"Kubinka"da metro stansiya nə vaxt açılacaq?

"Hazırda bənövşəyi xətt üzrə əsas diqqət Xocahəsən elektrik deposu və onun tərkibində olacaq "Bakmil" tipli yerüstü stansiyasına yönəlib. Bu istiqamətdə işlər davam edir. "Bənövşəyi xətt"in 4-cü stansiyası (B-4) Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında isə inşaatın ilkin hazırlıq işləri aparılır".

Bu sözləri BAKU.WS-ə açıqlaması zamanı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

O əlavə edib ki, xəttin beşinci stansiyası (B-5) üzrə yer bəllidir və o istiqamətdə işlər B-4-də işlər qurtardıqdan sonra başlayacaq: "B-5 stansiyası Xarici İşlər Nazirliyinin binasının arxa tərəfində yerləşəcək".

Bəxtiyar Məmmədov həmçinin deyib ki, Xocahəsən elektrik deposunun 3 mərhələdən ibarət inşaası planlaşdırılır: "Hazırda mövcud olan stansiya və xətlərin istifadəsi üçün birinci mərhələ nəzərdə tutulub. Xətt gələcəkdə inkişaf etdikcə, yeni stansiyalar inşa olunduqca, ikinci və üçüncü mərhələ icra olunacaq.

Hazırda birinci mərhələ üzrə işlər sürətlə davam edir. Bəzi sahələrdə tamamlanma işləri gedir. Stansiyanın inşaası birinci mərhələnin davamı olaraq aparılacaq. Metro stansiyanın inşaası 2022-ci ilin sonuna qədər yekunlaşacaq".