Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - FOTO
İyulun 14-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.
Əvvəlcə xatırladılıb ki, ötən məhkəmə iclasında təqsirləndirilən Bako Sahakyan müdafiə çıxışına başlayıb, lakin məhkəmədə fasilə elan olunduğundan o, çıxışını bu gün davam etdirəcək.
Ardınca Bako Sahakyan çıxışına davam edərək öz arqumentlərini səsləndirib, elan olunmuş ittihamlarla razılaşmadığını bildirib və birinci instansiya məhkəməsinin qərarının ləğvini xahiş edib.
Sonra təqsirləndirilən David Manukyanın müdafiəçiləri çıxış ediblər. Müdafiəçilər David Manukyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş ediblər.
Bundan sonra David Manukyan çıxış edib. O, hər iki vəkilinə təşəkkürünü bildirərək müdafiəsinə dair arqumentlərini səsləndirib.
Məhkəmənin növbəti iclası iyulun 17-də keçiriləcək.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре