Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT
Bakı şəhər sakini Viktoriya Nəcəfova əlilliyinin ləğv edilməsi ilə bağlı Trend-ə müraciət edib.
O, onkoloji xəstəliklə əlaqədar müalicə aldığını, mədəsinin tamamilə götürüldüyünü və səhhətindəki problemlərin davam etməsinə baxmayaraq, əlilliyinin yenidən təyin edilmədiyini bildirib.
V.Nəcəfovanın sözlərinə görə, ona 2020-ci il oktyabrın 11-də ikinci mərhələ Hodçkin limfoması diaqnozu qoyulub. Altı kurs kimyaterapiyadan sonra vəziyyətində müəyyən irəliləyiş olsa da, daha sonra şüa müalicəsi təklif edilib. Şikayətçi qorxduğu üçün bu müalicəyə razılıq vermədiyini, sonradan əməliyyat olunduğunu deyib.
"Əməliyyatdan sonra mənə üçüncü dərəcəli əlillik təyin edildi. Üç il əlillik statusum olub, sonra isə ləğv edilib. Halbuki mədəm tamamilə götürülüb, qidalanma ilə bağlı problemlərim, dəmir və B qrupu vitaminlərinin çatışmazlığı var. Hər iki aydan bir dəmir və B qrupu vitaminləri qəbul etməli oluram", - deyə o bildirib.
Şikayətçi qeyd edib ki, onda qanda şəkərin səviyyəsinin düşməsi, taxikardiya və kəskin halsızlıq halları baş verir. Onun sözlərinə görə, həkimlər ona dempinq sindromu diaqnozu da qoyublar. V.Nəcəfova beş ilə yaxındır davam edən ishalın da gündəlik həyatına və ümumi vəziyyətinə mənfi təsir göstərdiyini vurğulayıb.
O, əlilliyinin yenidən qiymətləndirilməsi üçün iki dəfə aidiyyəti qurumlara müraciət etdiyini, lakin imtina cavabı aldığını bildirib. V.Nəcəfova məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini və işə dekabrda baxılmasının gözlənildiyini əlavə edib.
Şikayətlə bağlı Trend-in sorğusuna cavab olaraq, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib:
"Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Nəcəfova Viktoriya Borisovna əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişi əsasında 15.12.2025, 09.01.2026-cı il tarixlərdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin həkim-ekspertləri tərəfindən əyani müayinə edilib.
Hər bir müayinə zamanı vətəndaşın sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib.
Viktoriya Nəcəfovanın hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verə biləcək ağırlaşmalar yaranıbsa, qeydiyyat üzrə tibb müəssisəsinə müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, onun əlilliyi təkrar qiymətləndirilə bilər".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре