Azərbaycan XİN Qazaxstana başsağlığı verib
Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizində keçirdiyi hərbi təlimlər zamanı insanların faciəvi şəkildə həlak olmasından dərin kədər hissi keçiririk.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında qeyd edilib.
"Həlak olan hərbçilərin ailələrinə və yaxınlarına, eləcə də qardaş Qazaxıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.
Allah dünyasını dəyişənlərə rəhmət eləsin, onların ailələrinə bu ağır gündə güc və səbir versin.
Ümid edirik ki, itkin düşənlərin təhlükəsiz şəkildə xilas edilməsi mümkün olacaq və yaralanan hərbçiyə tezliklə şəfa diləyirik",- deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Qazaxıstanın Xəzər dənizində hərbi təlimləri zamanı 9 hərbçi həlak olub.
Qazaxıstanın Müdafiə Nazirliyinin məlumatına görə, Manqistau vilayətində Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı havanın kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində hərbçilər dənizə sürükləniblər.
Ümumilikdə 19 hərbçi dənizə düşüb. Onlardan 9-nun həlak olduğu təsdiqlənib, 3 hərbçi xilas edilib. Xilas edilən hərbçilərdən biri xəstəxanaya yerləşdirilib.
Digər hərbçilərin axtarışları davam etdirilir. Axtarış-xilasetmə əməliyyatına Hərbi-Dəniz Qüvvələrinin, Fövqəladə Hallar Nazirliyinin bölmələri, aviasiya və digər xidmətlər cəlb olunub.
Hadisənin bütün hallarının müəyyənləşdirilməsi və axtarış əməliyyatının əlaqələndirilməsi məqsədilə Qazaxıstan Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə göndərilib. Komissiyaya müdafiə naziri, general-leytenant Dauren Kosanov rəhbərlik edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре