Qara dənizdə türkiyəli dənizçilər xilas edilib - FOTO
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında qəzaya uğrayan Türkiyəyə məxsus yedəkçi gəminin ekipaj üzvlərinin xilas edilməsi üzrə əməliyyat keçiriblər.
Day.Az xəbər verir ki, bu barədə Rumıniya Daxili İşlər Nazirliyinin saytında məlumat yayılıb.
"Türkiyə bayrağı altında üzən "Ayaz Bey" yedəkçi gəmisi Antiqua və Barbuda bayrağı altında üzən "Mentor" gəmisi ilə toqquşduqdan sonra təxminən saat 04:20-də (Bakı vaxtı ilə 06:20) beynəlxalq qəza siqnalı (Mayday) ötürüb", - deyə Rumıniya DİN-in məlumatında qeyd olunur.
İlkin məlumata görə, "Ayaz Bey" və "Ramazan Bey" adlı iki Türkiyə yedək gəmisi daha əvvəl Ukraynanın Odessa limanı yaxınlığındakı sularda zədələnmiş "Mentor" gəmisini Türkiyəyə yedəkləyirmiş. Yedəyə alınan gəmidə ekipaj olmayıb.
"Gecə saatlarında əlverişsiz hava şəraiti səbəbindən yedək trosları qırılıb. Sonradan troslar bərpa edilsə də, "Ayaz Bey" yedək gəmisi "Mentor" gəmisi ilə toqquşub", - deyə məlumatda qeyd olunur.
Xilasetmə əməliyyatına Rumıniya Daxili İşlər Nazirliyinin iki gəmisi, eləcə də Dənizdə İnsan Həyatının Xilas edilməsi üzrə Rumıniya Agentliyinin (ARSVOM) gəmisi cəlb olunub.
Daha sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, ekipajın üç üzvü Niderland bayrağı altında üzən "Odin" yedək gəmisinin göyərtəsinə götürülüb və Rumıniyanın Manqaliya limanına çatdırılacaq. Digər dörd nəfər isə yardıma ehtiyac duymadıqlarını bildirərək təxliyədən imtina edib.
"Hazırda "Ayaz Bey" yedək gəmisi lövbərdə dayanıb", - deyə Rumıniya Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре