Namiqin keçmişi, xəyanətə 1500, Rəqsanənin bikinisi, Ağamirzənin qəbri - HƏFTƏBECƏR

17 июля 2017 09:24

Day.Az представляет новость на азербайджанском языке

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (132-ci say) təqdim edir.

Vaxt var idi Namiq Qaraçuxurlunu az qala dünya ulduzu kimi təqdim edirdilər. İnsafən Kreml sarayına qədər də gedib çıxmışdı. Yaşıl rəng çalarları olan kostyumda həmin sarayda mahnı oxuduğu da yadımdadır. Aygün də səhnəyə çooox yekə bir paltarda çıxmışdı. Hardasa 15-20 santimetr olardı. Bu o dönəm idi ki, Qaraçuxurlu klassik meyxana deyənlərlə salam-kəlamı da kəsmişdi. Daha doğrusu, onlar Namiqi özlərindən uzaqlaşdırmışdılar. Yadımdadır, bir dəfə efirdə jurnalist soruşdu ki, işlərinizə kim sponsorluq edir? Namiq də əvvəlcə yüngülvari gülümsədi və ardınca kinayə dolu nəzərlərlə müxbiri süzərək əlavə etdi: "Özümüz camaata sponsorluq edirik".

Elə bu məqamda yanımdakı bakılı dostum dedi ki, alə, biz bunuynan "Vasmoy"da göyərti satmışıq. O vaxt pis oğlan dögüldü".

Nəysə, vaxt keçdi, vədə yetişdi. Axır ki, Namiqdən doğru-dürüst bir etiraf eşitdik: "Bazarda işləyirdim, çörək puluna ehtiyacım var idi".

Düşünə bilərsiniz ki, məgər göyərti satmaq ayıbdır? Əlbəttə yox. Əksinə, alın təriylə qazanılan hər nə varsa, hər kəsin halal xoşu olsun. İntəhası, insan bəzən ən azı on il gerini düşünməli, nə işlə məşğul olduğunu yadından çıxartmamalıdır. Bu mənada Qaraçuxurlunun sözügedən açıqlaması sənət adamları üçün nümunə sayıla bilər.

Aparıcı Afaq Gəncəli qadın-kişi münasibətlərindən danışıb, xəyanəti pisləyib. Düz də edib. Çünki qadağan olunmuş hər şey insan üçün nə qədər cazibədar görünsə də, qısa müddət sonra onun nə dərəcədə yanlış addım olduğunu anlayırsan.

Amma şəxsən mən bu aləmdə xeyli aparıcı, aktrisa, model tanıyıram ki, qaz vurub qazan doldururlar. A kişi, hər adamın işi deyil e, çıxışına 1000-1500 manat qazansın. Heç Bill Qeytsin şirkətinin gecə növbəsində işləyənlər o qədər qazanmır. Sözümün mustafası odur ki, xəyanət pis şeydir. Xüsusən də bu xəyanət gecəyə 1500 manat qazandırırsa.

Bakı sakini Məhəmməd Ağaməmmədov müğənni Rəqsanəni məhkəməyə verməyə hazırlaşır. Xəbəri Qulqpoyan dayı gətirib. Deyir, bankomatdan pensiyamı çıxardanda tanış olmuşam Məhəmməd kişiylə. Deyir, nəvəsi hazırda ciddi həkim nəzarətindədir. Bəs niyə soruşmursuz ki, Rəqsanə hara, bu təqaüdçü kişi hara? Hadisə belə olub. Deməli, bu kişinin nəvəsi telefonla internetə giribmiş. Anası da o tərəfdən deyir ki, ay bala, tətildi, get kitablarını oxu. Uşaq da heç kimi saymır. Bir dəfə də xəbərdarlıq edirlər, uşaq yenə dillənmir. Gəlib görürlər ki, uşağın dili qatlanıb. Telefona baxırlar ki, əsas səhifədə Rəqsanənin bikinili fotosu. Sən demə, uşaq fotonu görən kimi ürəyi gedib. Amma bilmirəm, bikinili fotoya baxıb ürəyi getməyə görə hansı maddə nəzərdə tutulur.

Hə, bunu deməsəm, "Həftəbecər" olmaz ki. Deməli, Rəqsanə bildirib ki, Allah hamıya mənim ərim kimi kişi qismət eləsin. Qulpqoyan dayı da dirənib ki, bir sual ver. Sual da belədir ki, söhbət Rəqsanənin neçənci ərindən gedir? Di rahatlaş, Qulpqoyan dayı, soruşdum.

Meyxanaçı Ağamirzə özünə qəbir qazdırıb. Deyir ki, bura mənim üçün evimdən, hər şeyimdən üstündür. Təsəvvür edirsinizmi, insan sağlığında özünə qəbir qazdırır. Xəbəri şərh etmədən soruşum. Kim bu addımı atar? Öz adıma cavab verim ki, çox ağır və verilməyəcək qərardır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.