Rza Zərrabın həbs edilməsinin əsl səbəbi nədir?

Day.Az представляет новость на азербайджанском языке

Martın 19-da ABŞ-ın Mayami şəhərində həbs olunan Rza Zərrabla bağlı müzakirələr 10 gündən çoxdur ki, Türkiyə mətbuatının gündəmindədir. Rza Zərrabın həbsindən sonra ekspertlər tərəfindən ən çox onun nə üçün ABŞ-a getməsi məsələsi müzakirə edilməkdədir.

Day.Az musavat.com-a istinadən bildirir ki, əksər ekspertlər hesab edirlər ki, Zərrab ABŞ-a bilərəkdən gedib. Çünki o, ABŞ-ı özü üçün daha təhlükəsiz ölkə sayıb. Digər ekspertlərin fikrincə, Rza Zərrab, sadəcə, üzdə olan fiqurdur və "görünməyən güclər"in sifarişləri ilə hərəkət edir.

Türkiyənin "Aydınlık" qəzeti yazır ki, Rza Zərrab ABŞ-a getməzdən 3 ay öncə İstanbulda ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri ilə təmasa keçib, onlarla İstanbulun Tarabya səmtində məxfi görüş keçirib. Görüş FTB-nin konspirativ mənzillərindən birində baş tutub.

Bu görüşdən Türkiyə hakimiyyətinin xəbər tutmaması üçün maksimum məxfilik səviyyəsi tətbiq olunub: "Seçkilərdən bir müddət əvvəl Zərrab İranda Babək Zəncani haqqında edam qərarı veriləcəyini öyrənincə AKP hökumətindən onu qorumağı istəyib. Ancaq 1 noyabr seçkilərindən öncə baş nazir Əhməd Davudoğlu korrupsiya qalmaqalının yenidən gündəmə gəlməsindən ehtiyat edərək Rza Zərrabdan uzaq durub. 1 noyabr seçkiləri sonrası Zərrab istəyini yenidən gündəmə gətirsə də, hökumətdən müsbət cavab ala bilməyib. Həmin ərəfədə Zərrab Davudoğlunun İran səfəri öncəsi AKP ilə yenidən təmasa keçib və onun məsələsini Tehranda qaldırmağı xahiş edib. Lakin onun istəkləri bu dəfə də yerinə yetirilməyib".

Qəzet iddia edir ki, bütün bunlardan sonra FTB-nin agentləri ilə görüşən Zərrab əgər təhlükəsizliyi təmin olunarsa və verəcəyi məlumatlar lehinə istifadə edilərsə, ABŞ-a gedib FTB-yə təslim olmağa hazır olduğunu bildirib. "Zərrab ABŞ-a gedəcəyini yaxın çevrəsindən heç kimə deməyib, turist kimi getdiyi görüntüsü yaratmaq üçün Mayamini seçib və arvadı Ebru Gündeşlə qızını da özü ilə aparıb".

Qəzet yazır ki, Zərrab haqqında iddianamə hazırlayan prokuror Preet Bharara onun nəzarətə alınmasından 3 gün əvvəl (16 mart) Ağ Evdə Amerika Ədalət Nazirliyi səlahiyyətliləri ilə birlikdə prezident Obama ilə görüşüb. Bharara Obama ilə görüşərkən çəkdirdiyi bir fotoşəkli də twitter hesabında paylaşıb.

Bütün bu proseslər ərəfəsində Amerikaya səfərə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da səfər öncəsi Atatürk Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən Zərrabın nə üçün Amerikaya getməsinə münasibət bildirib.

Ərdoğan hadisəni Pensilvaniya ilə əlaqələndirərək, baş verənlərin, sadəcə, qara pul və ya digər başqa bir məsələ ilə bağlı olmasından məlumatsızlığına işarə edib: "Bu mövzu əslində ölkəmizi maraqlandıran bir mövzu deyil. Həmçinin məsələnin, sadəcə, qara pul, yoxsa başqa bir məsələ olmasını bilmədən belə bir qiymətləndirmə aparmağı də doğru hesab etmirəm. Ancaq qara pulun ataları orada - Pensilvaniyada dayanırlar. Bildiyiniz kimi "paralel dövlət" quruluşlarının Amerikada bir çox təhsil müəssisələri var. O məktəblər ABŞ-ın milyonlarla dollarını yeyib. İlk olaraq bunlara baxsınlar. Bu məsələ ilə bağlı çoxlu məlumatlar ötürdük. Heç bir şəkildə hərəkətə keçmədilər. Bunlar kiçik rəqəmlər deyil, yəni yüz milyon dollarları aşan rəqəmlərdir".

Türkiyə prezidenti çirkli pulların yuyulması ilə əlaqədar bəzi şəxslərin Türkiyədə həbs edilməsini, bəzilərinin isə qaçdığını deyib: "Təəssüf ki, dostumuz Amerikanın rəsmiləri bu məsələdə həssaslıq göstərmədilər. Rza Zərrab ilə əlaqəli nə isə varsa, vəkilləri onu müdafiə edəcəklər. Ölkəmizlə əlaqəli mövzu deyil".

***

Ərdoğanın nə üçün Pensilvaniyanın adını çəkməsini "Yeni Müsavat"a şərh edən politoloq Elxan Şahinoğlu bir sıra məqamlara toxundu. Politoloq Rza Zərrabın həbsinin Türkiyə hökumətində narahatlıq yaratmayacağını düşünür: "Çünki məhz bir neçə ay öncə də Zərrabla bağlı Türkiyədə böyük qalmaqallar yaşandı. Ərdoğan baş verənləri ona qarşı təxribat saysa da, bir neçə naziri istefaya göndərmək məcburiyyətində qaldı. Həmin zaman hətta vəziyyət elə inkişaf edə bilərdi ki, Ərdoğanın istefası da gündəmə gələrdi. Ərdoğanla razılaşmaq olar ki, bu da qurulmuş bir əməliyyat idi. Çünki telefon dinləmələrini, yazışmaları hansısa polis nəfəri təkbaşına həyata keçirə bilməzdi. Aydın hiss olunurdu ki, bu prosesdə Fətullah Gülən şəbəkəsinin əli olub. Hadisələrin sonrakı gedişatı göstərdi ki, Ərdoğan Fətullah Güləndən güclüdür. Ərdoğan bütün bu hadisələrə baxmayaraq vəzifəsini qorudu və Gülənlə mübarizəsini daha da şiddətləndirdi. İndi sanki yenidən bu proseslərin geri dönüşü baş verir. Zərrabın Amerikaya getməsi çox müəmmalıdır. Hər halda, o, artıq Amerikada həbs olunub. Türkiyə hakimiyyəti onun məhkəmədə hansı faktları açıqlayacağından narahatdır. Bu faktlardan isə Amerikada bəzi mərkəzlər Ərdoğan hökumətinə qarşı istifadə edə bilər".

Politoloqa görə, Ərdoğan diqqəti Rza Zərrabdan Fətullah Gülənə yönəltmək istəyir: "Artıq o, Amerikanı da ittiham etməyə başlayıb. Halbuki bu gün (dünən-red.) Amerikaya səfəri başlayır və orada rəsmilərlə görüş keçirəcək. Buna rəğmən, səfərdən öncə yenə Amerikanı tənqid etdi ki, Gülən kimi cinayətkarı geri qaytarmırlar. Aydındır ki, ABŞ əgər Gülənə oturum izni veribsə, onu heç zaman Türkiyəyə təhvil verməyəcək. Ondan müəyyən qədər öz maraqları üçün istifadə edəcək. Rza Zərrab məsələsi uzun zaman çəkəcək. Onun məhkəmədə nə deyəcəyi Türkiyədə çox böyük maraqla gözlənilir. Təsadüfi deyil ki, Rza Zərrabın məhkəməsinə Türkiyə müxalifətçilərinin bir qismi də getmək istəyir. Sanki Türkiyə müxalifəti ölkə daxilində Ərdoğanla bacara bilmir, Amerika və Rza Zərrab üzərindən ona zərbə vurmaq istəyirlər. Zərrabın Türkiyədə verdiyi ifadələr Ərdoğanı yıxmadı. Ancaq Amerikada verəcəyi ifadələr barəsində nə isə söyləmək çətindir".

Baş verənlərin Türkiyə və İran münasibətlərinə necə təsir edəcəyi barəsində isə Türkiyə-İran İş Şurası Başçısı Rza Kami 30 mart tarixində öz fikrini bildirib. Musavat.com-un haberler.com saytına istinadən verdiyi məlumata görə, Rza Kami bildirib ki, baş verən hadisələrin Türkiyə-İran münasibətlərinə təsiri olmayacaq. "Rza Zərrab və digərləri o qədər əhəmiyyətli sayılmır ki, iki ölkə əlaqələrinə təsir etsin. Təbii ki, ölkələrdə də fövqəladə fırtınalı bir vəziyyət olduğunda insanlar bir yol tapmağa çalışırlar. Bunu hətta bir şara bənzədə bilərsiniz. Şarı bir tərəfindən nə qədər sıxsan, digər tərəfi şişməyə başlayır. Əgər lazım olduğundan çox təzyiq tətbiq etsəniz, o da partlayacaq. Mən də bu yaşananları şara bənzədirəm. Bir tərəfdən sıxılıb, digər tərəfdən qabarıqlıq yaradılıb. Amma bu anda o vəziyyətlər keçdi. Artıq normal bir müddət yaşayırıq", - deyə Rza Kami bildirib.

Rza Zərrab İrana qarşı ABŞ sanksiyalarını pozmaqda, beynəlxalq miqyaslı qeyri-leqal pul transferində və saxtakarlıqda, o sırada çirkli pulların "yuyulmasında" ittiham edilir. İttihamlar təsdiqini taparsa, onu 75 ilədək azadlıdan məhrum edilmə cəzası gözləyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.