https://news.day.az/azerinews/1858590.html Gənclərin səsləri iqlim öhdəliklərinin icrasının mərkəzində olmalıdır - Yalçın Rəfiyev Gənclərin səsləri yalnız iqlim müzakirələrində deyil, iqlim öhdəliklərinin icrasının mərkəzində olmalıdır.

Gənclərin səsləri iqlim öhdəliklərinin icrasının mərkəzində olmalıdır - Yalçın Rəfiyev

Azərbaycanca, 8 сентября 2026 15:42 (UTC +04:00) 90
Gənclərin səsləri iqlim öhdəliklərinin icrasının mərkəzində olmalıdır

Gənclərin səsləri yalnız iqlim müzakirələrində deyil, iqlim öhdəliklərinin icrasının mərkəzində olmalıdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakıda keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "Gənclərin Liderliyində İqlim Forumu: Dəyirmi Masa I - Öhdəliklərdən Tətbiqə: COP31-ə Gedən Yolda" adlı dəyirmi masada deyib.

O bildirib ki, Azərbaycan gəncləri milli gündəliyində hər zaman prioritet hesab edib.

"Gənclər hər bir ölkənin gələcəyidir və tərəqqinin hərəkətverici qüvvəsidir. Onlar cəmiyyətə bilik, innovasiya və yaradıcı enerji gətirirlər. Eyni zamanda, gənclər və uşaqlar iqlim dəyişikliyinə ən az töhfə verən qruplardan olsalar da, onun təsirlərindən ən çox zərər çəkənlər arasındadırlar", - deyə Y.Rəfiyev qeyd edib.

Nazir müavininin sözlərinə görə, gənclər bu gün qəbul edilən qərarların yalnız nəticələrini yaşayan tərəf deyil, həm də həllərin formalaşdırılmasında iştirak edən, innovasiyalara təkan verən və daha yüksək ambisiya tələb edən qüvvədir.

O vurğulayıb ki, gənclərin bilik və bacarıqlarla, eləcə də qərarların qəbulunda iştirak üçün real imkanlarla təmin edilməsi dayanıqlı və aşağı karbonlu gələcəyin qurulması üçün vacibdir.

"Azərbaycan COP29 sədrliyi dövründə uşaqları və gəncləri qlobal iqlim gündəliyinin əsas istiqamətlərindən birinə çevirdi. Gənclər üzrə İqlim Çempionumuz beynəlxalq platformalarda gənclərin və uşaqların səslərinin, baxışlarının eşidilməsini təmin etmək üçün bütün imkanlardan istifadə etdi", - deyə Y.Rəfiyev bildirib.

O qeyd edib ki, Azərbaycan COP sədrliyini ötən il Türkiyəyə təhvil versə də, qlobal iqlim diplomatiyasında fəal rolunu davam etdirir.

"Bakıdan Belema 1,5°C Missiyası" çərçivəsində COP Troikasının üzvü kimi Azərbaycan braziliyalı, türkiyəli və avstraliyalı həmkarları ilə birlikdə COP31 üçün hesabat üzərində işləyir.

Y.Rəfiyev bildirib ki, bu proses çərçivəsində gənclərlə də əməkdaşlıq edilir və onların təqdim etdiyi təkliflər qəbul olunur.

"Bu il UNFCCC İqlim Həftəsini Bakı İqlim Fəaliyyəti Həftəsi ilə yanaşı keçirməklə Azərbaycan gəncləri iqlim müzakirələrinin önündə saxlamaq üçün daha bir imkan əldə edib. Bugünkü Forum və həftə ərzində keçirilən digər gənclərə yönəlmiş tədbirlər bu dinamikanı qorumaq və daha önəmlisi, iqlim öhdəliklərini konkret nəticələrə çevirmək əzmimizi nümayiş etdirir", - deyə nazir müavini əlavə edib.

Y.Rəfiyev iqlim diplomatiyası ilə məşğul olan tərəfdaşları uşaqları, gəncləri və gələcək nəsilləri iqlim gündəliyinin mərkəzində saxlamağa çağırıb.

"COP31-ə doğru irəlilədikcə sizin səslərinizə yalnız müzakirələrdə deyil, icranın mərkəzində ehtiyacımız var. Bu baxımdan, COP31-in gələcək sədrliyi çərçivəsində Türkiyə və Avstraliyanın nümayiş etdirdiyi güclü gənclər iştirakı ümidvericidir", - deyə o bildirib.

Nazir müavini COP31-in Gənclər üzrə İqlim Çempionu Sally Higgins-ə fəaliyyətində uğurlar arzulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости