Kriştianu Ronaldunun komandası maliyyə böhranı ilə üz-üzədir
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol klubu yeni mövsüm ərəfəsində maliyyə çətinlikləri ilə üzləşib.
Day.Az İdman.Biz xəbər verir ki, "Riyadiyah" nəşrinin məlumatına əsasən, klubda yaranan likvidlik problemi bir sıra inzibati və idman məsələlərinin təxirə salınmasına səbəb olub.
Əsas komandanın bir neçə futbolçusuna iyun ayı üçün nəzərdə tutulan maaşın yalnız bir hissəsi ödənilib. Rəhbərlik qalan məbləğin təmin olunması və futbolçulara verilməsi istiqamətində çalışır.
Maliyyə çatışmazlığı klubun transfer fəaliyyətinə də təsir göstərib. "Əl-Nəsr" müqaviləsi başa çatan Marselo Brozoviçi əvəzləmək üçün xarici yarımmüdafiəçi axtarsa da, namizədlərdən heç biri ilə rəsmi danışıqlara başlamayıb. Transfer məsələsi maliyyə vəziyyəti aydınlaşana qədər dayandırılıb.
Yeni baş məşqçi Ange Postekoqlunun rəhbərlik etdiyi komanda növbəti mövsümdə Səudiyyə Ərəbistanı Pro Liqası, Kral Kuboku, ölkə Superkuboku və AFC Çempionlar Liqasının Elit turnirində mübarizə aparacaq. Avstraliyalı mütəxəssis "Əl-Nəsr"lə ikiillik müqavilə imzalayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре