində mühüm və sevindirici yeniliklərdən biri həyata keçirilir. Prezident İlham Əliyevin diqqəti və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü sayəsində tibb işçilərinin əməyinin layiqincə qiymətləndirilməsi istiqamətində atılan növbəti addım səhiyyə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Yeni əməkhaqqı qaydaları minlərlə tibb işçisinin sosial rifahının yüksəldilməsinə mühüm töhfə verəcək.
Səhiyyə sisteminin inkişafında həkim və tibb işçilərinin rolu əvəzsizdir. İnsan sağlamlığı kimi olduqca həssas və məsuliyyətli sahədə çalışan bu peşə sahiblərinin əməyinin dövlət tərəfindən yüksək qiymətləndirilməsi həm onların sosial müdafiəsinin gücləndirilməsi, həm də səhiyyənin gələcək inkişafı baxımından olduqca əhəmiyyətlidir. Bu addım dövlətin insan amilinə, xüsusilə də cəmiyyətin sağlamlığının keşiyində dayanan fədakar tibb işçilərinə verdiyi yüksək dəyərin bariz nümunəsidir.
Yeni qaydaların tətbiqi eyni zamanda tibb sahəsində çalışan mütəxəssislərin peşələrinə bağlılığının, motivasiyasının və gələcəyə inamının daha da artmasına şərait yaradır. Əməyin layiqli şəkildə qiymətləndirilməsi yalnız maddi rifah məsələsi deyil, həm də həkim nüfuzunun, peşəkarlığın və səhiyyə sisteminə ictimai etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, 72 212 tibb işçisini əhatə edən yeni əməkhaqqı mexanizmi Azərbaycan səhiyyəsinin inkişafı yolunda təqdirəlayiq və uzaqgörən addım kimi qiymətləndirilə bilər.
Day.Az-a açıqlamasında tibb elmləri doktoru professor Adil Qeybulla deyib ki, maaş əsas göstəricidir.
O, qeyd edib ki, həkimlərin maaşı onların gördüyü işin məsuliyyətinə və cəmiyyətdəki roluna uyğun gələcək səviyyədə olmalıdır.
"Həkim öz əməyinin, peşəkarlığının və məsuliyyətinin layiqincə qiymətləndirildiyini hiss etməlidir. Yeni əməkhaqqı qaydalarının həyata keçirilməsi çox yaxşı haldır. Həm həkim, həm də müəllim cəmiyyət üçün strateji əhəmiyyət daşıyan sahələrdə fəaliyyət göstərir. Bu peşələrin nüfuzunun artırılması və onların sosial təminatının gücləndirilməsi dövlətin əsas prioritetlərindən biridir. Eyni zamanda, layiqli əməkhaqqı və uyğun sosial təminat bu sahələrdə çalışan insanların gələcəyə daha böyük inamla yanaşmasına imkan yaradır", - deyə o bildirib.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре