Cinayətkar aləmin “bossların bossu” vəfat etdi
Meksikada Qvadalaxara narkokartelinin qurucularından biri, "Bossların bossu" ləqəbi ilə tanınan Migel Anxel Feliks Qalyardo 80 yaşında vəfat edib.
Day.Az xəbər verir ki, "N+" telekanalının məlumatına görə, o, noyabrın 15-də Xalisko ştatının Qvadalaxara şəhərindəki "Country 2000" xəstəxanasında dünyasını dəyişib.
Feliks Qalyardo noyabrın 13-də Puente-Qrande həbsxanasından təcili olaraq xəstəxanaya yerləşdirilib. Müayinələr zamanı onda genişmiqyaslı ağciyər infeksiyası aşkarlanıb və süni tənəffüs aparatına qoşulub.
Növbəti gün onun vəziyyəti tənəffüs sistemində yaranan ağırlaşmalar səbəbindən pisləşib. Həkimlər hemodializ proseduru həyata keçiriblər. Ölümün səbəbi çoxorqanlı çatışmazlıq olub.
Qeyd edək ki, son illərdə Feliks Qalyardonun səhhəti getdikcə pisləşirdi. 2022-ci ilin sentyabrında 33 il həbsdə qaldıqdan sonra onun ev dustaqlığına buraxılmasına icazə verilsə də, Meksika Baş Prokurorluğu məhkəmənin bu qərarından şikayət verib.
1980-ci illərdə Feliks Qalyardo Rafael Karo Kintero və Ernesto Fonseka Karrilyo ilə birlikdə Qvadalaxara narkokartelinə rəhbərlik edib. Kartel Meksikadan ABŞ-yə narkotik maddələrin daşınması ilə məşğul olub.
ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) agenti Enrike Kamarena qətlə yetirildikdən sonra Feliks Qalyardo beynəlxalq axtarışa verilib. 1989-cu ildə Meksika hüquq-mühafizə orqanları onu həbs edib.
Kamarena cinayətinə görə məhkəmə onu 37 il müddətinə azadlıqdan məhrum edib. Digər cinayət işi üzrə isə qanunsuz silah saxlama, rüşvətxorluq və narkotiklərlə əlaqəli cinayətlərə görə daha 40 il həbs cəzası alıb.
Onun həbsindən sonra Qvadalaxara narkokarteli parçalanıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре