https://news.day.az/azerinews/1876079.html Azərbaycanın xarici siyasətində yeni vektor - Cənub-Şərqi Asiya ilə yaxınlaşma Azərbaycanın xarici siyasətində Cənub-Şərqi Asiya istiqaməti yeni məzmun və dinamika qazanır.

Azərbaycanın xarici siyasətində yeni vektor - Cənub-Şərqi Asiya ilə yaxınlaşma

Azərbaycanca, 21 ноября 2026 14:08 (UTC +04:00) 297
Azərbaycanın xarici siyasətində yeni vektor

Müəllif: Vüqar İsmayılov, Trend

Azərbaycanın xarici siyasətində Cənub-Şərqi Asiya istiqaməti yeni məzmun və dinamika qazanır. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri, bundan əvvəl Kamboca və Laosun yüksək səviyyəli nümayəndələrinin Bakıya səfərləri, imzalanan sənədlər və nəqliyyat-logistika sahəsində müzakirələr Azərbaycanın beynəlxalq əməkdaşlıq coğrafiyasının genişləndiyini göstərir.

Bu prosesə yalnız ikitərəfli diplomatik münasibətlərin inkişafı kimi baxılmamalıdır. Söhbət Azərbaycanın Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatları ilə siyasi, enerji, investisiya və nəqliyyat əlaqələrini genişləndirmək, eyni zamanda həmin ölkələrin Avropa bazarlarına çıxışında öz coğrafi mövqeyindən daha səmərəli istifadə etmək imkanlarından gedir.

Prezident İlham Əliyevin noyabrın 19-21-də Vyetnama rəsmi səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Vyetnam rəhbərliyi ilə keçirilən görüşlərdə enerji, ticarət, investisiya, müdafiə sənayesi, təhlükəsizlik, turizm və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Noyabrın 21-də iki ölkə arasında sənədlərin mübadiləsi mərasimi keçirilib. Prezident İlham Əliyev və Vyetnam Prezidenti To Lam birgə bəyanat qəbul ediblər. Sənədlər arasında fövqəladə hallar və yanğın-xilasetmə sahəsində əməkdaşlıq memorandumu, Azərbaycan Prezident Administrasiyası ilə Vyetnam Prezident Aparatı arasında əməkdaşlıq memorandumu, eləcə də Azərbaycanda günəş və külək elektrik stansiyaları layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair icra sazişi yer alıb.

Bu sənədlər əməkdaşlığın yalnız siyasi dialoq səviyyəsində qalmadığını, konkret institusional və iqtisadi layihələrə çevrilməsi istiqamətində addımlar atıldığını göstərir.

Əslində, Vyetnam səfəri Azərbaycanın bu regiona marağının yeni başladığını göstərmir. Son aylarda baş verən hadisələr Bakının Cənub-Şərqi Asiya ölkələri ilə münasibətləri sistemli şəkildə genişləndirdiyini nümayiş etdirir.

Bunun mühüm nümunələrindən biri 2026-cı il oktyabrın 12-15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) VII Zirvə toplantısı çərçivəsində baş verib. Həmin günlərdə Kambocanın Baş naziri Hun Manet və Laos Prezidenti Thongloun Sisoulith Azərbaycana səfər ediblər.

Kambocanın Baş naziri Hun Manetin səfəri zamanı iki ölkə arasında üç sənəd mübadilə olunub. Bunlara ticarət və iqtisadi əməkdaşlıq üzrə çərçivə sazişi, gəlirlərdən ikiqat vergitutmanın aradan qaldırılması və vergi yayınmasının qarşısının alınması haqqında saziş, eləcə də Azərbaycanın ADA Universiteti ilə Kambocanın Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə Milli İnstitutu arasında əməkdaşlıq memorandumu daxildir.

Bu sənədlər gələcəkdə ticarət dövriyyəsinin artırılması, biznes əlaqələrinin inkişafı, təhsil və diplomatik kadr hazırlığı sahəsində əməkdaşlıq üçün hüquqi və institusional zəmin yaradır.

Laosla münasibətlərdə isə Azərbaycanın ev sahibliyi etdiyi AQEM sammiti xüsusi əhəmiyyət daşıyıb. Oktyabrın 14-də Laosun təşkilata üzvlüyü ilə bağlı əsas təsis sənədləri imzalanıb, oktyabrın 15-də isə VII Zirvə toplantısında ölkənin üzvlüyü təsdiqlənib. Beləliklə, Laos AQEM-in tamhüquqlu üzvünə çevrilib.

Bu, Azərbaycanın diplomatik təşəbbüsləri baxımından da əhəmiyyətlidir. Bakı təkcə ikitərəfli münasibətləri inkişaf etdirmir, eyni zamanda Asiya ölkələrinin çoxtərəfli platformalarda iştirakının genişlənməsinə töhfə verir. Laosun təşkilata qoşulması Azərbaycanın Cənub-Şərqi Asiya ilə siyasi əlaqələrinin çoxtərəfli institusional müstəviyə də keçdiyini göstərir.

Azərbaycan, Kamboca və Laos arasında əməkdaşlığın diqqətçəkən istiqamətlərindən biri də mina təhlükəsi ilə mübarizədir.

Hər üç ölkənin münaqişələrdən və müharibələrdən sonra partlamamış hərbi sursat və mina təhlükəsi ilə bağlı təcrübəsi mövcuddur. Kamboca və Laos uzun illərdir mina və partlamamış hərbi sursatların yaratdığı humanitar problemlərlə üzləşir. Azərbaycan isə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə fəaliyyəti həyata keçirir.

Bu baxımdan tərəflər arasında təcrübə mübadiləsi, mütəxəssis hazırlığı, texnologiyaların tətbiqi və humanitar minatəmizləmə sahəsində əməkdaşlıq üçün real zəmin var. Bu istiqamət Azərbaycanın öz təcrübəsini beynəlxalq səviyyədə bölüşməsi, eyni zamanda digər ölkələrin təcrübəsindən faydalanması baxımından əhəmiyyətlidir.

Vyetnam, Kamboca və Laosun ümumi əhalisi təxminən 129 milyon nəfərdir. Bu, Azərbaycan üçün yalnız böyük istehlak bazarı deyil, həm də istehsal, investisiya, enerji və logistika sahələrində əməkdaşlıq imkanları deməkdir.

Vyetnam bu üç ölkə arasında iqtisadi miqyasına, sənaye istehsalına və beynəlxalq ticarətdəki mövqeyinə görə xüsusi yer tutur. Ölkə elektronika, tekstil, kənd təsərrüfatı məhsulları, mebel və digər sənaye mallarının mühüm istehsalçılarından biridir. Kamboca və Laos da regional ticarət və istehsal zəncirlərində öz mövqelərini gücləndirirlər.

Azərbaycan üçün əsas məsələ bu bazarlara yalnız məhsul satmaq deyil, həmin ölkələrin şirkətlərini Azərbaycanda investisiya layihələrinə cəlb etmək, onların istehsal etdiyi məhsulların Avropa istiqamətində daşınmasında ölkənin nəqliyyat infrastrukturundan istifadəni genişləndirməkdir.

Artıq Vyetnamla münasibətlərdə bu istiqamətdə müəyyən nəticələr mövcuddur. Prezident İlham Əliyevin açıqladığı məlumata görə, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Azərbaycan Dövlət Neft Şirkəti ilə Vyetnamın PetroVietnam şirkəti arasında 2025-ci ildə imzalanmış memorandum neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində əməkdaşlığı nəzərdə tutur.

Bundan başqa, Vyetnamın ROX Group şirkəti Azərbaycanda tikinti, infrastruktur və bərpaolunan enerji layihələrinə maraq göstərir. 2026-cı ilin sentyabrında bu şirkətlə külək və günəş enerjisi layihələri üzrə müvafiq sənədlərin imzalanması da investisiya əməkdaşlığının konkret istiqamətlərə keçdiyini göstərir.

Azərbaycanın Cənub-Şərqi Asiya ilə münasibətlərində ən böyük strateji üstünlüklərindən biri coğrafi mövqeyi və nəqliyyat infrastrukturu ola bilər.

Vyetnam, Kamboca və Laosun istehsal etdiyi məhsulların Avropa bazarlarına çatdırılması üçün müxtəlif dəniz və quru marşrutlarından istifadə olunur. Bu marşrutların şaxələndirilməsi isə xüsusilə qlobal logistika zəncirlərində qeyri-müəyyənliklərin artdığı dövrdə əhəmiyyət qazanır.

Məhz bu məqamda Orta Dəhliz Azərbaycan üçün mühüm geoiqtisadi alətə çevrilir. Çin və Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan marşrut Asiya istehsalçılarına alternativ logistika imkanı təqdim edir.

Azərbaycanın tranzit imkanları yalnız dəmir yolu ilə məhdudlaşmır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt qəsəbəsində formalaşan logistika infrastrukturu Xəzər üzərindən yük daşımalarının təşkilində mühüm rol oynayır. Yüklər Azərbaycana çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat bağlantıları vasitəsilə Avropa istiqamətinə yönəldilə bilər.

Rəsmi nəqliyyat məlumatlarına əsasən, Orta Dəhliz Çin-Avropa istiqamətində təxminən 8-10 min kilometrlik marşrut təşkil edir. Bu göstərici Süveyş kanalı üzərindən keçən təxminən 20 min kilometrlik marşrutla müqayisədə məsafə baxımından üstünlük yaradır. Rəsmi mənbədə Orta Dəhliz üzrə daşınma müddəti 12-18 gün, Süveyş marşrutu üzrə isə 30-45 gün kimi göstərilir. Konkret Vyetnam yükü üçün isə marşrutun iqtisadi səmərəliliyi daşınma növü, məsafə, liman xərcləri və yükün xüsusiyyətləri əsasında ayrıca hesablanmalıdır.

Burada bir mühüm məqamı da nəzərə almaq lazımdır: Orta Dəhliz artıq Çin və Mərkəzi Asiya yüklərinin daşınmasında istifadə olunan marşrutdur. Deməli, Azərbaycan bu istiqamətdə tamamilə yeni logistika sistemi yaratmağa deyil, mövcud nəqliyyat imkanlarını Cənub-Şərqi Asiyanın digər istehsalçı və ixracatçı ölkələri üçün də cəlbedici etməyə çalışa bilər.

Vyetnamla bağlı rəqəmlər bu potensialın artıq praktik müstəvidə özünü göstərdiyini təsdiqləyir. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Vyetnamla əlaqəli tranzit daşımalarının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 6 dəfə artıb. Bu müddətdə Azərbaycan ərazisindən daşınan belə yüklərin həcmi 8 min tonu ötüb.

Bu, hələ böyük həcmli tranzit axını olmasa da, istiqamətin inkişaf potensialını göstərən mühüm göstəricidir.

Gələcəkdə Vyetnam şirkətlərinin Orta Dəhliz üzrə daha geniş əməkdaşlığa cəlb edilməsi, yükdaşıma şirkətləri arasında uzunmüddətli müqavilələrin bağlanması, logistika mərkəzlərinin yaradılması və Ələt limanından istifadə imkanlarının genişləndirilməsi Azərbaycanın tranzit gəlirlərini artıra bilər.

Burada söhbət yalnız Vyetnam mallarının Azərbaycandan keçərək Avropaya çatdırılmasından getmir. Azərbaycan şirkətləri də Vyetnam bazarına çıxış əldə edə, öz məhsullarını Cənub-Şərqi Asiya bazarlarına təqdim edə bilərlər.

Vyetnamın Orta Dəhlizə marağının artması Azərbaycanın xarici siyasət və iqtisadi diplomatiyası üçün yeni perspektivlər aça bilər.

Bu baxımdan Vyetnamın dəhlizlə əlaqələndirilməsi dedikdə, ilk növbədə, ölkənin ixracatçıları, limanları, logistika operatorları və nəqliyyat şirkətləri ilə Azərbaycan arasında birbaşa əməkdaşlıq mexanizmlərinin yaradılması nəzərdə tutulmalıdır.

Vyetnamın Avropa ilə ticarət əlaqələri, böyük istehsal potensialı və ixrac yönümlü iqtisadiyyatı bu ölkəni Orta Dəhliz üçün perspektivli tərəfdaşlardan birinə çevirə bilər. Azərbaycanın təklif edə biləcəyi əsas üstünlük isə Xəzər üzərindən keçən nəqliyyat bağlantıları, Bakı və Ələt limanlarının imkanları, dəmir yolu infrastrukturu və Türkiy, Gürcüstan vasitəsilə Avropa bazarlarına çıxışdır.

Azərbaycanın xarici siyasəti uzun müddət Cənubi Qafqaz, Türkiyə, Avropa, Rusiya, Mərkəzi Asiya və Yaxın Şərq istiqamətlərində fəal diplomatik fəaliyyətlə xarakterizə olunub. Son illərdə Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın güclənməsi və Orta Dəhlizin inkişafı bu siyasətə yeni iqtisadi məzmun verib.

İndi isə Cənub-Şərqi Asiya istiqaməti də həmin geniş coğrafiyanın mühüm hissəsinə çevrilir.

Vyetnamla strateji tərəfdaşlıq, Kamboca ilə imzalanan iqtisadi və institusional sənədlər, Laosun AQEM-ə üzvlüyü, mina təhlükəsinə qarşı əməkdaşlıq və nəqliyyat-logistika sahəsində yaranan imkanlar Azərbaycanın bu regionda daha fəal mövqe tutmaq niyyətini nümayiş etdirir.

Bu yanaşmanın əsas üstünlüyü ondan ibarətdir ki, Bakı müxtəlif regionlarla münasibətləri bir-birindən təcrid olunmuş istiqamətlər kimi deyil, vahid xarici siyasət və iqtisadi əlaqələr sisteminin tərkib hissəsi kimi inkişaf etdirir.

Avropa ilə sıx siyasi və iqtisadi əlaqələr, Çin, ABŞ və Rusiya ilə balansı yanaşma, Türkiyə və Mərkəzi Asiya ilə strateji əməkdaşlıq, Yaxın Şərqdə yeni tərəfdaşlıq imkanları və Cənub-Şərqi Asiyaya açılan diplomatik qapı Azərbaycanın beynəlxalq mövqeyini daha geniş coğrafiyada möhkəmləndirmək üçün imkanlar yaradır.

Prezident İlham Əliyevin Vyetnama səfəri də məhz bu strategiyanın davamı kimi qiymətləndirilə bilər. Burada əsas hədəf yalnız siyasi münasibətləri gücləndirmək deyil, bu münasibətləri investisiyalara, ticarətə, enerji layihələrinə, nəqliyyat bağlantılarına və uzunmüddətli iqtisadi tərəfdaşlığa çevirməkdir.

Nəticə etibarilə, Azərbaycan Cənub-Şərqi Asiya ilə əlaqələrini genişləndirməklə özünü yalnız Cənubi Qafqazın mühüm siyasi və iqtisadi aktoru kimi deyil, Asiya ilə Avropa arasında çoxşaxəli əməkdaşlıq körpüsü kimi mövqeləndirmək imkanlarını artırır. Bu, Azərbaycanın xarici siyasətinin coğrafi miqyasının genişlənməsi ilə yanaşı, ölkənin tranzit, investisiya və iqtisadi diplomatiya potensialının da gücləndirilməsi deməkdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости