TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - FOTO
Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı çərçivəsində ikinci panel müzakirəsi keçirilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, "TDT Dövlətləri Arasında Ticarət və İqtisadi Əlaqələrin Qiymətləndirilməsi: Tendensiyalar və İstifadə Olunmamış İmkanlar" paneldə ticarət siyasətlərinin uyğunlaşdırılması, daxili iqtisadi maneələrin azaldılmasına diqqət yetirməklə, TDT dövlətlərinin 2040-cı ilə qədər pərakəndə ticarət əlaqələrindən daha inteqrasiya olunmuş iqtisadi məkana necə tədricən keçə biləcəyinin qiymətləndirilməsi müzakirə edilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Baş direktoru Nazim İmanov öz çıxışında qeyd edib ki, TDT üzv ölkələrinin iqtisadiyyatları bir-birinə lazımdır, çünki həmin iqtisadiyyatlar bir-birini əhəmiyyətli bir dərəcədə tamamlayır.
"Türk dövlətləri arasındakı ticarət dövriyyəsində artım var. Dövriyyə böyükdürmü? Xeyr. Artım çox azdır. Ona görə ki, bizim iqtisadiyyatımızın bir-birini tamamlamasında problem var", - deyə o bildirib.
Qazaxstan Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universitetinin Avrasiya Tədqiqat İnstitutunun Direktoru Suat Beylur bildirib ki, Türk Dövlətləri Təşkilatının əhalisi 180 milyona yaxın bir göstəriciyə çatıb.
"Əlbəttə, bu əhali sayını 250-300 milyon rəqəmlərinə də çatdırmaq olar. Bu insan kapitalıdır. Burada əsas olan 178-180 milyonluq əhalinin orta yaş həddinin təxminən 40%-nin 25 yaşdan aşağı olmasıdır. Xüsusilə Qərb ölkələrində, Avropa ölkələrində əhalinin azaldığı, doğum göstəricilərinin 2-dən aşağı düşdüyü bir prosesdə bu rəqəmlər həqiqətən Türk dünyasındakı insan resursunun nə qədər gənc və dinamik olduğunu göstərmək əhəmiyyətlidir", - deyə o qeyd edib.
Qırğız Respublikası Prezidenti yanında Strateji Təşəbbüslər Milli İnstitutunun Sədr müavini Timur Abylaev vurğulayıb ki, 2023-cü ildə Qırğız Respublikasının TDT ölkələri ilə ticarət dövriyyəsi demək olar ki, 4 milyard ABŞ dollarına çatıb ki, bu da ölkənin ümumi xarici ticarətinin 23%-dən çoxunu təşkil edir.
"Bu o deməkdir ki, gələcək əməkdaşlığımız üçün artıq möhkəm bazamız var. Eyni zamanda, bu gün təkcə ticarətin ümumi həcmini artırmaq deyil, həm də ticarət şəraitini strukturlaşdırmaq və şirkətlərin bazarlarımıza daxil olarkən qarşılaşdıqları xərcləri azaltmaq vacibdir.
Bu məsələ Qırğızıstan üçün xüsusilə vacibdir, çünki Qırğız Respublikası dənizə çıxışı olmayan ölkədir. Buna görə də məhsullarımızın rəqabət qabiliyyəti böyük dərəcədə nəqliyyat xərclərindən və sərhəd-keçid məntəqələrinin sürətindən asılıdır", - deyə o bildirib.
Qeyd edək ki, Bakıda Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir.
"Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə iqtisadi əməkdaşlığın gücləndirilməsi" mövzusuna həsr olunan konfransın əsas məqsədi TDT-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini, institusional mexanizmləri və birgə tədqiqat imkanlarını müzakirə etməkdir.
Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Respublikasının müxtəlif dövlət qurumlarını, analitik mərkəzləri, elmi-tədqiqat və digər təşkilatlarını təmsil edən nümayəndələr iştirak edirlər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре