Azərbaycan iyul ayında Türkiyənin ən böyük qaz təchizatçısı olub
Azərbaycan 2026-cı ilin iyul ayında Türkiyənin ən böyük təbii qaz təchizatçısı olub.
Day.Az xəbər verir ki, Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi Qurumunun (EPDK) məlumatına görə, iyul ayında Azərbaycan Türkiyəyə 1,001 milyard kubmetr təbii qaz ixrac edib. Bu, 2025-ci ilin eyni ayında ixrac edilmiş 1,004 milyard kubmetrlə müqayisədə 0,29 faiz azdır.
Türkiyənin ikinci ən böyük qaz təchizatçısı Rusiya olub. Belə ki, Rusiyadan qaz ixracı illik ifadədə 46,57 faiz azalaraq 1,775 milyard kubmetrdən 948,49 milyon kubmetrədək geriləyib. İran isə 919,33 milyon kubmetr qaz tədarük etməklə üçüncü yeri tutub. Bu göstərici ötən ilin iyul ayında qeydə alınmış 854,28 milyon kubmetrlə müqayisədə 7,61 faiz çoxdur.
"Türkiyənin iyul ayında ümumi təbii qaz idxalı illik ifadədə 21,72 faiz azalaraq ötən ilin eyni ayındakı təxminən 3,913 milyard kubmetrdən 3,063 milyard kubmetrədək geriləyib. Boru kəmərləri ilə təbii qaz idxalı 21,04 faiz azalaraq 2,869 milyard kubmetr, mayeləşdirilmiş təbii qaz (LNG) idxalı isə 30,48 faiz azalaraq 194,05 milyon kubmetr təşkil edib",-deyə hesabatda bildirilir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında Azərbaycandan 14,428 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. İxracın dəyəri 4 milyard 882 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə təbii qaz ixracının dəyəri 386,7 milyon ABŞ dolları və ya 7,3 faiz azalıb, həcmi isə 18,019 milyon ton və ya 0,1 faiz artıb.
İstismarının başlanmasından etibarən 2026-cı il iyunun 30-dək Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə ümumilikdə 99,6 milyard kubmetr Azərbaycan qazı nəql edilib. Bunun 39,6 milyard kubmetri Türkiyəyə tədarük olunub.
Daha əvvəl Azərbaycan Türkiyə ilə "Abşeron" yatağından təbii qaz tədarükünə dair uzunmüddətli saziş imzalayıb. Sənəd Bakıda SOCAR, "TotalEnergies", XRG və Türkiyənin dövlət boru kəməri operatoru BOTAŞ şirkətləri tərəfindən imzalanıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре