SOCAR Çinin neft nəhəngi ilə strateji əməkdaşlığa başlayır - FOTO
Çin Xalq Respublikasının Şanxay şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "China Petroleum & Chemical Corporation" (Sinopec Corp.) arasında Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə SOCAR məlumat yayıb.
Məlumata görə, sənədi SOCAR-ın vitse-prezidenti Fuad Musayev, "Sinopec Corp." şirkətinin vitse-prezidenti Li Yuxing imzalayıblar.
Bildirilib ki, memorandum şirkətlər arasında satınalma və təchizat zəncirinin idarə olunması sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır.
Sənədə əsasən, tərəflər təchizatçı resursları barədə məlumat mübadiləsinin həyata keçirilməsi, təchizat zəncirinin idarə olunması strategiyalarının hazırlanması istiqamətlərində əməkdaşlıq edəcəklər.
Memorandum, həmçinin şirkətlər arasında təcrübə və qabaqcıl iş təcrübələrinin mübadiləsinin aparılmasını, məhsul, avadanlıq və xidmətlərinin qarşılıqlı olaraq satınalma və təchizat zəncirlərinə daxil edilməsi imkanlarının araşdırılmasını və qarşılıqlı razılaşdırılacaq digər istiqamətlər üzrə tərəfdaşlığı nəzərdə tutur.
Qeyd edək ki, "China Petroleum & Chemical Corporation" (Sinopec Corp.) Çinin ən böyük inteqrasiya olunmuş enerji və kimya şirkətlərindən biridir. Şirkət neft-qaz hasilatı, emalı, nəqli və satışı, neft-kimya məhsullarının istehsalı, eləcə də enerji və kimya sənayesi üzrə texnologiyaların tədqiqi və tətbiqi ilə məşğul olur.
2000-ci il fevralın 25-də yaradılan şirkətin səhmləri həmin ilin oktyabrında Honkonq, Nyu-York və London fond birjalarında, 2001-ci ilin avqustunda isə Şanxay Fond Birjasında yerləşdirilib.
"Sinopec Corp." Çində neft və qaz hasilatının əsas iştirakçılarından biridir. Şirkət ölkənin ən böyük neft emalı gücünə malik müəssisəsi olmaqla yanaşı, emal olunmuş neft məhsullarının təchizatı və satışı sahəsində də aparıcı mövqedədir. Həmçinin etilen istehsalı gücünə görə Çində ilk sırada yer alır.
Şirkətin 100-dən çox törəmə və filial müəssisəsi mövcuddur. Onların fəaliyyəti neft-qaz kəşfiyyatı və hasilatı, neft emalı, kimya sənayesi, marketinq, elmi-tədqiqat və xarici ticarət sahələrini əhatə edir. Əsas istehsal aktivləri və bazarları Çinin şərq, cənub və mərkəzi bölgələrində yerləşir.
"Sinopec Corp."un ən böyük səhmdarı 1998-ci ildə yaradılmış, dövlətə məxsus "China Petrochemical Corporation" (Sinopec Group) şirkətidir. "Sinopec Group" dövlət investisiya və idarəetmə qurumu kimi fəaliyyət göstərir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре