Prezident İlham Əliyev - Zəfər və qəhrəmanlıq simvolu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarix yazan və qalib liderlərdəndir. Eyni zamanda, İlham Əliyevin spesifik cəhətlərindən biri də Onun patriotluq və quruculuq məharətidir.
Cənab İlham Əliyevin siyasi xəttinə, fəaliyyətinə nəzər saldıqda liderlik potensialının, edə biləcəklərinin sərhədlərini müəyyən etmək, təsəvvürə gətirmək mümkün deyil.
Prezident İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı, zəfər qazanmış lider obrazını da Özündə birləşdirir. Bu isə İlham Əliyevin potensialının daha bir hüdudsuzluğunun göstəricisidir. Məhz buna görə də O, ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti Öz üzərinə götürür və məqsədinə çatır.
İlham Əliyev Prezident və siyasi Lider olaraq, dövlətin məsuliyyətini daşımaqla yanaşı, beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir.
Müasir dünyanın nüfuzlu siyasi liderlərindən biri olan Azərbaycan Prezidenti dəfələrlə milli maraqlar məsələsində güzəştsiz mövqedə olduğunu sübut edib. Bu da Onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindəndir.
İlham Əliyevi başqalarından fərqləndirən bir çox üstün keyfiyyətləri var. Siyasətdə sistemlidir, səbrlidir, soyuqqanlıdır, təmkinlidir və dəqiqdir. Onun nəyi nə zaman edəcəyini, sadəcə, Özü bilir. Zəfərlə başa çatan Vətən müharibəsində də bir daha sübut etdi ki, hər şeyi doğru zamanda, doğru edir.
Qeyd etdiyimiz kimi, İlham Əliyev milli məsələlərdə güzəştə getməyən Liderdir. O, hakimiyyətə gələndən böyük zəfər gününə qədər, 17 il ərzində usanmadan, heç bir güzəştə getmədən Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı.
İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini yerinə yetirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.
Azərbaycan Prezidenti müharibəyə kimi ən geniş beynəlxalq arenalarda, ən yüksək kürsülərdən dəfələrlə bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Azərbaycan bu məsələdə heç bir güzəştə getməyəcək. Prezidentin 18 sentyabr 2006-cı ildə Antalyada keçirilən Türkdilli Dövlətlərin və Topluluqların 10-cu Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında qətiyyətlə dediyi "Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz" fikri Onun Dağlıq Qarabağ məsələsində nə qədər prinsipial, güzəştsiz olduğunun göstəricisidir. Bu prinsipiallığı Onun yalnız Ermənistana, hörümçək toru kimi dünyaya yayılmış erməni lobbisinə qarşı yox, həm də ikili standartlara, düşmənə himayədarlıq edən supergüclərə, dövlətlərə qarşı qətiyyətli mübarizəsi idi. Ona görə də 2016-cı ildə "Rossiya seqodnya" BİA-nın direktoru Dmitri Kiselyova müsahibəsində qətiyyətlə bildirirdi: "Biz heç bir zaman Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacağıq və erməni tərəfi də bunu əla bilir. Amma ağıllı kompromis mümkündür, Dağlıq Qarabağda əhalinin təhlükəsizliyinin, həyat fəaliyyətinin, özünüidarəsinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi. Dağlıq Qarabağın hüdudlarından kənardakı ərazilərin azad olunması şərti ilə iki xalq arasında qarşılıqlı yolla sülh, bax, biz münaqişənin həllini belə görürük. Bunlar hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə uzlaşır. Dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü ətrafında kompromis ola bilməz".
Bu, İlham Əliyevin yenilməyən qətiyyəti idi. Buna görə də Onun 3 oktyabr 2019-cu ildə Soçidəki "Valday" forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dediyi fikir dillər əzbəri oldu: "Mən Ermənistan baş nazirinin, təəccüb doğuran "Qarabağ Ermənistandır və nöqtə" bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".
İlham Əliyev var gücüylə məsələnin qansız, müharibəsiz həllinə çalışır, amma hər zaman müharibə yolunun da istisna olmadığını vurğulayırdı. O, tam əminliklə bildirirdi ki, istənilən yolla Azərbaycanın suverenliyi, ərazi bütövlüyü bərpa ediləcək. Dedi və etdi!
Dağlıq Qarabağ məsələsinə ikili standart tətbiq edən ölkələri açıq dillə, kəskin tənqid edən İlham Əliyev 15 noyabr 2003-cü ildə Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi Per Qartonu qəbul edərkən, "ATƏT-in Minsk qrupu uzun illərdir ki, bu məsələ ilə məşğul olur, amma əfsuslar olsun ki, heç bir nəticə əldə edilməmişdir. Hesab edirəm ki, bu münaqişənin həll olunması üçün ilk növbədə ikili standartlar siyasətinə son qoyulmalıdır, işğalçı dövlətdən işğal etdiyi torpaqlardan geri çəkilməsi tələb olunmalıdır", - deyə bildirirdi.
Azərbaycan Prezidenti 2004-cü ildə BMT Baş Məclisinin 59-cu sessiyasında Qarabağ məsələsi ilə bağlı mövqeyini, qətiyyətini açıq şəkildə ortaya qoydu: "Beynəlxalq qurumun bir çox hallarda problemə qeyri-konstruktiv münasibəti münaqişənin aradan qaldırılmasına, sülhün əldə olunmasına deyil, əksinə Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları irəli sürməsinə, ümumilikdə regionda vəziyyətin daha da gərginləşməsinə zəmin yaradır. Belə ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunduğu gündən etibarən dünya birliyi ölkələrini Ermənistanın yeritdiyi işğalçılıq, soyqırımı və etnik təmizləmə siyasətinin qarşısını almağa, dövlətimizin beynəlxalq hüquq normalarına əsasən, təsbit olunmuş hüquqlarının, məcburən daimi yaşayış yerlərini tərk etmiş vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində konstruktiv mövqe tutmağa çağırsa da, beynəlxalq qurumların fəaliyyətsizliyi üzündən heç bir nəticə alınmamışdır".
Bütün diplomatik danışıqlarda İlham Əliyev dəfələrlə vurğulayırdı ki, əgər sülh danışıqları nəticə verməzsə, lazım gələrsə Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək. Bu səbəbdən də Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasına yüksəldi.
Təmkin, qətiyyət, zəka...
Bunun nəticəsidir ki, 27 sentyabr 2020-ci il Azərbaycan, region, hətta dünya üçün yeni tarixə çevrildi. Ermənistan növbəti dəfə təxribat törədərək yeni torpaqlar işğal etmək üçün Azərbaycana hücum etdi. Elə həmin gün Prezident İlham Əliyevin Sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi və dövlət başçısı iclasda qətiyyətlə dedi: "Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir. Səhər tezdən məlumatı alan kimi, Mən Müdafiə naziri, digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır".
Bundan sonra Prezidentin bir çağırışı ilə Azərbaycan xalqı Ali Baş Komandanla həmrəylik, birlik, inam, etibar, yüksək vətənpərvərlik, əzmkarlıq nümayiş etdirərək bir nəfər kimi dövlət başçısının yanında olduğunu göstərdi. Əli silah tutan hər kəs ordu sıralarına yazılmaq üçün növbəyə durdu. Bu, yeni şanlı tarixin başlanğıcı, İlham Əliyevin uğurlu siyasətinin nəticəsi və böyük Liderin qələbəsi idi. Bu siyasətin, bu birliyin nəticəsində yenilməz Azərbaycan Ordusu 44 gün ərzində işğal olunmuş torpaqları azad, düşməni isə darmadağın etdi. Dövlət-xalq-ordu birliyi, İlham Əliyev siyasəti, xalqın Liderinə olan inamı, Azərbaycan əsgərinin yüksək peşəkarlığı qarşısında Ermənistan kapitulyasiyaya məcbur oldu.
Prezident İlham Əliyev Azərbaycanın haqlı mövqeyini bütün dünyaya faktlarla çatdırdı
Bəzi ölkələr və onların media quruluşları tərəfindən Azərbaycana qarşı qərəzli informasiya müharibəsi başladıldı. Məkrli ermənipərəst jurnalistlərin Prezidentə verdiyi təxribat xarakterli suallar, əslində, onların təmsil etdikləri dövlətlərdəki ermənipərəst dairələrin mövqeyi idi. Hər tərəfdən Azərbaycana, onun Liderinə hücumlar edilirdi. İlham Əliyev isə öz növbəsində, verdiyi təmkinli, soyuqqanlı cavablarla onları susdurur, hücumları dəf edir, Azərbaycanın bu mübarizədə haqlı olduğunu bir daha bütün dünyaya faktlarla sübut edirdi.
Məsələn, oktyabrın 28-də Almaniyanın "ARD" televiziya kanalının jurnalistinin suallarına cavabında İlham Əliyev onlara ədalət dərsi verdi. Jurnalistin "Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?" sualına cavabında Prezident bildirdi: "Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik".
Yaxud 25 oktyabrda ABŞ-ın "Fox News" televiziya kanalından jurnalist qərəziylə verilən "...Bir çox məlumatlara görə, sentyabrın 27-də - müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz?" sualına cavabda Azərbaycan Prezidentinin siyasi Lider kimi nə qədər hazırlıqlı və soyuqqanlı, amma sərrast cavabının şahidi olduq: "Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb. Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər. Sentyabrın 27-də onlar ağır silahlardan artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında bizdə mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüşdür və demək olar ki, 300 nəfər mülki şəxs yaralanmışdır. Beləliklə, bu hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız çox adekvat olmuşdur və nəticədə biz işğal olunmuş ərazilərin mühüm hissəsini azad edə bildik".
Beləliklə siyasi arenada, döyüş meydanında olduğu kimi, İlham Əliyev informasiya cəbhəsində də rəqibləri, Azərbaycanın haqq işinə qərəzli yanaşanları dərhal və faktlarla susdururdu.
Prezident müsahibələrində birbaşa dövlətlərin adını çəkərək cəsarətlə onların Dağlıq Qarabağ münaqişəsinə qərəzli, ikili standartlarla yanaşmasını sərt üslubda tənqid edirdi. Azərbaycan Prezidenti oktyabrın 4-də "Əl-Ərəbiyə" televiziya kanalına müsahibəsində Fransanın qərəzli mövqeyinə qarşı sərt münasibət bildirərək dedi: "Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ Respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar".
Ali Baş Komandan Azərbaycan üçün yeni bir tarix yazılan bu dönəmdə o qədər uzaqgörən və çevik siyasət yürüdürdü ki, kimsə, heç bir güc Azərbaycanı sübutlarla, faktlarla beynəlxalq hüququ pozmaqda, ədalətsizlikdə ittiham edə bilməzdi.
Liderə sonsuz inam, sevgi və xalq-Lider birliyi
Müharibə ərzində İlham Əliyevin hər bir çıxışı xalqın əzmkarlığını, mübarizə ruhunu yüksəldirdi. Prezidentin çıxışları uşaqdan böyüyə dillər əzbərinə çevrildi. Hər kəs Prezidentin verəcəyi qələbə mesajlarını səbirsizliklə gözləyirdi. Bu Lider-Xalq birliyinin, inamın, sevginin yüksək göstəricisi idi. Artıq Prezidentin çıxışlarında göstərdiyi yumruq qələbənin, dövlət-xalq-ordu həmrəyliyinin simvoluna çevrilmişdi.
Nəhayət, 44 gün sonra noyabrın 10-da Qarabağda hərbi əməliyyatların dayandırılması və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalandı. Bu, düşmənin kapitulyasiyası, məğlub tərəfin yalvarışı, aman diləməsi, Azərbaycanın və onun Liderinin isə qəti qələbəsi idi.
Dekabrın 10-da "Dəmir yumruq" - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradı dosta qürur, düşmənə göz dağı oldu. Özəlliklə müharibəboyu əsl dostluq, qardaşlıq nümayiş etdirərək, hər kəsə qarşı bizi qətiyyətlə, səmimiyyətlə müdafiə edən, Azərbaycanın yanında olduğunu bildirən, ölkəmizin haqqının müdafiəsində kimsəyə güzəştə getməyəcəyini bəyan edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu Zəfər paradında İlham Əliyevlə birlikdə olması bütün dünyaya xüsusi mesaj oldu. Danılmaz faktdır ki, iki dövlət arasındakı bu tarixi yaxınlaşmada, səmimiyyətdə də məhz İlham Əliyev siyasətinin, liderliyinin böyük rolu var.
Beləliklə, İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük Sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, İlham Əliyev Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi!
Rufiz Qonaqov
Azərbaycan Respublikasının
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре