Azərbaycan nəhəng atmosfer bloklanmasının təsirinə düşür: Hava kəskin dəyişəcək
Dekabrın ilk ongünlüyündə ölkə ərazisində nadir meteoroloji hadisə - atmosfer bloklanması müşahidə olunacaq. Cəmi 25 gün fasilə ilə təkrarlanan bu proses eyni mənbədən gələn hava kütləsinin ən azı 5 gün sabit qalaraq digər axınların qarşısını alması ilə xarakterizə olunur.
Day.Az xəbər verir ki, Cənubi Ural və Qərbi Sibir zonasında formalaşan nəhəng yüksək təzyiq sahəsi (soyuq axın) Qazaxıstan və Türkmənistan üzərindən Xəzər dənizini keçərək noyabrın 29-da Azərbaycana daxil olacaq.
Soyuq hava kütləsi nisbətən isti olan Xəzər dənizi ilə toqquşduqda dəniz "radiator" rolunu oynayaraq Sibir şaxtasını yumşaldacaq və bol su buxarı yaradacaq. Nəticədə dağlıq ərazilər istisna olmaqla temperatur mənfiyə düşməsə də, uzunmüddətli buludlu, küləkli və yağıntılı hava şəraiti formalaşacaq.
Ölkədə anomal istilər başa çatır. Noyabrın 29-da cənub rayonlarından başlayan yağışlar axşama doğru digər ərazilərə yayılacaq və yeni həftə ərzində fasilələrlə davam edəcək, dağlara isə sulu qar və qar yağacaq. Temperatur tədricən 5-10°C enəcək, aran rayonlarında gündüz +8+10°C olacaq.
Yeni həftə buludlu, küləkli və fasilələrlə yağışlı keçəcək, həftənin əvvəlində şimal küləkləri güclənəcək. Gündüz temperatur +10°C təşkil etsə də, güclü külək səbəbindən +3+6°C kimi hiss ediləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре