İran SEPAH-ı əməliyyatın adını “Doğru Vəd 2” adlandırıb

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailə qarşı keçirdiyi əməliyyatı "Doğru Vəd 2" adlandırıb.

Day.Az-ın məlumatına görə, bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusu 2-ci bəyanatını yayımlayıb.

Bəyanatda qeyd olunur ki, iranlı mütəxəssislər tərəfindən istehsal olunan raketlərlə İsraildə strateji mərkəzlər atəşə tutulub.

Strateji mərkəzlər çoxsaylı və ən müasir havadan müdafiə sistemləri ilə mühafizə olunsalar da, atılan raketlərin 90%-i uğurla hədəflərə dəyib.

Bəyanata əsasən, bu əməliyyat beynəlxalq qanunlara əsasən qanuni müdafiə haqqı çərçivəsində həyata keçirilib və qarşı tərəfin istənilən hərəkəti peşmanedici cavabla üzləşəcək.

Qeyd edək ki, bu gün İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailə onlarla ballistik raket atdığını elan edib.