Yeni təhsil proqramı elə olmalıdır ki...

Xəbər verdiyimiz kimi, növbəti ildən etibarən təhsil müəssisələrində bir sıra yeni ixtisaslar təklif olunacaq.

Day.Az, Milli.Az-a istinadən bildirir ki, bu barədə Elm və Təhsil Nazirinin müavini İdris İsayev açıqlama verib. O, yeni ixtisaslar üzrə təhsil proqramlarının hazırlanmasının vacibliyini vurğulayıb və bu proqramlarda müasir qiymətləndirmə alətlərindən, həmçinin təcrübə və tədqiqatlara əsaslanan təhsil texnologiyalarından istifadə olunmasının zəruri olduğunu qeyd edib. İsayev həmçinin təhsil və əmək bazarı arasında daha sıx əməkdaşlığın vacibliyini bildirib və bu prosesin təkcə təhsil müəssisələrindən deyil, həm də işəgötürənlərdən asılı olduğunu bildirib.

"Əmək bazarının bu dəyişikliklərə hazır olması vacibdir və işəgötürənlər də bu proseslərə yaxından cəlb olunmalıdırlar," - deyə o əlavə edib.

İdris İsayev həmçinin, gənclərin karyera planlaması mövzusunda hazır olmalarını vurğulayıb: "Gənclər əvvəlcə məqsədlərini müəyyən etməli və bilik və bacarıqlarını düzgün qiymətləndirməlidirlər. Əgər bu qiymətləndirmə düzgün aparılmasa, arzular ilə reallıq arasında uyğunsuzluq yaranacaq və nəticədə əmək bazarına daxil olmaqda çətinliklər meydana gələ bilər. Gənclər qorxmadan əmək bazarına daxil olmalı, bu həm onların şəxsi inkişafı, həm də ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir."