Şuşadan başlayan səfər Azərbaycan-Slovakiya əməkdaşlığına yeni məzmun qazandırır

Slovakiya Prezidenti Peter Pelleqrininin iyulun 14-də Azərbaycana rəsmi səfəri və səfərin məhz Şuşadan başlaması önəmli hadisə oldu. Bu seçim son illərdə Bakı ilə Bratislava arasında formalaşan münasibətlərin mahiyyətini əks etdirən siyasi mesaj idi. Qarabağ artıq Azərbaycan üçün yalnız bərpa olunan ərazi deyil, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlığın yeni platformasına çevrilib. Slovakiyanın bu prosesdə fəal iştirak etməsi isə iki ölkə arasında strateji tərəfdaşlığın praktik nəticələr verməyə başladığını göstərir.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Prezident İlham Əliyevin ötən ilin sonunda Slovakiyaya rəsmi səfərindən sonra münasibətlər yeni dinamika qazanıb. Həmin səfər zamanı imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə siyasi dialoqun yeni mərhələsini müəyyənləşdirmişdi. Bir ildən az müddət sonra Slovakiya Prezidentinin Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etməsi həmin sənədin kağız üzərində qalmadığını nümayiş etdirdi.

Şuşada keçirilən görüşdə Prezident İlham Əliyev münasibətlərin inkişafının məhz qarşılıqlı siyasi iradəyə söykəndiyini vurğuladı:

"Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. 2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir".

Bu fikirlər əslində son iki ildə baş verən proseslərin ümumi yekunudur. Azərbaycan və Slovakiya arasında əməkdaşlıq artıq yalnız siyasi dialoqla məhdudlaşmır. İqtisadiyyat, enerji, müdafiə sənayesi, nəqliyyat, təhsil və investisiya sahələrində konkret layihələr həyata keçirilir. Hər iki ölkənin nazirlərinin, mərkəzi bank rəhbərlərinin və biznes nümayəndələrinin səfərdə iştirak etməsi də gündəliyin nə qədər geniş olduğunu göstərirdi", - o bildirib.

Onun sözlərinə görə, Slovakiyanın Azərbaycandakı fəaliyyətini digər Avropa tərəfdaşlarından fərqləndirən əsas məqam onun Qarabağın bərpasına birbaşa qoşulmasıdır.

"Məhz buna görə Prezident Pelleqrininin səfərinin ilk dayanacağı Şuşa, daha sonra isə Ağdam rayonu oldu. Baş Qərvənd kəndində dövlət başçıları Slovakiyanın Azərbaycana hədiyyəsi olan Milan Rastislav Ştefanik adına 840 şagird yerlik tam orta məktəbin təməlini qoydular. Bu layihə təkcə yeni təhsil müəssisəsinin inşası deyil. O, Qarabağın dirçəlişində beynəlxalq tərəfdaşlığın rəmzinə çevrilir", - o bildirib.

A.Qarayev qeyd edib ki, Baş Qərvənd kəndinin özü də Azərbaycanın həyata keçirdiyi ən iri kəndsalma layihələrindən biridir.

"Burada yüzlərlə fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, inzibati binalar, müasir mühəndis-kommunikasiya sistemi və alternativ enerji infrastrukturu yaradılır. Kəndin tikintisində Slovakiya şirkətlərinin iştirakı isə bu əməkdaşlığın real iqtisadi məzmun daşıdığını təsdiqləyir.

Prezident İlham Əliyev də Şuşadakı bəyanatında buna xüsusi diqqət çəkərək dedi: "Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və biz bu gün cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkəti "Ağıllı kənd" layihəsini icra edir və bu layihə ilə tanış olacağıq. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm".

Bu sitatın əhəmiyyəti ondadır ki, Azərbaycan Qarabağın bərpasını yalnız daxili layihə kimi deyil, beynəlxalq əməkdaşlıq platforması kimi təqdim edir. Dost və tərəfdaş ölkələrin bu prosesdə iştirakı həm bölgənin iqtisadi inkişafına töhfə verir, həm də postmünaqişə dövründə yeni əməkdaşlıq modelinin formalaşmasına xidmət edir", - o bildirib.

Politoloq vurğulayıb ki, Slovakiya Prezidenti Peter Pelleqrini də Qarabağda gördüklərinin onda dərin təəssürat yaratdığını gizlətmədi.

"Onun sözlərinə görə, azadlıqdan sonra qısa müddətdə həyata keçirilən yenidənqurma işləri böyük nailiyyətdir və Slovakiya bu prosesin iştirakçısı olmaqdan qürur duyur. Ən diqqətçəkən məqamlardan biri isə onun Azərbaycan-Slovakiya münasibətlərinə verdiyi siyasi qiymət idi: "Slovakiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sadə formal bəyannamə deyil. Ölkələrimiz arasında münasibətlər standart diplomatik əlaqələrin hüdudlarını keçir. Biz, həqiqətən, dost ölkələrik. Bu bəyanat diplomatik etiketdən daha artıq məna daşıyır. Çünki son illər Avropa ölkələri arasında Qarabağda praktiki layihələr həyata keçirən dövlətlərin sayı çox deyil. Slovakiyanın məktəb tikintisi, "Ağıllı kənd" layihəsində iştirakı və gələcək layihələrə marağı münasibətlərin uzunmüddətli xarakter daşıdığını göstərir", - o bildirib.

Onun sözlərinə görə, əməkdaşlığın digər mühüm istiqaməti energetikadır.

"Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu son illər əhəmiyyətli dərəcədə artıb. Slovakiya Prezidenti də çıxışında enerji böhranı dövründə Azərbaycanın göstərdiyi dəstəyi xüsusi qeyd etdi və 2027-ci ildən sonrakı qaz tədarükü ilə bağlı uzunmüddətli həllərin müzakirə olunduğunu bildirdi. Bu isə enerji əməkdaşlığının gələcək illərdə də münasibətlərin əsas sütunlarından biri olaraq qalacağını göstərir.

Nəqliyyat və logistika sahəsində də Bakı ilə Bratislava arasında ortaq maraqlar formalaşır. Prezident Pelleqrini Azərbaycanın Şərqlə Qərbi birləşdirən əsas logistika qovşaqlarından biri olduğunu vurğuladı. Orta Dəhlizin inkişafı fonunda bu qiymətləndirmə xüsusi əhəmiyyət kəsb edir. Slovakiya Avropanın sənaye mərkəzlərindən biri kimi Azərbaycan vasitəsilə Asiya bazarlarına çıxış imkanlarını genişləndirməkdə maraqlıdır", - A.Qarayev bildirib.

Politoloq qeyd edib ki, münasibətlərin humanitar ölçüsü də getdikcə güclənir. Baş Qərvənddə tikiləcək məktəbə Slovakiyanın görkəmli dövlət xadimi Milan Rastislav Ştefanikin adının verilməsi iki xalq arasında dostluğun simvoluna çevrilir. Bundan əlavə, Bakı ilə Bratislava arasında birbaşa aviareyslərin açılması turizm, təhsil və biznes əlaqələrinin inkişafına əlavə impuls verəcək.

"Əməkdaşlığın təhlükəsizlik istiqaməti də diqqətdən kənarda qalmır. Slovakiya 2027-2028-ci illərdə NATO-nun Azərbaycandakı Əlaqələndirici Səfirliyi funksiyasını davam etdirəcək. Eyni zamanda, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və sentyabr ayında Bakıda keçiriləcək beynəlxalq müdafiə sərgisində birgə layihələrin təqdim olunması planlaşdırılır.

Prezident Pelleqrininin səfəri bir daha göstərdi ki, Azərbaycan-Slovakiya münasibətləri artıq yalnız siyasi dialoq səviyyəsində inkişaf etmir. Bu münasibətlər konkret investisiyalar, infrastruktur layihələri, enerji əməkdaşlığı, təhsil təşəbbüsləri və Qarabağın bərpasında birgə iştirak üzərində qurulur.

Şuşadan başlayan bu səfər həm də simvolik məna daşıyırdı. Qarabağ artıq Azərbaycanın beynəlxalq tərəfdaşları ilə əməkdaşlığının yeni ünvanına çevrilib. Slovakiyanın bu prosesdə fəal iştirakı isə Bakı ilə Bratislava arasında strateji tərəfdaşlığın real nəticələr verdiyini və gələcək illərdə daha da dərinləşəcəyini göstərən ən aydın nümunələrdən biridir", - politoloq əlavə edib.