Həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması tibbi xidmətin keyfiyyətinə müsbət təsir edəcək - Aydın Əliyev
"Həkimin maddi vəziyyətinin yaxşılaşdırılması onun özünə olan münasibətinə, psixoloji durumuna, işə yanaşmasına və xəstələrə göstərdiyi xidmətin keyfiyyətinə müsbət təsir edə bilər. Buna görə də həkimlərin əməyinin qiymətləndirilməsi və sosial-maddi vəziyyətlərinin yaxşılaşdırılması həm səhiyyə sisteminin, həm də bütövlükdə cəmiyyətin marağındadır".
Bunu Day.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, SSRİ-nin ilk antioksidant preparatı "Meksidol"un həmmüəllifi Aydın Əliyev deyib.
O, bildirib ki, həkimlik peşəsinin xüsusiyyətlərinə nəzər saldıqda bunun nə qədər vacib olduğu daha aydın görünür.
"Həkim olmaq üçün uzun illər təhsil almaq, ixtisaslaşmaq, müxtəlif kurs və təlimlərdə iştirak etmək tələb olunur. Həkimlər təxminən 8-10 il və daha çox müddətdə peşəkar hazırlıq keçirlər. Bu baxımdan onların işi həm ağır, həm də böyük məsuliyyət tələb edən bir sahədir. İnsan öz bədənini tam dərk etməyə bilər, lakin onun sağlamlığı ilə bağlı düzgün qərar vermək həkimin üzərinə düşür. Həkimlik elə bir peşədir ki, dünyada kim olmağımızdan, hansı mövqedə dayanmağımızdan asılı olmayaraq, sağlamlığımızla bağlı müəyyən mərhələdə mütləq həkimə müraciət edirik.
Həkimin əsas məsuliyyəti düzgün diaqnoz qoymaq və həmin diaqnoza uyğun müalicə üsulunu müəyyənləşdirməkdir. Lakin insan sağlamlığına yalnız həkimin fəaliyyəti deyil, eyni zamanda insanların yaşayış şəraiti, qidalanması, içdiyi su, istifadə etdiyi ərzaq məhsulları, hava və ekologiya da ciddi təsir göstərir. Ətraf mühitdəki mənfi amillər insan orqanizmində təbii proseslərin pozulmasına səbəb ola bilər və belə hallarda həkimin imkanları da müəyyən həddə qədərdir".
Dosent vurğulayıb ki, həkimin məsuliyyəti çox böyükdür və bu məsuliyyətin layiqincə qiymətləndirilməsi vacibdir:
"Bu baxımdan həkimlərin maaşlarının artırılmasına müsbət yanaşıram. Xüsusilə kənd yerlərində çalışan sahə həkimlərinin əməkhaqqının yüksəldilməsi mühüm əhəmiyyət daşıyır. Bu, həm kəndlərdə səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşmasına, həm də əhalinin, xüsusilə yaşlı insanların tibbi xidmət almaq üçün şəhərlərə axınının müəyyən qədər qarşısının alınmasına kömək edə bilər".
A.Əliyev vurğulayıb ki, həkimlərin maddi vəziyyəti yaxşılaşdıqca onların işə münasibətinin, psixoloji durumunun və nəticə etibarilə göstərdikləri tibbi xidmətin keyfiyyətinin də yüksələcəyini düşünürəm.
"Dövlətin hər hansı sahəsində çalışan insanların əməkhaqqının artırılması ümumilikdə müsbət addımdır. Cəmiyyət olaraq həkimə münasibətimizə də diqqət yetirməliyik. Bəzən həkimdən sanki insan imkanlarından daha güclü, hər şeyə qadir bir varlıq kimi yanaşmasını gözləyirik. Xeyr, həkim də bizim kimi insandır, onun da öz problemləri, məsuliyyətləri və həyat çətinlikləri var. O da həmin problemləri həll etmək, öz ailəsini təmin etmək və peşəsini layiqincə yerinə yetirmək üçün çalışır.
Həkimin maddi vəziyyətinin yaxşılaşdırılması onun özünə olan münasibətinə, psixoloji durumuna, işə yanaşmasına və xəstələrə göstərdiyi xidmətin keyfiyyətinə müsbət təsir edə bilər. Buna görə də həkimlərin əməyinin qiymətləndirilməsi və sosial-maddi vəziyyətlərinin yaxşılaşdırılması həm səhiyyə sisteminin, həm də bütövlükdə cəmiyyətin marağındadır", - o yekunlaşdırıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре