Azərbaycan güləşçiləri Ermənistana gedəcək
Azərbaycan güləşçiləri Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Day.Az Prosport.Az-a istinadən xəbər verir ki, 25 noyabr - 1 dekabr tarixlərində qonşu ölkədə deflimpiyaçılar arasında güləş üzrə Avropa çempionatı keçiriləcək.
Azərbaycan Milli Deflimpiya Komitəsi Avropa Karlar İdman Təşkilatının (EDSO) üzvü olduğundan, idmançılarımız bu yarışda iştirak edə biləcək. Böyüklər, gənclər və yeniyetmələr arasında baş tutacaq yarış eşitmə qüsurlu güləşçilər arasında keçiriləcək.
Avropa çempionatı böyüklər arasında 8-ci, yeniyetmə və gənclər arasında 5-ci, qadınlar arasında isə ilk qitə birinciliyi olacaq. Yarışın məkanı kimi fərqli mənbələrdə Ermənistanın paytaxtı Yerevan (İrəvan), 3-cü böyük şəhəri Vanadzor (Böyük Qarakilsə) və ya kurort dağ şəhərciyi Tsaxkadzor (Dərəçiçək) göstərilib.
Azərbaycanın bu yarışda iştirakı ölkə rəhbərliyi səviyyəsində razılaşdırılıb. Daha öncə 27 iyul - 2 avqust tarixlərində 17 yaşadək güləşçilərin (U-17) Bakıda keçirilən dünya çempionatında Ermənistanın 16 idmançısı (6 sərbəst, 10 yunan-Roma güləşçisi) iştirak etmişdi. Yunan-Roma güləşçilərindən Canes Nəzəryan (71 kq) qızıl, Ararat Avetisyan (48 kq) və Qevorq Harutyunyan (51 kq) Bakı xalçasında bürünc medal qazanmışdı.
Qeyd edək ki, Milli Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri ötən ayın 19-da səhiyyə naziri təyin olunmuş Anar Bayramovdur. Komitənin prezidenti funksiyasını isə Əli Qurbanlı icra edir.
Xatırladaq ki, EDSO 11-12 noyabr tarixlərində Bakıda cüdo üzrə Avropa çempionatı da təşkil edib. Burada Avropanın 12 ölkəsindən 77 cüdoçu tatami üzərinə çıxıb.
Sonda onu da bildirək ki, ölkələr arasında münasibətlərin düzəlməsi səbəbindən Azərbaycanın karate üzrə yeniyetmə, gənclər və U-21-lərdən ibarət komandasının 5-7 fevralda İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı da gözlənilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре