Mingəçevirdə iki qayıq toqquşdu

05.07.2025-ci il tarixində saat 16:00 radələrində Kür çayında baş verən 2 qayığın toqquşması nəticəsində 2-si azyaşlı olmaqla 6 nəfər (5-i kişi, 1-i qadın cinsli olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Day.Az-a verilən məlumata görə, onlardan 1983-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bud boyununun sınığı diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilən pasiyentin vəziyyəti stabildir olaraq qiymətləndirilir.

Digər 5 nəfər şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

XXX

17:06

Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində iki ədəd mühərrikli qayıq toqquşub.

Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq Fövqəlaadə Hallar Nazirliyindən bildirilib.

"FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.

Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır", - qurumdan qeyd edilib.