Azərbaycanda dövlət-din münasibətləri dünya üçün nümunə sayılır

Bu gün Azərbaycanda dövlət-din münasibətləri dünya üçün bir nümunə sayılır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra xüsusi önəm verdiyi sahələrdən biri də dövlət-din münasibətləri oldu. Azərbaycanın dövlət-din modeli milli həmrəylik baxımından böyük əhəmiyyətə malikdir. Ulu öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən hər zaman ölkəmizdə dini etiqad və vicdan azadlığının təmin edilməsi, o cümlədən dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun tənzimlənməsi istiqamətində mühüm addımlar atılıb.

"Həmçinin, dini, mənəvi, əxlaqi, etik, multikultural dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2003-cü ildən bu günə qədər Azərbaycanda dini dəyərlərimizə böyük diqqət və qayğı davam etdirilib, ölkəmizdə məscidlərin, dini ibadətgahların və ziyarətgahların bərpası və yenidən qurulması istiqamətində mühüm işlər görülüb.

Bütün dinlərə aid olan dini ibadətgahların yenidən qurulması, əsaslı təmiri, yenilərinin tikintisi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan tolerant bir ölkə üçün dünyaya bir nümunədir. Ölkəmizdə müxtəlif dinlərə mənsul olan millətlər mehriban şəraitdə yaşayır və Azərbaycan vətəndaşları kimi dövlətin bütün diqqət və qayğılarından bəhrələnirlər.

44 günlük Vətən müharibəsində bir daha gördük ki, dilindən, dinindən asılı olmayarq ölkəmizdə yaşayan hər bir millət üçün Azərbaycan doğma vətəndir.

Azərbaycan hüquqi, dünyəvi dövlətdir, vətəndaşların inanclarına hörmətlə yanaşılır. Ölkəmizdə vicdan, etiqad azadlığına təminat verilir, hər bir vətəndaşın öz dini ehtiyaclarını ödəməsi üçün şərait yaradılır. Vətəndaşlar da dövlətin yaratdığı şəraiti yüksək qiymətləndirməli, milli dəyərlərimizi uca tutmalıdırlar", - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Sevinc Hüseynova isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanın dövlət-din modeli zəngin tariximizə, eləcə də tolerant ənənələrimizə əsaslanır.

"Bu model bu gün ölkəmizdə sabitliyin, tolerantlığın, dinamik inkişafın başlıca qarantıdır desək, yanılmarıq. Bu gün Azərbaycan dünyada müxtəlif dinlərin mədəni irsinin qorunub saxlanıldığı məkanlardan biri kimi tanınır. Təsadüfi deyil ki, Azərbaycan dini tolerantlığın ən uğurlu modelini yaratmış, ərazisində fərqli mədəniyyət və sivilizasiyaların harmoniyasına nail olub. Hazırda ölkədə dövlət-din münasibətləri ən yüksək səviyyədə tənzimlənməkdədir. Ölkəmizdəki dini dözümlülük, bütövlükdə tolerantlıq mühiti və mədəniyyəti Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq daha da möhkəmlənərək dövlət siyasətinin əsas istiqamətinə çevrilib.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın - Azərbaycançılığın təşəkkül və inkişafında müstəsna rol oynayıb. Məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasət nəticəsində dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə etiqad azadlığı üçün şərait yaradıldı, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilməyə başlanıldı. Müstəqil dövlətin ilk milli Konstitusiyasında dini etiqad azadlığı, vicdan azadlığı tam şəkildə təmin edildi, dünyəvilik prinsipi dövlət-din modelinin əsası kimi müəyyənləşdi", - deyə o bildirib.

Deputat əlavə edib ki, Azərbaycanın təməl prinsiplərini Ulu Öndərin ideyaları təşkil edən bugünkü nümunəvi dövlət-din, tolerantlıq modeli öz bəhrəsini verir. Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, bu nümunə dünya ölkələri tərəfindən nümunəvi model kimi qəbul olunur.