Elektromobillərin daha bir mənfi cəhəti üzə çıxdı: Təkərlər daha tez aşınır
Elektromobillərin təkərləri daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə orta hesabla 10-20 faiz daha tez aşına bilər.
Day.Az xəbər verir ki, rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin bu fərqin əsas səbəbləri kimi avtomobillərin daha ağır olmasını, yüksək fırlanma anını və mühərrikin gücünü təkərlərə dərhal ötürməsini göstərib.
Ekspertin sözlərinə görə, elektromobillərdə istifadə olunan rekuperasiya sistemi də təkərlərin aşınmasına təsir edə bilər. Bu sistem avtomobilin hərəkət zamanı yavaşımasını təmin edir və enerjinin bir hissəsini batareyaya qaytarır. Xüsusilə qəfil sürətlənmə və tormozlama təkərlərin daha sürətli aşınmasına səbəb olur.
Bununla belə, mütəxəssis ehtiyatlı idarəetmə ilə aşınma fərqinin minimuma endirilə biləcəyini bildirib. Qeyd edək ki, elektromobillərin digər çatışmazlıqları arasında soyuq havada yürüş məsafəsinin azalması, batareyanın dəyişdirilməsinin baha başa gəlməsi və enerji doldurma prosesinin uzun çəkməsi də var.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре