Livan və İsrail arasında danışıqlar gözləniləndən çox davam edəcək - KİV
Vaşinqtonda Livan və İsrail arasında danışıqlar gözləniləndən çox davam edəcək.
Day.Az xəbər verir ki, İsrail dövlət televiziyası "KAN"ın məlumatına görə, dünən keçirilən danışıqlar 11 saat davam edib.
Müzakirələrin üç gün davam edəcəyi gözlənilsə də, danışıqların dördüncü gün də davam etdiriləcəyi bildirilib.
İsrailin "Kanal 12" telekanalı isə danışıqlarda İsrail ordusunun Livanın cənubundan çıxarılması məsələsində fikir ayrılıqlarının davam etdiyini qeyd edib.
Məlumata görə, ABŞ-nin planı çərçivəsində İsrail ordusunun Livanın cənubundakı bəzi ərazilərdən çıxaraq mövqelərini Livan ordusuna təhvil verməsi məsələsində qismən irəliləyiş əldə olunub.
Bildirilib ki, Təl-Əvivin son açıqlamaları da İsrail ordusunun həmin ərazilərdən çıxmağa hazırlaşdığını göstərir.
Xəbərdə qeyd olunub ki, Livan ordusunun yerləşdiriləcəyi ərazilər İsrail tərəfindən "Hizbullahın mövcudluğundan tam təmizlənmiş" hesab olunur. Bununla yanaşı, ABŞ vəziyyətin yerində öz nəzarəti altında izlənilməsini şərt kimi irəli sürüb.
Pilot mərhələnin uğurlu olacağı təqdirdə İsrailin geri çəkiləcəyi ərazinin genişləndiriləcəyi bildirilib. Bununla belə, danışıqlarda İsrailin çıxacağı ərazilərin hüdudları, sərhədləri, geri çəkilmənin tempi və tarixi ilə bağlı fikir ayrılıqları davam edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре